Dövlət
başçıları Dənizkənarı Milli
Parkda, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğunda və
Fəvvarələr meydanında olmuşlar
Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Dənizkənarı Milli Parkda gəzintiyə çıxmışlar. Bildirilmişdir ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir. Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı Milli Parkda da geniş vüsət almışdır. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişmişdir. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılmışdır. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.
Daha sonra qonaqlar İçərişəhərə gəlmişlər. Bildirilmişdir ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçərişəhər memarlıq kompleksi dünyada misilsiz abidələrdən sayılır. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tariximizin açılmamış səhifələri öyrənilmiş, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunmuşdur. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya mədəni irs siyahısına daxil edilmişdir.
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurmuşdur. Qonaqlar İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxmışlar.
Daha sonra dövlət başçıları Fəvvarələr meydanında olmuşlar. Qeyd edilmişdir ki, Bakının ən gözəl istirahət məkanlarından biri olan Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra daha gözəl və daha orijinal formada paytaxt sakinlərinin istifadəsindədir. Burada paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 3.