Dünya Bankının rəsmisi
İçərişəhəri gəzmişdir
Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Flip Le Üreni İçərişəhərdə olmuşdur. Qonağa YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir.
Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıq zamanı qonağa bildirilmişdir ki, XII əsrdə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın paytaxtı Bakıya köçürülmüşdür.
Kiçik Qala küçəsində yerləşən təndir Flip Le Üreninin diqqətini xüsusi cəlb etmiş, o, təzə bişmiş çörəyə qonaq edilmişdir.
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcudluğunun əyani göstəricisi olan Buxara və Multanı karvansaraları ilə tanışlıqdan sonra qonağın nəzərinə çatdırılmışdır ki, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən geniş ticarət əlaqələrinə malik olmuşdur.
Flip Le Üreni dünya əhəmiyyətli abidə olan Qız Qalasını gəzdikdən sonra Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilən ikimərtəbəli karvansarada olmuşdur. Ona bildirilmişdir ki, karvansara bütöv künc qalalarla mühafizə olunmuşdur, bu da onun şəhər divarları sistemində müdafiə xarakterini göstərir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Flip Le Üreni Məhəmməd məscidində hazırda Avstriyanın məşhur bərpaçı mütəxəssisi Erik Pummerin rəhbərliyi ilə aparılan muzey konservasiya işləri ilə maraqlanmışdır.
Daha sonra Kiçik Karvansara abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olan qonağa xatirə hədiyyələri təqdim edilmişdir.
Sonda qonaq İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan.- 2010.-16
sentyabr.- S. 4.