Bakıda MDB ölkələrinin
Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri
Rəhbərləri Müşavirəsinin XI iclası keçirilmişdir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 14-15-də Bakıda MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş XI iclası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində iclas öz işinə başlamışdır. İclasın açılışında iştirak edən Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə çıxışında Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə, dövlətlərarası dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini və bu istiqamətdə bütün səyləri dəstəklədiyini qeyd etmişdir. Baş nazir Bakı şəhərində keçirilən tədbirdə müzakirə ediləcək məsələlərin səmərəli olacağına və konkret nəticələr verəcəyinə ümidvar olduğunu söyləmişdir.
MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov X iclasdan sonrakı müddətdə görülmüş işlər barədə ətraflı məlumat vermiş, beynəlxalq terrorçuluğun, dini və siyasi ekstremizmin, ümumən bu cür hüquqazidd təzahürlərin, Birlik ölkələrinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin əməkdaşlıq münasibətlərinin mühüm amil olduğunu diqqətə çatdırmışdır. Mixail Fradkovun növbəti il üçün Eldar Mahmudovun MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri seçilməsi barədə təklifi yekdilliklə qəbul olunmuşdur.
Müşavirənin yeni sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov terrorçuluğun, eləcə də onu doğuran təzahürlərin, o cümlədən ekstremist və kriminal strukturların dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlər olduğunu bildirmişdir. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Nazir Eldar Mahmudov MDB-nin iştirakçısı olan dövlətlərin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirmişdir. O, həmçinin müşavirənin XI iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulamışdır.
Müşavirənin XI iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını bəyan etmişlər.
Sonda MDB ölkələri Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XII iclasının Tacikistanın Düşənbə şəhərində keçirilməsi qərara alınmışdır.
Azərbaycan.- 2010.- 16 sentyabr.- S.4.