İstanbulda Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olmuşdur

 

İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində "Çırağan" sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olmuşdur.

Toplantıdan əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü olmuşdur.

Tərəflər Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşünün əhəmiyyətini vurğulamış, Naxçıvanda keçirilmiş IX zirvə görüşündən keçən müddətdə görülmüş işləri müsbət qiymətləndirmişlər. İki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.

Sonra, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin toplantısına qatılmışdır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Türkmənistan Nazirlər Kabineti sədrinin beynəlxalq əlaqələr üzrə müavinixarici işlər naziri Rəşid Meredov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev və Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev toplantıda iştirak etmişlər.

Toplantını giriş sözü ilə açan Əhməd Davudoğlu demişdir ki, xarici siyasət idarələrinin başçıları İstanbulda tarixi bir Zirvə görüşündə iştirak edirlər. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibliyi yaradılır və bu qurum təhsil, mədəniyyət və sosial sahələrdə mühüm proqramlar həyata keçirəcəkdir. Qarşıdakı illərdə türkdilli ölkələr dünyada öz güclərini daha da artıracaqlar və Türkiyə qardaş ölkələrə bütün platformalarda yardım etməyə hazırdır.

 

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 3.