Azərbaycan dövləti uşaqlara və gənclərə xüsusi diqqət və qayğı göstərir

 

Azərbaycanda səfərdə olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 14-də Milli Məclisdə uşaq hüquqları üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, işçi qrupunun üzvü, deputat Gülər Əhmədova qonağa Azərbaycanda uşaq hüquqları ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Mili Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların hüquqlarının müdafiəsi üçün çox mühüm layihələr həyata keçirilmişdir. Milli Məclis uşaq hüquqları, gənclər və gənc ailələrlə bağlı çox mühüm qanunlar qəbul etmiş, bir sıra beynəlxalq konvensiyalara müsbət münasibət bildirmişdir. Azərbaycan parlamenti Avropa Şurasının "Uşaqlara qarşı zorakılığa yox deyək" devizi altında həyata keçirdiyi layihələri dəstəkləmişdir.

İşçi qrupunun üzvləri Qənirə Paşayeva, Asəf Hacıyev, Rövşən Rzayev və başqaları Azərbaycan dövlətinin gənclər siyasəti və uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticələrindən danışmış, beynəlxalq ictimaiyyətin hələ də işğalçı dövlətə qarşı sərt mövqe göstərməməsindən təəssüf hissi keçirdiklərini bildirmişlər.

Vayra Vike-Freyberqa demişdir ki, Azərbaycan sürətlə inkişaf edirsiz xoşbəxt insanlarsınız ki, belə bir ölkədə yaşayırsınız. Azərbaycan təkcə təbii sərvətləri ilə deyil, insan kapitalı ilə də zəngin ölkədir. Biz sizin problemlərinizi də başa düşürük. Əminik ki, sizin bu probleminiz tezliklə sülh yolu ilə həllini tapacaqdır.

Söhbət zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların, gənclərin problemlərinin həlli ilə əlaqədar beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığın əhəmiyyəti vurğulanmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 4.