Füzulişünaslara qiymətli töhfə
Görkəmli şərqşünas və mətnşünas, məşhur nəzəriyyəçi-alim, Azərbaycan milli əruzşünaslıq məktəbinin banisi Əkrəm Cəfərin yenicə çapdan çıxmış "Yandım avazeyi eşqinlə sənin" kitabı Füzuli poeziyasının vurğunu olan dəyərli oxucularımıza və Azərbaycan ədəbi ictimaiyyətinə ən qiymətli töhfədir. Kitaba müəllifin vaxtilə dahi Füzulinin zəngin sənət dünyası ilə əlaqədar yazıb müxtəlif mətbu orqanlarda çap etdirdiyi məqalələr, Füzuli haqqında əsərlərə yazdığı rəylər, Füzuliyə həsr olunmuş təntənəli yubiley mərasimlərindəki çıxışları və indiyədək işıq üzü görməyən əlyazmaları daxil edilib.
Əkrəm Cəfər 86 illik ömrünün azı 60 ilini Füzuli dünyasının ilahi sərhədləri arasında keçirib. Füzuli əsərlərini "insan qəlbinin simfoniyası", "hiss və duyğuların mirvarisi" adlandıran bu görkəmli elm fədaisi Azərbaycan lirikasının ustadı, milli poeziyada yeni ədəbi hərəkatın yol göstəricisi olan Füzulinin bütün həyat yolunu, onu dahi bir sənətkar kimi səciyyələndirən ən parlaq cəhətlərinin incəliklərinə qədər öyrənib təsnif və şərh etməyə nail olmuşdur.
Kitabın müqəddiməsində qeyd olunduğu kimi, Əkrəm Cəfərin Füzuli sənətindən əruz vəzni elminə yürüş yolu mürəkkəb ədəbi mübahisələrdən, "ədəbi döyüşlərdən", müxtəlif əlyazmalar dünyasından, arxiv və kitabxana fondlarından, ali elmi kürsülərdən, əsassız siyasi ittihamların vahiməli gecələrindən və nəhayət, dünya şöhrətli elmi əsərlərinin bəxş etdiyi həzz və qürur zirvələrindən keçib. Müəllif çox haqlı olaraq bildirir ki, dörd yüz ildən bəri milyonlarla ürəyi fəth edə-edə dövrümüzə qədər gəlib çıxmış Füzuli şeirinin sirlərini, onun ilahi gözəlliklərini, zərif musiqi çalarlarını, zövq və əda rəngarəngliyini dərindən duymaq, anlamaq və dərk etmək üçün öncə o şeirin bədii ahənginin ifadəsi olan vəzn növlərini bilmək gərəkdir. Çünki şeiri - dilin musiqisi və musiqinin dili səviyyəsinə qaldırıb, onun ilahi ucalığını təmin edən məhz vəzndir. Əks halda, Füzuli sənətinin bütün zəngin gözəllikləri bizim üçün anlaşılmaz qalar. Şeiri "insan ruhunun dili, insan qəlbinin canlı aynası, gözəl peşələrin ən gözəli" hesab edən böyük tədqiqatçı haqlı olaraq qeyd edirdi ki, əruz hiss və duyğularla mənimsənilən, ancaq fikir və ağılla dərk edilən bir elmdir. O, "Əruzun mənşəyi", "Əruzun tarixi", "Əruzun mahiyyəti" kimi ciddi elmi bölmələr üzrə təhlillər aparır, onların kökünü riyazi dəqiqliklə açıb göstərir, mövzu və problemlərin müxtəsər düsturlarını verir. Müəllif kitaba daxil edilmiş "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu" məqaləsində Azərbaycanın əruz vəzni ilə ərəb, fars, türk, tacik və özbək əruzları arasında dəqiq faktlar əsasında müqayisəli araşdırmalar aparır, Füzuli şeirinin vəznini hərtərəfli təsvirdən sonra onu özündən əvvəlki klassiklərimizlə - Nəsimi, Kişvəri və Xətainin şeir vəznləri ilə müqayisə edib, füzulişünaslıqda uzun illər davam edən mübahisəli məsələlərə son qoyur və faktiki olaraq dünyada müqayisəli əruzşünaslıq elminin banisi səlahiyyətini qazanır.
Müəllif kitabdakı "Füzulinin "Hədiqət-üs-süəda"sında olan mənzum əsərlərin vəzni", "Füzuli rübailərinin vəzni", "Füzulinin seçilmiş əsərlərinin (1984) bircildliyinə ön söz", "Füzuli şerinin vəzni" və digər məqalələrində böyük sənətkarın qəzəllərinin əruz vəznindəki həzəc, rəcəz, rəməl, mütəqarib, müzare, müctəs, xəfif, müncərih, səri, kamil bəhrləri, onların Şərq və Azərbaycan şeirində olan növləri haqqında da ətraflı söhbət açır, öz fikirlərini Füzulinin və ayrı-ayrı klassiklərimizin əsərlərindən gətirdiyi dəqiq misralarla təsdiqləyir.
Söz yox ki, görkəmli nəzəriyyəçi-alimin bu əsəri ədəbiyyat tariximizə klassik poeziyamızın ən ali zirvəsi olan Füzuli şeirinin sirli aləmini araşdıran ən sanballı tədqiqat əsəri kimi daxil olacaq.
Zeynal VƏFA
Azərbaycan.- 2010.-9
sentyabr.- S. 5.