Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Sentyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2010-cu il 18 avqust tarixli iclasının protokolu təsdiqlənmişdir.

Sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, sayı və hazırlanmasına dair məsələyə baxılmışdır. Komissiya həmin bildirişlərin mətnini və formasını təsdiq etmiş, həmçinin qərara almışdır ki, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5 milyon ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.-9  sentyabr.- S. 3.