Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir

 

Sentyabrın 10-da Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir. İclasda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə aidiyyəti dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) AzərTAc-a bildirmişlər ki, iclasda Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi, xüsusən Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişi üzrə danışıqlar, insan hüquqları və demokratikləşmə, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, ticarət, enerji sahələrində əməkdaşlıq, Aİ-nin yardım proqramları və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Fəaliyyət Planının 2009-cu ildə icrası ilə bağlı Avropa Komissiyası tərəfindən hazırlanmış "Tərəqqi Hesabatı"na dair Azərbaycanın mövqeyi bildirilmişmüvafiq sənəd qarşı tərəfə təqdim edilmişdir.

İclasda həmçinin Aİ-Azərbaycan yeni "Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri" və "Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri" üzrə alt-komitələrinin yaradılması barədə yekun qərar verilmişdir.

Eyni zamanda, iclasda Aİ ilə mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mütəxəssislərin ixtisasının artırılması, Aİ çərçivəsində mədəniyyət sahəsində həyata keçirilən proqram və layihələrdə iştirak və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2010.-14  sentyabr.- S. 6.