Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalanmışdır

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı

 

- Hörmətli Prezident, dəyərli qardaşım Əliyev!

Hörmətli iştirakçılar, dəyərli mətbuat nümayəndələri!

Xanımlar və cənablar!

Azərbaycan Prezidenti mərhum Heydər Əliyevin "bir millət, iki dövlət" kimi tərif verdiyi Türkiyə-Azərbaycan əməkdaşlığında arzu edilən və hədəflənən bir nöqtəni, hətta bir zirvəni bu gün həyata keçirir, tarixi bir səhifə yazırıq.

Hörmətli Əliyevin o müdrik ifadəsinin həyat verdiyi anlayış az əvvəl dəyərli qardaşım İlham Əliyevlə birlikdə imzaladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq bəyannaməsi ilə artıq yeni bir məna qazanmışdır. Mən bu dostluğun gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi gördüyümü xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarixkönül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.

Bu sağlam zəmin üzərində qurulan, "bir millət, iki dövlət" prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasiiqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik.

Əvvəllər də Suriya, İordaniya, Livan, İraq, Rusiya və Yunanıstan kimi ölkələrlə də yaratdığımız bu mexanizmin istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə vermiş olduğu nəzərəçarpacaq faydalarını bu qısa müddətdə belə müşahidə etmək imkanımız oldu. Bu mexanizmin Türkiyə-Azərbaycan əməkdaşlığına da böyük töhfələr verəcəyi şübhəsizdir. Belə ki, Şura çərçivəsində yaradılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm olaraq nəzərdən keçirilməsini təmin edəcək, həm müsbət sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fikirdə formalaşmış bir sıra nöqsanların təcili aradan götürülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası, eyni zamanda, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Atatürklə "bir millət, iki dövlət" deyən mərhum Heydər Əliyevdən aldığımız bayrağı daha da irəliyə aparmaq qətiyyətinin bir təzahürüdür.

Bu əlamətdar gündə mən Şuranın yaradılması mərhələsində göstərdiyi əməkdaşlıq üçün dəyərli qardaşım, hörmətli Prezident İlham Əliyevə xüsusilə təşəkkür etmək istəyirəm.

Bu işdə böyük fədakarlıq və səylə çalışaraq sazişin qısa müddətdə təsdiq olunma mərhələsinə gəlməsini təmin edən rəsmilərimizə, nazir dostlarıma, məmurlarımıza da təşəkkürümü bildirmək istəyirəm.

Çıxışımın əvvəlində də söylədiyim kimi, Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası bu qardaşlığı möhkəmləndirən daimi bir əsər olacaqdır. Bu düşüncələrlə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının istər ikitərəfli əlaqələrimiz, istərsə də regional əməkdaşlıq naminə uğurlu olmasını diləyir, sevgi və hörmətlərimi ifadə edirəm.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 3.