Tibb elminə böyük töhfələr vermiş kardioloq alimlərimiz

 

Azərbaycanda kardiologiya elmi sovetlər dövründə formalaşmışdır. Təbabətin bu probleminin öyrənilməsində vaxtilə respublikada işləmiş rus terapevtləri N.Uşinski, K.Yeqorov, Q.Şteyn, P.MezernitskiN.Afonskinin böyük xidmətləri olmuşdur. Onlar kardiologiya məsələləri ilə məşğul olan terapevt-alimlər C.Abdullayev, Ə.Əliyev, İ.Orucov, M.Əfəndiyev, M.Yaqubov kimi milli kadrların hazırlanmasında yaxından iştirak etmişlər.

Azərbaycanda kardiologiyanın təşkili və inkişafında görkəmli alim, AMEA-nın akademiki Cahangir Abdullayevin misilsiz xidmətləri danılmazdır. C.Abdullayev elmi-tədqiqatlarını əsasən üç istiqamətdə aparmışdır: ürək-damar sisteminin patologiyası; yerli patologiya; neftdə olan sulu karbonların neft emalı sənayesi işçilərinin ürək-damar sisteminə təsiri. 1928-ci ildə artıq ürək dərmanlarının (digitalis, strofantin) koronar qan dövranına təsirini araşdırmaq məqsədilə klinikeksperimental tədqiqatlar aparılmağa başlanmışdır. 1930-cu ildə Azərbaycan Tibb Cəmiyyəti (ATC) yaradılmışdır. 1964-cü ildə müstəqil olaraq respublikada Kardiologiya Cəmiyyəti təşkil olunmuşdur. Yeni yaradılmış cəmiyyətin ilk sədri, Azərbaycan kardioloqlar məktəbinin yaradıcısı C.Abdullayev idi. Həmin illərdə o, öz yetirmələri ilə birlikdə malyariya xəstəliyinin miokarda təsiri, Azərbaycan şəraitində hipertoniya xəstəliyinin klinikası, müalicəsi və digər məsələlərə dair böyük tədqiqat işləri yerinə yetirmişdir.

RSFSR terapevtlərinin 1958-ci ildə keçirilən I qurultayında professor Cahangir Abdullayev "Koronar çatışmazlığı zamanı strofantin tətbiqinin bəzi təsirləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin çıxış tibb elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və dövri mətbuatda dərc edilmişdir. Respublika terapevtlərinin I konfransı isə 1956-cı ilin aprelində keçirilmişdir. Konfransın əsas proqram məsələləri kəskin koronar çatışmazlıq, kardioskleroz və ürək-damar sistemi xəstələrinin kurort müalicəsi ilə bağlı olmuşdur.

Məmmədəmin Əfəndiyev və Ağasəf Mirzəzadənin Azərbaycanda ürək-damar sistemi xəstəliklərinə aid məruzələrində ölkədə kardioloji xidmətin vəziyyəti, ürək-damar sistemi xəstəlikləri haqqında geniş məlumat, bu xəstəliklər zamanı tibbi yardımın yaxşılaşdırılması işində səhiyyə təşkilatlarının qarşısında duran vəzifələr öz əksini tapmışdır.

Kardiologiya məsələlərinə həsr edilmiş elmi konfranslarda stenokardiyanın, miokard infarktının diaqnostikası, yerli kurortlarda ürək-damar sistemi xəstəliklərinin müalicə problemləri müzakirə edilmişdir. Belə tədbirlərdə M.Əfəndiyev, M.Yaqubov, C.Abdullayev, A.Sadıqov, S.Qusman, A.Quliyev maraqlı məruzələrlə çıxış etmişlər.

C.Abdullayev respublikada böyük nüfuza malik olan alim-kardioloqlar ordusu yetişdirmişdir. Sonralar kardiologiya cəmiyyətinə onun tələbəsi, əməkdar elm xadimi, professor H.İsazadə sədrlik etmişdir. A.Quliyev, S.Kərimov, M.İrani, Z.Tağızadə, S.Tağıyeva və digərləri kimi görkəmli alim-kardioloqlar Cahangir Abdullayevin yetirmələri olmuşlar.

Kardiologiya məsələləri, eyni zamanda, ADTİ-nin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedralarında geniş şəkildə öyrənilmişdir. 150-dən artıq elmi işin, o cümlədən ürək-damar sistemi xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş 10 monoqrafiya və dərsliklərin müəllifi olmuş C.Abdullayev kardiologiya sahəsində öz məktəbini yaratmışdır. 13 tibb elmləri doktoru, 46 tibb elmləri namizədi hazırlamışdır. Onun 1972-ci ildə Azərbaycan dilində nəşr etdirdiyi "Daxili xəstəliklər" dərs vəsaiti bu günə kimi həkimlərin və tələbələrin stolüstü kitabıdır. 1961-ci ildə C.Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Klinik Eksperimental Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır. Görkəmli alimin ən mühüm xidmətlərindən birirespublikada kardiologiya institutunun təşkili ideyası olmuşdur. Ona görə də alimə dərin hörmət əlaməti olaraq 1980-ci ildə yaradılan Elmi-Tədqiqat Kardiologiya İnstitutuna onun adı verilmişdir.

Azərbaycanda Cahangir Abudullayev tərəfindən başlanmış kardiologiya estafetini görkəmli alim Tamerlan Əliyev və onun əməkdaşları davam etdirmişlər. Onlar şəkərli diabet zamanı miokardda mübadilə proseslərinə aid geniş tədqiqatlar aparmışlar. Professor Həsən İsazadə ürəyin işemik xəstəliyi olan insanlarda reabilitasiya, meterolojiprofessional amillərin ürək-damar sisteminə təsirinə aid kliniki-eksperimental işlər aparmışdır. Professorlar Abdulla Quliyev, Sədrəddin Kərimov, Zərifə Zeynalova, Musa Abdullayev, Solomon Qusman kardiologiya elminə böyük töhfələr vermişlər.

Azərbaycanda kardiologiyanın inkişafının sonrakı mərhələlərində xidməti olan alimlər nəsli içərisində tibb elmləri doktoru, professor Abdulla Quliyevin adı xüsusi qeyd olunmalıdır. O, 1994-cü ilə qədər respublikanın baş kardioloqu olmuş, 1964-1988-ci illərdə Elmi-Tədqiqat KurortologiyaFizioterapiya İnstitutunun elmi işlər üzrə direktor müavini, direktor əvəzi vəzifələrində çalışmışdır. 170 elmi işin, "Naftalanın müalicədə istifadəsi" və "Ürək patologiyasının klinikasında elektrokardioqrafiyanın rolu" adlı 2 monoqrafiyanın müəllifidir. 7 doktorluq və 30 namizədlik dissertasiyasına rəhbərlik etmişdir. Respublika kardioloqları professorun "Ürək patologiyasında elektrokardioqrafiya" (1969-cu il) monoqrafiyasından bu günə qədər faydalanırlar.

Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Solomon Qusman 1958-1980-ci illərdə ADHTİ-nin I terapiya kafedrasının müdiri olmuşdur. 10 monoqrafiya, kardiologiyaya aid 250-dən artıq elmi məqalənin müəllifidir. "Şəkərli diabet haqqında 100 sualcavab", "Ürəyin işemik xəstəlikləri" adlı əsərləri monoqrafiya şəklində çap olunmuşdur. O, həm də həkimlər üçün aktual problemlərə həsr edilmiş mühazirələrin müəllifidir. 6 doktorluq və 46 namizədlik dissertasiyası işinin elmi rəhbəri olmuşdur. Professor S.Qusmanın "Daxili xəstəliklər" üzrə klinik mühazirə-lərlə bağlı dərs vəsaiti öz aktuallığına, yazı dilinə görə həkimlərin sevimli kitabına çevrilmişdir.

Tibb sahəsində görkəmli alimlərdən biriprofessor, əməkdar elm xadimi Saleh Salihov idi. O, 1966-1976-cı illərdə hospital terapiyası kafedrasının müdiri olmuşdur. 7 monoqrafiya, 100-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 doktorluq və 10 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Alimin əsərləri kurort müalicəsi zamanı ürək qan-damar sisteminin vəziyyətinin öyrənilməsinə həsr edilmişdir. "Turşsu kurort müalicəsinin ürək qan-damar xəstəliklərinin gedişatına təsiri" adlı əsərindən Azərbaycan kurortoloq və kardioloqları hazırda da istifadə edirlər.

Professor, əməkdar elm xadimi Həsən İsazədə uzun müddət I müalicə-profilaktika fakültəsinin I daxili xəstəliklər kafedrasına rəhbərlik etmişdir. O, bütün həyatı boyu təşkilati, elmi və müalicə işlərini müvəffəqiyyətlə birləşdirmişdir. Təcrübəli müəllim və elmi rəhbər kimi terapevtik məktəb yaratmışdır. "Hipertoniya xəstəliyinin beyin əlamətləri zamanı hemodinamika və mübadilə proseslərinin vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun rəhbərliyi altında 1 doktorluq və 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. 300-ə yaxın elmi məqalənin, 1 ixtira, 1 monoqrafiya, 2 dərsliyin müəllifidir. Həsən İsazadə uzun müddət Ümumittifaq Kardioloqlar Cəmiyyətinin üzvü, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini olmuşdur. 2000-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür.

1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasında assistent, dosent, professor, kafedra müdiri vəzifələrində çalışan respublikanın görkəmli alimlərindən biriTamerlan Əliyevdir. O, Səhiyyə Nazirliyinin baş terapevti, dövlət mükafatı laureatı, əməkdar elm xadimi idi. Professor çoxsaylı dərsliklərin, 12 monoqrafiya, 200-dən artıq məqalənin və 6 ixtiranın müəllifi idi. 23 namizədlik dissertasiyasına rəhbərlik etmişdir.

1980-1992-ci illərdə pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasına rəhbərlik etmiş professor Sayalı Tağıyeva (1920) hazırda həmin kafedranın professorudur. 3 monoqrafiya, 148 məqalə və 4 ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 3 doktorluq və 7 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Ürək-damar xəstəlikləri üzrə Azərbaycanda revmatizmin gedişi, hipertoniya xəstəliyində bəzi biokimyəvi dəyişikliklər, nikotin turşusunun xolesterin mübadiləsinə təsiri, revmatizmateroskleroz, səyrici aritmiyada infarktın tezliyi, ürək infarktında ritm pozğunluğunun müalicəsi, ahıl yaşlılarda, cavanlarda infarktın gedişirisk faktorlarının rolu, qadınlarda infarktın gedişis. mövzularda aparılmış elmi işlər yüksək dəyərləndirilmişdir.

Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Sədrəddin Kərimov 1974-1991-ci illərdə II hospital terapiyası kafedrasının müdiri olmuşdur. 1 ixtira, 7 monoqrafiya və 130 məqalənin müəllifidir. 3 doktorluq və 6 namizədlik dissertasiyasına rəhbərlik etmişdir. Ürək-damar xəstəlikləri üzrə aterosklerozun və infarktın Azərbaycanda epidemiologiyası, qan azlığı xəstəliklərində ürək qan-damar sisteminin dəyişiklikləri kimi mühüm əhəmiyyət kəsb edən problemlər üzərində işləmişdir.

Kardiologiya üzrə miokard infarktının fəsadlarının proqnozlaşdırılması, tireotoksikozlu xəstələrdə aterosklerozun əmələ gəlməsi məsələləri ilə məşğul olan tibb elmləri doktoru, professor Zərəngiz Tağızadə fəaliyyəti dövründə 5 monoqrafiya, 70-dən artıq elmi məqalənin müəllifi olmuşdur.

Tibb elmləri doktoru, professor Musa Abdullayev 1970-1979-cu illərdə ATU-nun daxili xəstəliklər propedevtikası kafedrasının müdiri olmuşdur. O, 2 monoqrafiya, 3 dərslik, 5 dərs vəsaiti, 100-dən artıq elmi işin müəllifi idi. Alimin rəhbərliyi ilə 4 doktorluq, 8 namizədlik dissertasiyası müdafiə edilmişdir. M.Abdullayev hematologiya, kardiologiya, terapiya kimi sahələr üzrə bir çox dərslik və monoqrafiyalar yazmışdır. O, ilk "Azərbaycanca-ingiliscə tibb lüqəti"nin təşəbbüskarı və yaradıcısıdır.

Professor Mütəlib İrani isə 1 monoqrafiya, 38 elmi əsərin müəllifi idi. Kardiologiya üzrə miokard infarktında və xroniki koronar çatışmazlığın antikoaqulyant müalicəsi (dikumarin, pelentan), hiper-, hipo, normotoniklərdə mövsümi dəyişikliklər mövzuları ilə bağlı araşdırmalar aparmış, miokard infarktı olan və stenokardiyalı xəstələrin antikoaqulyantlarla müalicəsi ilə məşğul olmuşdur. Alimin "Miokard infarktı və stenokardiyası olan xəstələrdə antikoaqulyant müalicəsi" monoqrafiyası (1968-ci il) kardioloqlara ürək patologiyasında antikoaqulyantların düzgün seçilməsi, dozalanması və işlədilməsinə istiqamət verir.

Tibb alimləri içərisində tibb elmləri doktoru, professor Zərifə Zeynalovanın da xidmətləri qeyd olunmalıdır. 1977-1989-cu illərdə II daxili xəstəliklər kafedrasının müdiri olmuş Z.Zeynalova 62 elmi məqalənin müəllifi idi. O, kardiologiya üzrə koronar çatışmazlıq zamanı elektrolit mübadiləsinin vəziyyətini öyrənmişdir.

Professor, əməkdar elm xadimi Nürəddin Hümbətov 1980-ci ildən indiyə qədər ADHTİ-nin II terapiya kafedrasının rəhbəridir. O, 1 ixtira, 1 monoqrafiya və 170-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 4 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Kardiologiya üzrə şəkərli diabetli xəstələrdə V12 vitamininin tərkibi və onun lipid mübadiləsinə təsiri üzərində işləmişdir.

1955-ci ildən indiyə qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I terapiyafunksional diaqnostika kafedrasında işləyən professor Mikayıl Ələkbərov 260 elmi əsərin, o cümlədən 13 monoqrafiyanın müəllifidir. Alimin əsərlərinin 68-i kardiologiyaya aiddir. Onun "Ürəyin işemik xəstəliyi" (metabolik proseslər) adlı monoqrafiyası kardiologiya sahəsində xüsusi əhəmiyyət kəsb edir. Pro-fessorun rəhbərliyi ilə 18 doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Tibb elmləri doktoru, professor Yevgeni Qelfqat 7 ixtiranın, 20 səmərələşdirici təklifin, 7 monoqrafiya və 171 elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 4 doktorluq və 32 namizədlik dissertasiyası müdafiə olunmuşdur. "Ürək-damar sisteminin funksional vəziyyətinin qiymətləndirilməsində fiziki yüklənmə sınaqlarının imkanları" mövzusunda işlədiyi elmi problem dünya tibb ictimaiyyəti tərəfindən böyük ma-raqla qarşılanmışdır. 1980-1994-cü illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ilk direktoru olmuşdur.

Kardiologiyanın mühüm sahəsi olan kardiocərrahiyyənin əsasını qoyan, respublikada döş qəfəsi cərrahiyyəsinin pioneri sayılan Azərbaycanın böyük alimi professor Fuad Əfəndiyev Azərbaycanda ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. Səhiyyə Nazirliyinin nəzdində təşkil olunmuş EksperimentalKlinik Təbabət İnstitutunda 1961-ci ildə onun rəhbərliyi ilə ilk dəfə respublikada kardioloji cərrahiyyə şöbəsi yaradılmışdır. Fuad Əfəndiyevin yaratdığı kardioloji cərrahiyyə məktəbinin təşkilini professor H.Abdullayev davam etdirmişdir. 1976-ci ildə Moskvadan Bakıya qayıdan (1967-ci ildən Myasnikov adına Elmi-Tədqiqat Klinik İnstitutunun kardiologiya şöbəsinə rəhbərlik edirdi) istedadlı kardiocərrah, professor Fikrət Zərgərli isə qısa müddətdə Azərbaycanda nümünəvi cərrahi şöbə yaratmış, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlamışdır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilmişdir.

Hazırda ölkədə kardiologiya elmi bacarıqlı işgüzar alimlərimiz tərəfindən uğurla inkişaf etdirilir. Professorlar R.Abdullayev, tibb elmləri doktorları R.Səmədov, N.Abdullayev, E.Ələkbərov, T.Cahangirov, Ə.Babayev kardiologiyanın mühüm sahələri üzrə tədqiqatlar aparırlar. Bu sətirlərin müəllifi 1992-ci ildən ATU-nun kliniki farmakologiya kafedrasına rəhbərlik edir və 1998-ci ildən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur, 160-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 10 metodik tövsiyənin, 7 tədris vəsaitinin müəllifidir.

Tibb elmləri doktoru, professor Rufulla Abdullayev 1975-1980-ci illərdə 5 nömrəli klinik xəstəxanada həkim-terapevt və şöbə müdiri vəzifələrində çalışmışdır. Həmin illərdə R.Abdullayevin təşəbbüsü və iştirakı ilə intensiv terapiya palataları olan kardioloji şöbə yaradılmış və respublikada ilk dəfə ürək aritmiyalarının müalicəsində elektrik defibrillyasiya metodu tətbiq edilmişdir. Onun səyi nəticəsində o zamanlar miokard infarktı olan xəstələrdə stasionar ölüm faizi nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. 1980-ci ildən R.Abdullayevin praktikelmi fəaliyyəti Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı olmuşdur. "Ürəyin işemik xəstəliyiaritmiyalar" şöbəsinin rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. O, 120-dən artıq elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 4 metodik tövsiyənin, 1 dərs vəsaitinin, 1 ixtiranın və 10 səmərələşdirici təklifin müəllifidir. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə kardioloji praktikada ürəyin işemik xəstəliyi və ritm pozğunluğu olan xəstələrdə elektrokardioqrammanın sutkalıq monitorinqilazer müalicəsi tətbiq edilmişdir. R.Abdullayev Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi şurasının və ekspert komissiyasının üzvüdür.

1989-cu ildən Elmi-Tədqiqat Kardiologiya İnstitutunda "Ürək çatışmazlığı" şöbəsinin müdiri vəzifəsində çalışan tibb elmləri doktoru Rza Səmədov 1993-cü ildə "Miokard infarktı keçirmiş ürəyin işemik xəstəliyi olan xəstələrdə ürək çatışmazlığının müalicəsinin optimallaşdırılması" mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Ürək çatışmazlığının diaqnostika və müalicəsi problemləri üzərində uğurla çalışır, dərc olunmuş 100 məqalənin, 7 səmərələşdirici təklifin və 4 me-todik tövsiyənin müəllifidir.

Tibb elmləri doktoru Nazim Abdullayev 1985-ci ildə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda elmi katib, sonra "Miokard infarktı" laboratoriyasında böyük elmi işçi, 1986-cı ildə isə yeni açılmış "Ürəyin işemik xəstəliklərində tibbisosial reabilitasiya" laboratoriyasının müdiri vəzifəsinə keçmiş və həmin bazada doktorluq dissertasiyası müdafiə etmişdir. N.Abdullayev Azərbaycanda kardioloq-reabilitoloq sahəsinin təşkilatçılarındandır. 1999-cu ildə Barselonada, 2000-ci ildə Amsterdamda Avropa Kardioloqları Assosiasiyası Konqresinin iştirakçısı olub.

Tibb elmləri doktoru Elman Ələkbərov 2007-ci ildə "Kəskin miokard infarktlı xəstələrin bərpa müalicəsində yeni perspektivlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 74 elmi işin, o cümlədən 1 monoqrafiyanın, 3 ixtiranın və 2 metodik tövsiyənin müəllifidir. Elmi işlərinin əsas istiqaməti ürək çatışmazlığı, reabilitasiya, süni ürək, kəskin miokard infarktı və erkən hipertoniya və erkən aterosklerozla bağlıdır. Azərbaycan Kardioloqlar Cəmiyyəti İdarə Heyətinin, Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür. Dəfələrlə beynəlxalq konqreslərdə və konfranslarda iştirak etmişdir.

Tibb elmləri doktoru Tofiq Cahangirov 2006-cı ildə "Xroniki ürək çatışmazlığı və 2-ci tip şəkərli diabet: xəstələrin ümumi xarakteristikası, kliniki mənzərə, müalicənin problemləri və proqnozu" mövzusunda kardiolgiyaendokrinologiya ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1994-1997-ci illər ərzində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi işləyib. 1997-ci ildən ürək çatışmazlığı şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır. Rusiyanın Ürək Çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyətinin və Ultrasəs Diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyasının üzvüdür. Böyük elmi işçi, klinisist kardiloq olmaqla yanaşı, ürək qan-damar sisteminin diaqnostikasında geniş istifadə olunan exokardioqrafiya üzrə mütəxəssisidir.

Tibb elmləri doktoru Əhməd Babayev 1997-ci ildən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi vəzifəsində çalışır.

Bu gün Kardiologiya İnstitutu respublikamızın aparıcı kardioloji müəssisəsidir və burada 300-dən artıq işçi, o çümlədən 7 tibb elmləri doktoru və 32 tibb elmləri namizədi fəaliyyət göstərir. İnstitutun təşkil olunmasından 30 il keçir. Bu illər ərzində kardiologiyanın ən vacib problemlərinə həsr olunmuş elmi tədqiqatlar yerinə yetirilmiş, praktik səhiyyə müəssisələri üçün kadrlar hazırlanmışdır. İnstitutun fəaliyyət müddəti ərzində 60-dan çox namizədlik və 7 doktorluq dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunmuşdur.

İnstitut ürəyin işemik xəstəliklərinin diaqnostika, profilaktika, dərmanla və dərmansız müalicə metodları, hipertoniya xəstəlikləri, miokard infarktı keçirmiş xəstələrin reabilitasiyasının, ürək çatışmazlığının mexanizminin və müalicə metodlarının araşdırılması ilə məşğuldur. ETKİ elmi axtarışlarında xarici ölkə alimləri ilə sıx əlaqə saxlayır və Azərbaycanı beynəlxalq kardioloji konqreslərdə uğurla təmsil edir. 1995-ci ildə "Dünya Ürək Dostları" konfransının, 1996-cı ildə Amerika Kardiologiya Assosiasiyasının 45-ci elmi sessiyasının, 1997-ci ildə Avropa Kardioloqlar Assosiasiyasının, 1998-ci ildə MDB ölkələri kardioloqları konqreslərinin və s. mötəbər tədbirlərin iştirakçısı olub.

İnstitutun elmi tədqiqatları əsasən ateroskleroz, ürəyin işemik xəstəlikləri, kəskin miokard infarktı, arterial hipertoniya, ürək ritminin pozulmaları kimi aktual xəstəliklərin öyrənilməsi, profilaktikası, diaqnostikası və müalicəsi məsələlərinə yönəlmişdir. Ürək-damar sistemi xəstəliklərinin immunoloji və biokimyəvi markerləri, kardiotrop, antiaterogentrombolitik dərman preparatlarının təsir mexanizmlərinin tədqiqi sahəsində xeyli işlər görülmüşdür. Ürək-damar sistemi patologiyası olan xəstələrin müalicəsində angiotenzin çevirici fermentin inhibitorları, -blokatorlar, periferik vazodilatatorlar geniş istifadə olunur. Bir sıra məşhur farmakoloji firmaların istehsal etdiyi müasir antiaritmik, trombolitik, antihipertenziv preparatlar, kardioprotektorlar və digər dərman maddələri klinik öyrənilmə mərhələsindədir. Klinik-farmakoloji tədqiqatlar ürək-damar sistemi xəstəliklərinin profilaktikası və müalicəsində geniş tətbiq olunan müasir kardioloji preparatların istifadəsi perspektivini obyektiv qiymətləndirməyə imkan verir.

Hazırda akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi şöbələrində 93, klinikasında isə 251 nəfər çalışır.

Ölkə Prezidenti cənab İlham Əliyevin milli səhiyyəmizə, tibb elminin və təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı əhaliyə kardioloji xidməti də gündən-günə yaxşılaşdırır. Bu gün dünya kardiologiya elminin bütün nailiyyətləri respublikamızda praktik təbabətdə geniş istifadə olunur.

 

 

Adil BAXŞƏLİYEV,

ATU-nun kliniki farmakologiya

kafedrasının müdiri,

Elmi-Tədqiqat Kardiologiya

İnstitutunun direktoru,

tibb elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.-9 sentyabr.- S. 4.