Latviyanın sabiq
Prezidenti Vayra Vike-Freyberqa Təzəpir məscid kompleksi ilə tanış olmuşdur
AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 12-də Təzəpir məscid kompleksi ilə tanış olmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat vermişdir ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdır. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur.
Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Bildirilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.
Latviyanın sabiq Prezidentinə 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxana haqqında da məlumat verilmişdir.
Qonağa xatirə hədiyyələri təqdim
olunmuşdur.
Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 3.