Baş nazir Artur Rasizadə Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşmüşdür

 

Sentyabrın 8-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə ölkələrimiz arasında əlaqələrin möhkəm dostluq prinsipləri əsasında qurulmasından məmnunluğunu bildirərək qeyd etmişdir ki, Niderland Senatı sədrinin ölkəmizə səfəri ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edəcəkdir. Baş nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu söyləmişdir.

Niderland Krallığı Senatının sədri Rene Van der Linden isə Azərbaycana növbəti dəfə səfərindən şərəf duyduğunu bildirmişdir. Ölkələrimiz arasında parlament diplomatiyasına böyük önəm verdiyini deyən qonaq səfərinin əsas məqsədinin parlamentlərarası əlaqələri möhkəmləndirmək olduğunu söyləmişdir. Rene Van der Linden ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.

Görüşdə sel sularının idarə olunmasında Niderlandın qabaqcıl təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, Azərbaycan ilə Niderland Krallığı arasında bir sıra sahələrin, o cümlədən ticari-iqtisadi əlaqələrin hazırkı durumu, habelə, fermer təsərrüfatının inkişafında Niderlandın təcrübəsinin öyrənilməsi, təhsil sahəsində əlaqələr, ölkələrimiz arasında tələbə mübadiləsi ilə bağlı məsələlərə toxunulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-9 sentyabr.- S. 2.