Əlilliyi olan
uşaqların cəmiyyətə qatılması və
inteqrasiyasına həsr olunmuş yay düşərgəsi
açılmışdır
Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi təşkil etmişlər.
AzərTAc xəbər verir ki, sentyabrın 10-dan Nabrandakı "Atlant" istirahət mərkəzində təşkil edilmiş düşərgənin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, YUNİSEF-in nümayəndəsi Natiq Umarov, "Dan" İctimai Birliyinin sədri Gülarə Teymurova və başqaları çıxış edərək son illər ölkəmizdə uşaqların hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışmışlar.
Vurğulanmışdır ki, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
Diqqətə çatdırılmışdır ki, təhsilin inkişafına dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Fondun reallaşdırdığı ən möhtəşəm layihələrdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. Son illərdə bu proqram çərçivəsində 300-ə yaxın məktəb binası tikilmişdir. Artıq layihənin ikinci mərhələsinə başlanılmışdır. Bu layihə çərçivəsində yüzlərlə məktəb yenidən bərpa olunmuş, ən müasir avadanlıq və kompüterlərlə təchiz edilmişdir.
Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişaf Proqramı"na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulmuş, əsaslı təmir edilmiş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu müəssisələrdə kimsəsiz uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılmışdır.
Xüsusi olaraq vurğulanmışdır ki, Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi dayanır. Xalq bu məhəbbəti görür və qiymətləndirir.
Məlumat verilmişdir ki, beşgünlük düşərgənin əsas məqsədi təlim bacarıqları öyrətməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərini artırmaqdır. Düşərgəyə Xaçmazdan və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 50-yə yaxın yeniyetmə və gənc cəlb olunmuşdur. Düşərgədə 14 valideyn, 14 texniki işçi və mütəxəssislər çalışmışdır. Burada müxtəlif tədbirlər, o cümlədən idman oyunları keçirilmiş, filmlər nümayiş etdirilmiş və müzakirələr aparılmışdır. Bir sözlə, uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
Qeyd edilmişdir ki, belə tədbirlər bundan
sonra da təşkil olunacaq və bu düşərgələrə
daha çox yeniyetmə
və gənc cəlb ediləcəkdir.
Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 3.