Azərbaycan ilə Latviya arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir

 

Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 13-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşmüşdür.

Azərbaycan ilə Latviya arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyən E.Məmmədyarov ölkəmizin xarici siyasətində avratlantik strukturlara inteqrasiyanın prioritet təşkil etdiyini vurğulamışdır.

Nazir Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda həyata keçirilən enerjiinfrastruktur layihələrinin regionun inkişafında mühüm rol oynadığını bildirmişdir. E.Məmmədyarov Ermənistanın Azərbaycanın ərazilərini hələ də işğal altında saxlaması və münaqişənin həllinə dair aparılan danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqenin bu ölkənin regional inkişafdan yararlanmasını əngəllədiyini demişdir.

V.Vike-Freyberqa Cənubi Qafqaz regionunun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirərək təəssüflə bildirmişdir ki, seçim qarşısında olan Ermənistan mövcud fürsətdən istifadə etməmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.-14  sentyabr.- S. 3.