Dövlət və hökumət
başçılarının birgə mətbuat konfransı
Xəbər verdiyimiz kimi, sentyabrın 14-də
AGRİ layihəsinə dair Bakı Bəyannaməsi
imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev,
Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil
Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban
birgə mətbuat konfransı keçirmişlər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV
bəyanatla
çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Mən hamını bu əlamətdar hadisə ilə bağlı təbrik etmək istərdim. Biz indicə AGRİ layihəsi üzrə mühüm bir bəyannamə imzaladıq. Bu layihə üzərində biz uzun müddət çalışmışıq. Bu layihənin nisbətən yeni bir layihə olmasına baxmayaraq, onun çox yaxşı gələcəyi vardır. Biz bu gün bunu müzakirə etdik. Ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verib. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır.
Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey vardır. İlk növbədə bizim çox güclü siyasi iradəmiz vardır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun yaxşı göstəricisidir.
Bizim böyük həcmdə təbii ehtiyatlarımız vardır. Azərbaycan "Şahdəniz" və digər qaz yataqlarında hasilatı artırmaq üçün öz töhfələrini verəcəkdir. Bizim etibarlı nəqletmə və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində istehlakçılarımız vardır. Onların qaz təchizatının əlavə mənbələrinə ehtiyacları vardır. Əgər biz istənilən potensial enerji layihəsində bütün əhəmiyyətli elementləri bir araya qoysaq görərik ki, mənzərə çox vədedicidir. Zənnimcə, imzaladığımız bəyannaməni hansı sürətlə və səmərə ilə icra etməyimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırılmasından, bütün təcrübə və texniki bacarıqlarımızın istifadəsindən çox şey asılı olacaqdır.
Nəhəng enerji layihələrini irəliyə aparmaq və icra etmək təcrübəsi, əminəm ki, bizə uğur gətirəcəkdir. Bizim özəl təcrübəmiz vardır və bu gün biz sərmayələrin cəlb edilməsi, neft və qaz sahəsinə sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması üçün beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini, tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu maraqların tarazlığı, qarşılıqlı asılılıq layihələrin uğurla həyata keçirilməsi üçün mühüm elementlərdən sayılır. Başqa sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər bir şərait vardır. Ümid edirəm ki, bugünkü imzalanma mərasimi və apardığımız danışıqlar, şirkətlərin və nazirliklərin nümayəndələrinə verdiyimiz göstərişlər gələcəkdə uğurun əldə olunması üçün öz rolunu oynayacaqdır.
Bir daha bu mühüm tarixlə bağlı
hamını təbrik etmək istərdim. Əminəm ki, bu
gün tarixdə öz yerini tutacaq, tərəfdaşlığı,
enerji təhlükəsizliyini, üzərində
çalışdığımız tədbirləri
gücləndirəcək, xalqlarımız və regionlarımız
arasında əməkdaşlığa, çiçəklənməyə
və uğurun əldə olunmasına gətirib
çıxaracaqdır. Bir daha mən hörmətli
qonaqlarımıza bizimlə bir araya gəldiklərinə və
bütün iştirakçılara gərgin əməklərinə
görə təşəkkür edirəm. Çox sağ
olun və sözü Prezident Saakaşviliyə verirəm.
Gürcüstan Prezidenti Mixeil
SAAKAŞVİLİ bəyanatla çıxış edərək
dedi:
- İlk növbədə mən Azərbaycan tərəfinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Mən Bakıya tez-tez gəlirəm və hər dəfə buraya gələndə bu şəhərin təkcə həmişə inkişaf etdiyini deyil, onun parlaq gələcəyə sürətlə addımladığının şahidi oluram. Əslində, çox canlı şəhərdir, burada həmişə nə isə baş verir. Dünən bizim İçərişəhəri gəzmək və şəhərdə aparılan yeni tikinti işləri ilə yaxından tanış olmaq üçün gözəl imkanımız oldu. Bilirsiniz, bu siyasət elə bir fakta, elə bir fikrə əsaslanır ki, Azərbaycanın bütün gəlirləri insanların, xalqın rifahına yönəlməlidir. Azərbaycanda məhz belə nəticələr əldə olunur. Düşünürəm ki, bunun əsasında davamlı, uzaqgörən siyasət dayanır. Bakının gözəlliyi və Prezident İlham Əliyevin ruh yüksəkliyi, onun öz ölkəsinin gözəl gələcəyini necə təmin etməsinə dair baxışları məndə dərin təəssüratlar yaratdı.
Bir daha, qeyd etmək istərdim ki, bu gün burada baş verənlər tarixdir. Əgər xəritəyə nəzər yetirsəniz, görərsiniz ki, bu, enerji daşımaları üçün ən məntiqi marşrutdur. Belə ki, bu, düz xətt üzərində yerləşir və ən qısa yoldur. O, Qara dənizdən min yüz kilometr məsafəni əhatə etməklə, enerji ehtiyatlarının Xəzər dənizindən Avropa istiqamətinə daşınmasında ən qısa yoldur. Bu layihənin daha öncə ərsəyə gəlməməsinin səbəbi burada üçüncü tərəflərin müəyyənləşdirilməməsi idi. Eyni zamanda, biz Türkiyə ərazisindən keçəcək Nabukko boru kəmərini də tam dəstəkləyirik. Lakin AGRİ layihəsi şübhəsiz ki, ən məntiqi və qısa yoldur. Prezident Trayan Besesku da bu layihənin sadəliyini görənlərdən biri oldu, o da bu layihəyə "hə" dedi, lazımi işləri həyata keçirdi. Bu gün biz Macarıstanın Baş naziri Viktor Orbanı burada görməyimizə şadıq. Zənnimcə, bu, onun ölkəsi üçün, "Şərq Tərəfdaşlığı" proqramı üçün vacib məsələdir.
Gələn il Macarıstan Avropa İttifaqının sədrliyini üzərinə götürəcəkdir. Biz hamımız Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ilə daha sıx əlaqələrinin yaranmasında və bütün istiqamətlərdə hansı işlərin görülməsində böyük rol oynayırıq. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz Macarıstanın özündə, siyasətində, macar hökumətində yeniliklər müşahidə edirik. Demək istəyirəm ki, onlar islahatlar həyata keçirirlər. Bizim də çox islahatçı ölkə olduğumuzu bildirmək istərdim, lakin bu mənada Macarıstanın da adını çəkməyə bilməzdim. Digər tərəfdən, düşünürəm ki, bu, "Şərq Tərəfdaşlığı" siyasətinin tərkib hissəsi kimi yeni enerji təchizatına gətirib çıxaracaqdır.
Bizə yeni enerji və yeni təkan lazımdır. İndi Macarıstanın bu layihədə iştirakı Avropada enerji layihələrinə yeni nəfəs verəcək və yeni baxış yaradacaqdır. Eyni zamanda, biz Macarıstanın və Rumıniyanın enerji sahəsində ümumi Avropa İttifaqı siyasətinin yaradılması və Avropada uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylər göstərəcəyinə ümid edirik. Mənim ölkəm hələ bir neçə il öncə enerji məsələsində təhlükəsiz deyildi. Bu gün Gürcüstanın enerji təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün səylərini bir araya toplayan azərbaycanlı dostlarımızın və digər tərəfdaşlarımızın sayəsində Gürcüstan dünyanın ən sabit və təhlükəsiz ölkələri sırasındadır. Düşünürəm ki, bu, şaxələndirmənin, aydın fikrin, yaxşı tərəfdaşlığın, şəffaflığın, məsuliyyətin və bu layihənin etibarlılığının parlaq nümunəsidir.
Azərbaycana
nəzər yetirsəniz, özünüz də şahid
olarsınız ki, bir çox layihələrdə bu ölkə
heç kimi heç vaxt çətin vəziyyətdə
qoymayıb. Digər enerji ixracatçılarına nəzər
yetirdikdə, bunun müstəsna hal olduğunun şahidi
olacaqsınız. Bu nöqteyi-nəzərdən, indi biz nikbin
olmalıyıq. Bu, ümumi bir bəyannamə deyil, bu,
reallıqdır, bu, baş verəcək və bu regionda həyata
keçiriləcək ən sürətli layihə
olacaqdır. Çox sağ olun.
Rumıniya Prezidenti Trayan BESESKU bəyanatla
çıxış edərək dedi:
- İlk növbədə icazə verin, mən öz həmkarlarımı təbrik edim, çünki biz razılıq əldə etdik. Bəyannamədə qeyd edildiyi kimi, biz bu layihəni reallaşdırmaqda qərarlı olduğumuzu açıqladıq. Mən hesab edirəm ki, bu layihə ilk növbədə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na doğru yanaşmasının sübutudur. Bu layihə sübut edir ki, Avropa İttifaqı sərhədlərinin şərq hissəsində yerləşən ölkələr hər iki tərəfin maraqları çərçivəsində əməkdaşlıq edə bilər. Layihə, eyni zamanda, Avropa İttifaqının açıq bazarı təmin etmək məqsədilə alternativ yollar yaratmaq strategiyasına uyğun gəlir. Həmçinin bu layihə Qara dənizin iki tərəfini birləşdirən, demək olar ki, ən mühüm layihədir.
Uzun müddət mən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda belə bir fikri dəstəkləmişəm ki, Avropa İttifaqının, hətta NATO-nun təhlükəsizliyi Xəzər dənizi regionunda və Mərkəzi Asiyada baş verən hadisələrdən çox asılıdır. Bu layihə Avropa İttifaqı ölkələri, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcəkdir. Mən əminəm ki, Azərbaycan hazırda layihənin ilk təminatçısıdır. Lakin Azərbaycan layihənin yeganə təminatçısı olmayacaqdır. Bundan əlavə, layihə Avropa İttifaqının şərq hissəsinin enerji təhlükəsizliyi sahəsinə daxil olmaqla, bu sahəyə də öz töhfəsini verəcəkdir.
Biz iki il bundan əvvəl nə baş verdiyini bilirik. Ukrayna ərazisindən qaz təchizatı sual altında idi. Həmin dövrdə Rumıniya kifayət qədər qaz enerjisinə malik idi və qazın həcmi nöqteyi-nəzərindən Bolqarıstan kimi ölkələri təmin edə bilərdi. Lakin əlaqələrin olmaması səbəbindən Rumıniya bu ölkəyə yardım göstərə bilməyib. Hazırda Avropa İttifaqı Rumıniya və Macarıstan, Rumıniya və Bolqarıstan arasında qazın ötürülməsi üçün zəruri infrastrukturu maliyyələşdirib. Biz hesab edirik ki, Macarıstanın bu layihədə iştirak etməsi layihəni Avropa İttifaqı daxilində rəqabətə davamlı və səmərəli edən amildir.
Bu layihə
siyasi qərarlara deyil, səmərəliliyə əsaslanan
yeganə layihədir. Əlbəttə, kimsə bu layihəyə
daxil olmağın xərclərini müəyyən etsə,
o, asanlıqla əmin olacaq ki, bu, ən doğru iqtisadi həll
yoludur. Layihənin ilkin mərhələsinin infrastrukturu
Rumıniya, Macarıstan, Avstriya və digər ölkələrin
ərazisində qurulacaqdır. Layihənin ölkəmizin ərazisində
reallaşması üçün yalnız biri
Gürcüstan, digəri isə Rumıniyada olan iki mayeləşdirilmiş
təbii qaz terminalı və Gürcüstan ərazisində
terminalın 100 kilometr genişləndirilməsi ilə əlaqədar
investisiya qoyulması kifayət edir. Bu, onun ucuz, səmərəli
və mərhələlərlə inkişaf etdirilə biləcək
bir layihə olmasının göstəricisidir. Keyfiyyətli
nəticələr üçün biz bu gündən
AGRİ layihəsinin tərəfdarıyıq. Əlbəttə,
biz Nabukko layihəsinin əleyhinə olmayacağıq. Biz onun
da əsas tərəfdarıyıq. Lakin Rumıniya daha
çox AGRİ layihəsinə dəstək verəcək.
Çünki bu layihə tezliklə reallığa çevrilə
bilər. İki-üç ilə bu, real olacaqdır. Təşəkkür
edirəm!
Macarıstanın Baş naziri Viktor
ORBAN bəyanatla çıxış edərək dedi:
- Təşəkkür edirəm. Məndən əvvəl çıxış edənlərə qoşularaq bizi əfsanəvi Bakı şəhərinə dəvət etdiyi üçün ev sahiblərinə təşəkkürümü bildirirəm. Mən Sizin paytaxtınıza ilk dəfə gəlirəm. Şəhərin möhtəşəmliyi bir faktı əsaslandırır ki, buraya daha əvvəl gəlməmək böyük səhv olub. Mən ümid edirəm ki, Macarıstan uzun müddət bu ərazi ilə Avropa İttifaqı arasında əməkdaşlığın qurulmasına kömək edəcəkdir.
Cənab Prezident, icazə versəniz, mən üç məsələyə toxunmaq istərdim. Əvvəlcə bizim kiminsə qalib gələcəyi və ya kiminsə məğlub olacağı fəlsəfəsinə əsaslanan əməkdaşlıq və ittifaqlar üzrə təcrübəmiz vardır. Beləliklə, hazırda əməkdaşlıq üçün doğru zamandır. Çünki bu, bütün tərəfləri qane edən bir vəziyyətdir. Bu, hamıya uğur gətirəcək əməkdaşlıqdır. Bu əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyi üçün biz çox məmnunuq. Bu, dünya siyasətinin gələcək onillikləri üçün bir müjdədir.
Qeyd etmək istədiyim ikinci məsələ isə, hər bir macarın düşüncəsində olan şaxələndirmə məsələsidir. Əgər biz marşrutları və mənbələri ayırmasaq, enerji bazarında rəqabət yaranmayacaqdır. Enerji bazarında rəqabət olmasa, biz həmin biznes sahəsini siyasiləşdirmiş olacağıq. Enerji və siyasətin birləşməsi isə hamımız üçün bir çox problemlər yaradır. Bu səbəbdən, şaxələndirmə bu vəziyyətdən çıxış yolu və rəqabəti təmin edəcək amildir. Bu investisiya və əməkdaşlıq marşrut və mənbələrimizin şaxələndirilməsinin gözəl nümunəsidir.
Sonda bildirmək istərdim ki, zati-alilərinin qeyd etdiyi kimi, biz macarlar bu əməkdaşlığın qərb hissəsini təmsil edirik. Biz bunun nə demək olduğunu bilirik. Biz bu layihəyə ciddi yanaşırıq və Rumıniya ilə əməkdaşlıq zamanı əlimizdən gələni edəcəyik ki, bu layihənin bütün Avropa İttifaqı üçün rəqabətə davamlı bir layihə olduğunu göstərə bilək. Biz layihənin sabit təməlini bu yolla təmin edəcəyik. Beləliklə, zati-aliləri, Sizə dəvətiniz üçün təşəkkürümü bildirirəm. Mən burada olmaqdan çox məmnunam və Sizə bütün macar xalqı adından minnətdarlığımı çatdırıram. Təşəkkür edirəm.
* * *
Sonra dövlət
başçıları jurnalistlərin suallarına cavab
verdilər.
* * *
- Mənim sualım Prezident Trayan Beseskuyadır. Mən
soruşmaq istəyirəm ki, Avropanın maliyyə vəsaitləri
bu layihə üçün istifadə oluna bilərmi? Bunun
Nabukkoya nə cür təsiri olacaq? Eyni zamanda, demək istəyirəm
ki, Azərbaycan tərəfi də Nabukkoda iştirak etmək
istəyini bildirmişdir. İndi isə mən Sizin yeni bir
layihə ilə bağlı fikirlərinizi öyrənmək
istərdim.
Trayan BESESKU: Gəlin sualınızın sonuncu hissəsindən başlayaq. Rumıniya texniki əsaslandırma işini hazırda aparmaqdadır və bunu ABŞ hökuməti öz inkişaf və ticarət agentliyi vasitəsi ilə maliyyələşdirir və burada söhbət Konstansada maye qaz terminalının tikintisindən gedir. Yəni, amerikalı tərəfdaşlar istəyir ki, araşdırma daha geniş şəkildə aparılsın ki, buraya Gürcüstan da daxil edilsin. Buna imkan da vardır. Ona görə, əvvəlcə demək istəyirəm ki, bunu maliyyələşdirmək və texniki əsaslandırma işini də vaxtında həyata keçirmək olar. O ki qaldı qiymət məsələsinə, mən bu haqda heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, əgər layihə icra olunarsa, bu, ticarət və inkişaf agentliyi tərəfindən maliyyələşdiriləcək və mərhələlərlə həyata keçiriləcəkdir. Konstansa terminalı vasitəsilə ildə 10 milyard kubmetr, növbəti ildə əlavə 10 və üçüncü ildə əlavə 10 milyard kubmetr qaz ötürüləcəkdir. Bu isə ümumilikdə 30 milyard kubmetr təşkil edəcəkdir. Bu layihə, ilk növbədə bazardakı mövcud tələbatdan, digər tərəfdən, təchizat mənbələrindən asılı olacaqdır. Təbii ki, layihənin birinci mərhələsinə gəldikdə, əminliklə qeyd etmək olar ki, bu, Azərbaycan qazı sayəsində həyata keçiriləcəkdir. Avropa maliyyəsi cəlb olunacaqdır ki, texniki əsaslandırma işi başa çatdırıldıqdan sonra artıq biz daha ciddi şəkildə həmin bu sərmayənin maliyyə mənbələri haqqında danışa bilək. Hazırda o öhdəliyi, o məsuliyyəti öz üzərimizə götürürük ki, biz dövlətlər olaraq layihənin müxtəlif mərhələlərinə hazırıq. Daha sonra isə, növbəti bir mərhələ kimi sərmayələri yatıracaq, terminalları istismar edəcək şirkətləri müəyyən edəcəyik. Bu, özəl şirkətlərə məxsus terminallar olacaqdır ki, biz bir növ özəl sərmayələri cəlb edə bilək. Biz istəyirik ki, işlər başlansın. Yəni, burada milli şirkətlərin, 4 ölkənin şirkətlərinin oynadığı rol ondan ibarət olacaqdır ki, onların Buxarestdə ümumi bir ofisi olsun və layihə çərçivəsində bunu irəliyə doğru apara bilsinlər. Mənim üçün bu layihəyə nə qədər vəsaitin sərf olunacağını demək çətindir. Siz bilirsiniz ki, bu, ən ucuz və ən az vəsait tələb edən bir layihə olacaqdır. Bu, mövcud alternativ yollar arasında Xəzər dənizi və Mərkəzi Asiyadan enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasının ən asan yoludur. Qiymətlərə gəldikdə isə, bu, çox yaxşı rəqabət qabiliyyəti olan bir layihə olacaqdır.
- Cənab prezidentlər, cənab
Baş nazir, çox sağ olun. Sizdən bir daha bu layihənin
şaxələndirmə və alternativ təchizat
marşrutları nöqteyi-nəzərindən əhəmiyyəti
barədə soruşmaq istərdim, bu, hər kəs
üçün enerji təhlükəsizliyinin təminatı
hesab edilə bilərmi?
Viktor ORBAN: Sual ilk baxışda göründüyündən daha geniş sahələri əhatə edir. İlk növbədə, qlobal iqtisadiyyatda bir çox çətinliklər mövcuddur və bunlar gələcəkdə də olacaqdır. Buna görə də, biz Avropanın, məsələn, on ildən sonra necə olacağını deyə bilmərik. Şübhəsiz ki, Avropada və qlobal iqtisadiyyatda bir çox qeyri-müəyyən məqamlar vardır. Əsas məsələ siyasətçilərin və xalqların bu qeyri-müəyyənliklərə necə cavab verməsidir. Burada iki mümkün hal ola bilər. Birincisi, heç bir tədbir görməmək və qlobal maliyyə böhranının bitməsini gözləmək. Digər variant isə, fəal olmaq və qlobal böhranla mübarizə aparmaqdan, yeni perspektivləri müəyyənləşdirməkdən ibarətdir. İnanıram ki, bu baxımdan layihə çox vacibdir, çünkü o, qeyri-müəyyənlikdə olan qlobal iqtisadiyyata yaxşı bir cavabdır. Bu, eyni zamanda, avropalılar üçün də yaxşı ismarıcdır. Bilirsiniz, bu, çox vacibdir, büdcələrin tarazlığı da çox vacibdir, lakin biz bununla kifayətlənməməliyik. Buna görə də biz işləri davam etdirməliyik. Hərəkət olmayan yerdə, biznes də olmur. Biznes olmadıqda, iqtisadi inkişaf da olmur. İqtisadi inkişaf olmadıqda isə, insanlar işsiz qalır. Doğrudan da, insanlar işsiz qalır. Avropa təcrübəsində siyasi sabitsizlik baş verə bilər. Əgər Avropada sülh və sabitlik şəraitində yaşamaq istəyiriksə, o zaman biz qeyri-müəyyənliklərə qarşı fəal olmalıyıq. Budur bu layihənin siyasi anlamı. Məhz buna görə mən fəal qrupun üzvü olmaqdan çox şadam. Kim tərəddüd etmir? Çətin vəziyyətlərin öz-özünə həllini tapacağını gözləməyin, çalışın gələcəyi özünüz yaradın. Məni həvəsləndirən məhz budur. Bu nöqteyi-nəzərdən bizim ittifaq növbəti onillikdə Avropa iqtisadiyyatının sabitləşməsinə töhfələr verəcəkdir.
İlham ƏLİYEV: Əlavə etmək istərdim ki, şaxələndirmə enerji təhlükəsizliyinin mühüm elementlərindən biridir. Çünki Azərbaycan kimi dünyanın neft və qaz bazarlarına birbaşa çıxışı olmayan ölkələr, - mən burada böyük bazarları nəzərdə tuturam, - daim şaxələndirilmiş təchizat marşrutlarına ehtiyacın yarandığı vəziyyətlə üzləşirlər. Şaxələndirilmiş təchizat infrastrukturu yarandıqda isə, müstəqil enerji siyasəti yürütmək imkanlarımız sürətlə artır. Deyə bilərəm ki, bir vaxtlar Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilmiş nəqletmə infrastrukturu yox idi. Bizim sovet dövründə tikilən bir neçə neft və qaz boru kəmərimiz var idi və onlar fəaliyyət göstərmirdi. Müstəqillik illərində isə hasilata yatırılan sərmayələr nəqletmə infrastrukturuna qoyulan sərmayələrlə paralel aparılırdı. Məhz bu yolla Bakı-Supsa neft boru kəməri, sonra isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və daha sonra Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri tikilmişdi.
Hazırda böyük neft və qaz ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycanın nefti və qazı bütün istiqamətlərə nəql edən 7 boru kəməri vardır. Bütün bu boru kəmərlərini genişləndirmək üçün yaxşı imkanlar var, o cümlədən texniki cəhətdən yaxşı imkanlar vardır. Əgər özümüzün və qonşu ölkələrin təbii qazını daha çox nəql etmək zərurəti yaranarsa, biz əlavə boru kəmərlərini də tikə bilərik. Bizim üçün şaxələndirmə enerji potensialımızı reallaşdırmaq qabiliyyəti deməkdir. Biz tam dərk edirik ki, şaxələndirmə enerji ehtiyatları ilə özünü tam təmin etməyən ölkələr üçün proqnozlaşdırmanın mümkünlüyü və enerji təhlükəsizliyi deməkdir.
Bildiyimiz kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Bu mənada bugünkü tədbirin və bəyannamənin, keçirdiyimiz sammitin əhəmiyyəti ondan ibarətdir ki, biz səylərimizi birləşdiririk. Biz hamımız bu layihənin həyata keçirilməsində maraqlıyıq. Biz bu layihənin həyata keçirilməsi işinə siyasi səylərimizlə, maliyyə resurslarımızla və təbii ki, maliyyə bazarlarının imkanları ilə töhfə verəcəyik. Bu da həm hasilatçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün şaxələndirməni təmin edəcəkdir.
- Qazın Qafqazdan Mərkəzi
Avropaya nəqli üçün bir neçə yanaşma
mövcuddur. Siz məhz bu layihənin reallaşmasının
şanslarını necə qiymətləndirirsiniz? Nəzərə
alsaq ki, artıq Azərbaycan və Rusiya arasında qaz
alqı-satqısına dair anlaşma imzalanıb.
Mümkünsə ölkənin qaz ehtiyatlarını
açıqlayardınız və AGRİ layihəsi hansı
həcmdə qazla təchiz edilə biləcək?
İlham ƏLİYEV: Bu gün biz bu məsələləri müzakirə etdik. Rəqəmlər bəllidir. Bu il Azərbaycanda qaz hasilatının həcmi 28 milyard kubmetrdir. Deyə bilərəm ki, daxili tələbat təxminən 10-11 milyard kubmetrə bərabərdir. Qalan hissəsi isə ya ixrac olunur, ya da neft hasilatını artırmaq və eyni zamanda, qazın ehtiyatda saxlanılması üçün yenidən quyulara vurulur. Bu gün bizim qaz hasilatımız ixracetmə imkanlarımızla məhdudlaşır. Biz bu gün ixrac edə biləcəyimiz həcmdən daha az ixrac edirik. Bu səbəbdən biz yeni bazarlar, yeni istiqamətlər axtarışındayıq.
Bu gün biz təkcə Rusiyaya deyil, digər qonşu ölkələrə də qaz ixrac edirik. Məsələn, Türkiyəyə qaz ixrac edirik. Bu il ixracın həcmi 6 milyard kubmetrdən çox olacaqdır. Biz bir neçə milyard kubmetr qazı ixrac üçün asanlıqla artıra bilərik. Biz Gürcüstana qaz ixrac edirik, bu, təxminən 1 milyard kubmetrdən çoxdur. Bu, Gürcüstanın bugünkü tələbatıdır. Əminəm ki, bu həcm artacaqdır. Çünki Gürcüstanın iqtisadiyyatı sürətlə inkişaf edir və biz həcmin artımına hazır olacağıq. Biz İrana da qaz ixrac edirik. Mövcud potensial və boru kəmərləri əlavə qaz təchizatını təmin edə bilər. Ötən il biz Rusiya ilə müqavilə imzaladıq və bu ilin əvvəlindən etibarən məhdud həcmdə - yarım milyard kubmetr qazı Rusiyaya nəql edirik. Lakin Rusiyanın Azərbaycan kimi yaxın ölkənin qazı ilə öz cənub bölgəsinin qaz təchizatına artan tələbatını və bizim qaz hasilatımızın artmasını nəzərə alaraq, Rusiyaya ixrac olunan qazın həcmini artırmağa qərar verdik. Bu il bu həcm 1 milyard kubmetrə çatdırılacaqdır. Gələn il isə bu həcmi 2 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişik.
Yenə də əlavə tələbat olarsa, həcmi artırmaq imkanımız vardır.
Düşünürəm ki, bugünkü qaz hasilatımızın və ixracatımızın səviyyəsi digər layihələrdə iştirakımıza mane olmur. Biz Cənub Dəhlizinə aid layihələrə çox böyük əhəmiyyət veririk. Biz Cənub Dəhlizini bir istiqamət kimi qəbul edirik, baxmayaraq ki, Cənub Dəhlizi çərçivəsində bir neçə layihə vardır. Ən tanınmışı, yəqin ki, Nabukkodur, çünki onunla bağlı bir çox görüşlər, sammitlər keçirilib, danışıqlar aparılıb. Deyə bilərəm ki, ötən il Azərbaycan enerji təhlükəsizliyi sammitində iştirak etmişdir və biz də Nabukko ilə bağlı bəyannaməyə imza atdıq. Digəri isə Türkiyə-Yunanıstan-İtaliya layihəsidir, üçüncüsü, Transadriatik layihəsidir, növbətisi isə AGRİ layihəsidir. Bütün bu layihələr Cənub Dəhlizinin bir hissəsidir və biz onların hamısını dəstəkləyirik.
Düşünürəm ki, bunların hamısının potensialı vardır. Biz bu işlərə başlamalıyıq. Biz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini 1 milyon barrel hesabı ilə tikməyə başlayanda hasilatımızın həcmi 200 min barreldən də az idi. Biz mövcud hasilat potensialımızdan beş dəfə artıq həcmə malik olan boru kəmərinə sərmayə qoyduq. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdıqdan dörd il sonra bu boru kəməri demək olar ki, tam gücü ilə fəaliyyət göstərir. Əminəm ki, bu, AGRİ və digər layihələrdə də baş verəcək. Biz Avropa bazarında etibarlı və uzun müddətli qaz təchizatçısı olaraq qalacağıq.
- Mənim də sualım Azərbaycan Prezidentinədir. Cənab
Prezident, ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın rolu haqqında nə deyə bilərsiniz?
İlham ƏLİYEV: Bu gün biz bu məsələni ətraflı
müzakirə etdik, uzun illərdir ki, biz bu istiqamətdə
çalışırıq. Əvvəldə
qeyd etdiyim kimi, enerji təhlükəsizliyi hamı
üçün təhlükəsizliyi təmin etməli olan
çoxtərəfli bir məsələdir. Bizim üçün Avropanın enerji təhlükəsizliyi
Azərbaycanın yeni sahələrə daha çox sərmayə
qoymaq və daha çox hasil etmək imkanları deməkdir.
Bu gün sammit zamanı
çıxışımda bildirdim ki, Azərbaycanın təsdiq
olunmuş qaz ehtiyatları 2 trilyon kubmetrdir, reallıqda isə
bu, 5 trilyon kubmetrdir. Bu səbəbdən
hasilatı artırmaq üçün bizə etibarlı,
böyük və daha çox bazar lazımdır.
Bu gün biz Azərbaycanda
qaz yataqlarına böyük sərmayələrin qoyulması
ərəfəsindəyik. Bəzi hesablamalara
görə, bu, təxminən 20 milyard dollardır. Deyə
bilərəm ki, son 16 il ərzində Azərbaycanın
neft və qaz sektoruna yatırılan sərmayələrin
ümumi həcmi 46 milyard dollar olmuşdur. Bu,
kifayət qədər böyük rəqəmdir. Lakin,
təkcə 20 milyard dollar yalnız "Şahdəniz"
yatağına yatırılacaq və bu bizə mövcud
hasilatdan azı 16 milyard kubmetr əlavə qaz hasil etməyə
imkan verəcək ki, bu da təxminən 40 milyard kubmetr təşkil
edəcəkdir. Bu vəsaiti yatırmaq
üçün bizə yeni bazarlar lazımdır. Çünki, qaz biznesində əvvəl gərək,
bazar mövcud olsun, sonra isə sərmayələr qoyulsun.
Bizim üçün Avropanın enerji təhlükəsizliyi
alternativ və əlavə təchizat marşrutlarının
təmin edilməsi baxımından avropalıların
özündən heç də az əhəmiyyət
kəsb etmir. Baş nazir Orbanın qeyd etdiyi
kimi, bu, hamını qane edən bir vəziyyətdir. Biz bu sahədə çox
çalışırıq və
planlaşdırdığımız bütün işləri
böyük məsuliyyətlə, sadiqliklə həyata
keçirəcəyik.
Çox sağ
olun!
AzərTAc
Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 5.