Rusiya Uşaq Fondunun sədri Albert Lixanov 75 illik yubileyini qeyd edir
Tanınmış ictimai xadim, uşaq yazıçısı, Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Uşaq Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Albert Lixanov Moskvada 75 illik yubileyini qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev Albert Lixanovu yubileyi münasibətilə təbrik etmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dövlətimizin başçısının A.Lixanova ünvanlanmış təbrik məktubunu oxumuş, onun səmimi arzularını yubilyara çatdırmışdır. Məktubda bölmələri bir çox respublikalarda, o cümlədən Azərbaycanda fəaliyyət göstərən Uşaq Fondunun yaradılmasında A.Lixanovun böyük xidmətləri vurğulanmış, onun sosial və xeyriyyəçilik fəaliyyəti yüksək qiymətləndirilmişdir.
A.Lixanov təbrikə görə səmimi minnətdarlıq hissini, dərin hörmət və ehtiramını Azərbaycan dövlətinin başçısına çatdırmağı səfir Polad Bülbüloğludan xahiş etmiş, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Uşaq Fondunun yaradılmasına verdiyi əvəzsiz töhfədən söz açmışdır. O bildirmişdir ki, vaxtilə Heydər Əliyev Uşaq Fondunun yaradılması ilə əlaqədar onu şəxsən qəbul etmiş, sonra bütün ittifaq nazirlikləri və idarələrinin başçıları ilə müşavirə keçirmişdir. A.Lixanovun sözlərinə görə, Sovet İttifaqı dövründə Heydər Əliyev kimsəsiz, əlil və yoxsul təbəqədən olan uşaqlara xüsusi qayğı göstərmək məqsədi daşıyan bu təşkilatın və onun şəbəkəsinin yaradılmasında müstəsna rol oynamışdır. A.Lixanov bu böyük siyasi xadim və insanla keçirdiyi bütün görüşləri xatırlayır. Heydər Əliyev hətta Naxçıvanda olanda, daha sonra Azərbaycan Prezidenti seçiləndə də onunla daim əlaqə saxlamışdır. A.Lixanov Azərbaycanın rifahı və tərəqqisi naminə çalışan, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ünvanına da xoş sözlər söyləmişdir.
Qeyd etmək lazımdır ki, Rusiya Prezidenti Dmitri Medvedev də A.Lixanovu təbrik etmiş, çoxillik fəal ictimai fəaliyyətinə və humanitar əməkdaşlığı inkişaf etdirdiyinə görə onu "Drujba" ordeni ilə təltif etmişdir.
1987-ci ildə A.Lixanovun təşəbbüsü ilə yaradılmış Sovet Uşaq Fondu artıq 20 ildir ki, baxımsızlığın və kimsəsizliyin profilaktikası ilə məşğul olur, müalicəyə ehtiyacı olan uşaqlara kömək göstərir. 1992-ci ildə onun bazasında Beynəlxalq Uşaq Fondları Assosiasiyası, 1991-ci ildə isə Rusiya Uşaq Fondu yaradılmışdır. A.Lixanov hər iki quruma başçılıq edir. O, Rusiyanın, ayrı-ayrı ölkələrin mükafatları, habelə beynəlxalq mükafatlar laureatıdır. A.Lixanov 2005-ci və 2007-ci illərdə Rusiyada, 2005-ci ildə ABŞ-da "İlin adamı" seçilmişdir. İngiltərənin Kembric Universiteti onun adını "XXI əsrin min ən görkəmli avropalısı" sıyahısına daxil etmiş, Kembric Bioqrafiya Mərkəzi isə ədəbiyyat və humanizm sahəsində "İlin adamı" saymışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.-14 sentyabr.- S. 3.