"İRS" jurnalı oxucularına Azərbaycan tarixinin və mədəniyyətinin naməlum səhifələrini açır

 

Moskvada çıxan "İRS-Naslediye" beynəlxalq jurnalının növbəti nömrəsində oxuculara yeni rubrikalar təqdim edilir. "Etnos" rubrikasında Azərbaycanda yaşayan milli azlıqlardan biri - talışlardan bəhs edən iki məqalə dərc edilmişdir. Məqalələrdə deyilir ki, talışlar Azərbaycanın siyasi həyatında, dövlət quruculuğunda, mədəni inkişafında yaxından iştirak edir, vətənimizin düşmənlərdən müdafiəsinə öz töhfələrini verirlər. Bu nömrədə talış xalqının tarixi və etnoqrafiyası, onun maddi və mənəvi dəyərlərindən söhbət açılır.

Jurnalda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif dövrləri mütəmadi olaraq işıqlandırılır. Bu dəfə isə 1920-ci il aprel çevrilişinin az məlum olan məqamlarından danışılmışdır. Professor Cəmil Həsənlinin "Aprel çevrilişi" məqaləsində bir sıra sənədlər və məlumatlar ilk dəfə geniş oxucu kütləsinə təqdim olunur. Yeni "Ziyalılar" rubrikasında məşhur şərqşünas alim Mirzə Cəfər Topçubaşovun həyat və yaradıcılığına həsr olunmuş məqalə yerləşdirilmişdir.

Jurnalın bu nömrəsində arxeoloqların Azərbaycanda ən qədim nümunəsini tapdıqları samovarın tarixindən, müharibədən sonrakı illərdə Azərbaycan memarlığının inkişafından, ölkəmizdə balet sənətinin yaranması və inkişafından bəhs edilir. Bundan əlavə, oxucuların diqqətinə Şərq miniatürü, Azərbaycan ustaları və ilk məşhur nümunələr barədə ilk məqalə təqdim edilmişdir. Miniatürlərin bəziləri ilk dəfə dərc edilir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 6.