Azərbaycan-Latviya əlaqələri
yüksələn xətlə inkişaf edir
Sentyabrın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşdü. Qonağı salamlayan Oqtay Əsədov onu bir daha Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanla Latviya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Oqtay Əsədov qarşılıqlı münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolunun olduğunu bildirdi. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrin hərtərəfli inkişafı üçün hüquqi baza yaradıb. Milli Məclisin Sədri Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin genişlənməsində və möhkəmlənməsində xanım Vayra Vike-Freyberqanın da xidmətlərinin olduğunu qeyd etdi.
Parlamentlərarası əlaqələrdən danışan Oqtay Əsədov dedi ki, hər iki ölkənin parlamentində işçi qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər.
Milli Məclisin Sədri onu da bildirdi ki, Avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Rəsmi Bakı BMT ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan BMT-nin YUNİSEF, YUNESKO, Qaçqınlar üzrə Ali Komissarlığı və digər struktur təşkilatları ilə sıx əməkdaşlıq edir, birgə layihələri həyata keçirir. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr ölkəmiz üçün çox önəmlidir. Lakin hesab edirik ki, dünyada sülhün, təhlükəsizliyin qarantı olan bu nüfuzlu beynəlxalq təşkilatda da bəzi islahatlar aparılmalıdır. Çünki işğalçı Ermənistanın BMT-nin qərar və qətnamələrinə məhəl qoymamasına göz yummaq olmaz.
Oqtay Əsədov xanım Vayra Vike-Freyberqanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi barədə təklifini də yüksək dəyərləndirdi.
Milli Məclisin Sədri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən də söz açdı. Bildirdi ki, müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq Azərbaycanla Aİ arasında əlaqələrə böyük töhfələr verəcək.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən Vayra Vike- Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir şəhərə çevrildiyini xüsusi qeyd etdi. O, Azərbaycanın Aİ ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini bildirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 4.