Moskvada vokalçıların Müslüm Maqomayev adına birinci Beynəlxalq müsabiqəsinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir

 

İTAR-TASS agentliyində vokalçıların bu il oktyabrın 23-də və 24-də keçiriləcək Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsinə həsr edilmiş mətbuat konfransı olmuşdur. Tədbirdə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, müsabiqənin münsiflər heyətinin sədri, SSRİ xalq artisti Tamara Sinyavskaya, görkəmli müğənni və musiqiçi Müslüm Maqomayevin yaxın dostu, "Krokus interneyşnl" şirkətlər qrupunun prezidenti, Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, eləcə də münsiflər heyətinin üzvləri - RF xalq artisti Tamara Qverdsiteli və bəstəkar, RF xalq artisti Aleksey Rıbnikov iştirak etmişdir.

İTAR-TASS agentliyi baş direktorunun birinci müavini, böyük musiqiçinin yaxın dostu həmyerlimiz Mixail Qusman mətbuat konfransını açaraq vokalçıların qarşıdakı birinci Beynəlxalq müsabiqəsinin əhəmiyyəti barədə söhbət açmış, qeyd etmişdir ki, bu müsabiqə oktyabrın 25-də Müslüm Maqomayevin ad gününə layiqli hədiyyə olacaqdır. Onun sözlərinə görə, bu müsabiqə mədəniyyətdə nadir hadisə kimi yaddaşlarda qalmış müğənni, musiqiçiaktyor Müslüm Maqomayevin parlaq istedadına ümumxalq sevgisinin təsdiqi və onun xatirəsinə ehtiram əlaməti olacaqdır. M.Qusman demişdir: "Müslüm Maqomayevin səsi, onun mahnıları, musiqi irsi bizim çox dəyərli ümumi sərvətimizdir. Bununla bərabər, onun xatirəsinə ehtiram göstərilməsi üçün müəyyən addımlar atılmalı, konkret işlər görülməlidir. Bu baxımdan, Araz Ağalarovun gördüyü işlər - Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş müsabiqə, onun irsi Fondunun yaradılması kimi xeyirxah işlər çox dəyərlidir. Buna görə ona çox sağ olun deyirik. Bu işlər böyük insanın xatirəsini əziz tutan adamlar üçün çox qiymətlidir".

Fondun prezidenti və müsabiqənin münsiflər heyətinin sədri Tamara Sinyavskaya müsabiqənin keçirilməsinin məqsədləri barədə danışdı. O qeyd etdi ki, əsas məqsədlərdən biri musiqi mədəniyyəti sahəsində ifaçılıq ənənələrini davam etdirmək, istedadlı vokalçıları üzə çıxarmaqdır. T.Sinyavskaya vurğuladı ki, Müslüm Maqomayev həm operada, həm də estrada səhnəsində şah idi. Buna görə də müsabiqə çox gərgin olacaqdır, çünki həm opera müğənnisi, həm müziklneapolitan mahnılarının ifaçısı, həm də estrada janrının ustası kimi çox geniş diapazonlu səs imkanlarına malik olan musiqiçi tapmaq çətindir. T.Sinyavskaya bu fikri dəqiqləşdirərək bildirmişdir ki, müsabiqədə iştirak etmək üçün xeyli sifariş daxil olmuşdurilkin dinləmələr aparılır. O, Fondun təsisçisi Araz Ağalarova Müslüm Maqomayev adına "Krokus siti holl" adlı böyük konsert salonunun tikintisinə görə, Maqomayevin Musiqi-Mədəni İrsi Fondunun təsis edilməsinə görə və vokalçıların birinci Beynəlxalq müsabiqəsinin keçirilməsinə göstərdiyi köməyə görə dərin təşəkkürünü bildirmişdir. Daha sonra o bildirmişdir ki, belə bir müsabiqə keçirmək ideyası keçən il oktyabrın 25-də - Müslüm Maqomayevin ölümünün birinci ildönümü qeyd edilərkən yaranmışdır. T.Sinyavskaya daha sonra demişdir: "İndi bu ideya həyata keçirilir. Ümid edirəm ki, müsabiqə vokal sənəti bayramına çevriləcək, tamaşaçıları yeni istedadlarla tanış edəcəkdir".

Moskvada keçiriləcək müsabiqəyə təkcə Rusiya və Azərbaycandan olan müğənnilər deyil, xarici ölkələrdən, o cümlədən Kanada, FransaYaponiyadan qonaqların da gəlməsi nəzərdə tutulur.

Rusiyalı məşhur müğənni Tamara Qverdsiteli qeyd etmişdir ki, bu musiqi görüşü ona oxşar tədbirlərdən çox fərqlənəcəkdir, çünki onun proqramı qeyri-adidir. Müsabiqə iştirakçıları birinci turda vaxtilə Maqomayevin özünün iştirak etdiyi operalardan ariyalar, ikinci turda estrada mahnıları ifa etməlidirlər. Tamara Qverdsiteli demişdir: "Bu baxımdan, Müslüm Maqomayev nə qədər nadir idisə, qarşıdakı müsabiqənin repertuarı da bir o qədər qeyri-adi olacaqdır. Müslüm Maqomayev əfsanəvi və parlaq musiqiçidir, onun yaradıcılığı XX əsrin musiqi sənətinin Qızıl fonduna daxildir".

Bəstəkar Aleksey Rıbnikov bildirmişdir ki, Müslüm Maqomayev çox geniş diapazonlu gözəl səsə malik olmaqla bərabər, həm də əla aktyor idi. "Opera ifaçıları arasında nadir hadisə olan Maqomayev yeni nəsillər üçün də nümunədir" - deyən A.Rıbnikov vurğulamışdır ki, müsabiqə üçün artıq bir neçə mahnı yazmışdır və öz əsərləri üçün yeni ifaçılar tapacağına, tamaşaçıların yeni adlar eşidəcəyinə ümid edir.

Müsabiqənin əsas təşkilatçılarından biri, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov bildirmişdir ki, müğənni ilə yaxşı tanış idibu sənət yarışının keçirilməsi böyük sənətkarın və dostunun xatirəsini ehtiramla yad etməyin ən yaxşı üsulu olacaqdır. A.Ağalarov demişdir: "Bu, bizim hamımız üçün və şəxsən mənim üçün böyük şərəf və xoşbəxtlikdir. Hesab edirəm ki, Müslüm Maqomayev üçün görülə biləcək ən böyük elə budur". O, konsert zalı tikilməsi ideyasının yaranması və zalın akustikasının təşkilində şəxsən iştirak etməsi barədə də danışmışdır. Onun sözlərinə görə, Müslüm Maqomayev adına zalın akustikası hər hansı başqa zaldan geri qalmamalıdır və bu məsələ uğurla həll edilmişdir.

Sonra mətbuat konfransının iştirakçıları müsabiqənin proqramı və təfərrüatı barədə jurnalistlərin suallarına cavab vermişlər. Araz Ağalarov qeyd etmişdir ki, bu müsabiqə oxşarlar müsabiqəsi deyildir və iştirakçılar üçün ən böyük mükafat bu mötəbər müsabiqədə qələbə qazanmaqdır.

Müsabiqənin laureatları 30 min ABŞ dollarına qədər pul mükafatı, eləcə də müsabiqənin yekun Qala konsertində və Rusiyanın ən yaxşı səhnələrində təşkil ediləcək bir neçə konsertdə iştirak etmək, həmçinin Müslüm Maqomayevin vətəni Bakı şəhərinə getməkorada çıxış etmək imkanı əldə edəcəklər.

Bu tədbir M.Maqomayevin yaxın dostu, tanınmış sahibkar Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu tərəfindən keçirilir. Fond öz işində xeyriyyəçilik və ictimai fəaliyyətlə məşğul olmağı, ustad dərsləri, musiqi müsabiqələri, konsertlər, festivallar, gənc musiqiçilərin qastrol səfərlərini təşkil etməyi, həmçinin filmlər və televiziya proqramları çəkilişlərini, peşəkar rejissorlar, prodüserlər, ssenari müəllifləri cəlb edilməklə tamaşalar hazırlamağı planlaşdırır.

 

 

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 2.