Ən məhsuldar neft
və qaz quyuları Azərbaycandadır
Böyük Britaniyanın bp şirkəti hər il özünün çalışdığı bütün yataqlardakı ən yüksək hasilata malik olan 15 karbohidrogen quyusunu aşkar edir və bunu açıqlayır. Bir qayda olaraq bu quyular sırasında Xəzərin Azərbaycan sektorundakı neft və qaz quyuları xeyli yer alırlar.
Əgər nəzərə alsaq ki, bp 100-dən çox neftli ölkədə çalışır, cəsarətlə deyə bilərik: Azərbaycanın karbohidrogen quyuları dünyanın ən yüksək hasilatlı quyuları sırasındadır. Bunu 2009-cu ilin göstəriciləri də təsdiqləyir.
Budəfəki cədvələ təkcə "Şahdəniz" qaz-kondensat yatağının üç quyusu düşüb. Onlardan ikisi Avstraliyanın iki quyusundan sonra üçüncü və dördüncü yerdədirlər. "Şahdəniz"in həmin quyularından birinin gündəlik hasilatı 45 min 342, digərininki isə 42 min 548 barel neft ekvivalenti təşkil edib. bp özünün sözügedən 15 quyusu sırasında "Şahdəniz"in gündəlik hasilatı 30 min 695 barel neft ekvivalentinə çatan daha bir quyusunu da göstərib.
Xatırladaq ki, "Şahdəniz" qaz-kondensat yatağı dənizdə, sahildən 70 kilometr aralıda yerləşir. Yatağın ərazisində suyun dərinliyi 50-600 metr arasında dəyişir. Keçən il "Şahdəniz"dən 6,2 milyard kubmetr qaz və 13 milyon barel kondensat hasil edilib. Əlbəttə, söhbət "Şahdəniz"in işlənməsinin birinci mərhələsindən gedir. Yataq daha böyük perspektivlər vəd edir və qarşıda layihənin ikinci mərhələsinin həyata keçirilməsi dayanır.
bp-nin sözügedən "yarış"ında "Azəri" yatağının beş quyusu "qalib çıxıb". Onlardan ikisi "Mərkəzi Azəri"nin, üçü isə "Qərbi Azəri"nin payına düşüb.
Məlum olduğu kimi, "Azəri" yatağı "Əsrin müqaviləsi" adını almış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində istismar olunur. Elə "Azəri"nin özünü də bp haqlı olaraq dünyanın ən böyük yataqlarından biri hesab edir. Təsadüfi deyil ki, yataq mərhələlərlə işlənib. Bu da onun üç hissədən - mərkəzi, şərq və qərb hissələrindən ibarət olmasından irəli gəlir. "Mərkəzi Azəri" platforması 2005-ci ilin fevralından, "Qərbi Azəri" həmin ilin son günlərindən, "Şərqi Azəri" isə 2006-cı ilin payızından istismar olunur. Hasilata başladığı vaxtdan keçən ilin sonunadək "Mərkəzi Azəri" 357,5 milyon barel neft verib. "Qərbi Azəri"də və "Şərqi Azəri"də bu göstərici müvafiq olaraq 272,2 milyon barel və 140,4 milyon barel təşkil edib.
Dayaqları suyun 128 metr dərinliyində
qərar tutan "Mərkəzi Azəri"
platformasında 18 quyu istismardadır. Onlardan 13-ü hasilat quyusudur. Bu quyulardan
ümumi gündəlik
orta hasilat 202,5 min barel təşkil
edir. Burada iki quyunun töhfəsi daha sanballıdır. Onlardan
biri keçən il gündə orta hesabla 34 min 187, digəri isə 31 min 290 barel neft ekvivalenti
həcmində hasilata
malik olub.
"Qərbi
Azəri"nin ən
məhsuldar üç
quyusundan birində gündəlik orta hasilat 33 min 981, ikincisində
31 min 210, üçüncüsündə
30 min 126 barel neft ekvivalenti təşkil edib.
Xatırladaq ki,
"Qərbi Azəri"nin özü də hazırda "Azəri-Çıraq-Günəşli" layihəsinin ən yüksək gündəlik
hasilata malik platformasıdır. Buradakı 15 hasilat quyusundan (qalan 6 quyu suvurma
quyusudur) gündə təxminən 256 min barel neft alınır. Onu da deyək ki,
2008-ci ilin məhsuldar
quyular cədvəlində
"Azəri" yatağını
"Qərbi Azəri"
quyuları təmsil edirdi.
2009-cu ilin 15 məhsuldar quyusunun yarıdan çoxu - 8-i Azərbaycanda
yerləşir. Bundan əvvəlki cədvəldə
(2008-ci il) onların sayı 7 idi. Təbii ki, ayrı-ayrı
quyuların hasilatı
artdıqca, onların
"qalib" quyular sırasında sayı da çoxalır.
F.SADIQLI
Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 8.