Bakı Slavyan
Universitetinin rektoru Kamal Abdulla "Vətən
övladı" qızıl medalı ilə təltif olunmuşdur
Bakı Slavyan Universitetinin (BSU) rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla "Dədə Qorqud" Milli Fondunun Dədə Qorqud mükafatı və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının Ali Şurasının sədri akademik Arif Paşayevin imzası ilə "Vətən övladı" qızıl medalı ilə təltif olunmuşdur.
Bu münasibətlə sentyabrın 13-də BSU-da keçirilən tədbirdə "Dədə Qorqud" Milli Fondunun prezidenti, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov çıxış edərək professor K.Abdullanın zəngin elmi yaradıcılığından, onun milli mənəvi irsimizin tədqiqindəki xidmətlərindən danışmış, alimi təbrik etmişdir.
Milli Məclisin deputatı Asim Mollazadə, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov və digər natiqlər professor K.Abdullanı təbrik etmiş, yeni yaradıcılıq nailiyyətləri arzulamışlar.
Həmin gün Kamal Abdulla üçün daha bir səbəbdən də əlamətdar olmuşdur. Buxarestdə onun "Gəlin Azərbaycan dilində danışaq" kitabı işıq üzü görmüşdür.
AzərTAc
Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 6.