Azərbaycanın Müdafiə Sənayesi
Nazirliyi "MSPO" beynəlxalq
müdafiə məmulatları sərgisində iştirak etmişdir
Polşa Respublikasının Kielce şəhərində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) də iştirak etdiyi "MSPO" müdafiə məmulatları beynəlxalq sərgisi başa çatmışdır.
Sentyabrın 6-dan 9-dək davam edən sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Polşanın Hərbi Sənaye Kompleksinə daxil olan "JAKUSZ" şirkəti ilə əməkdaşlıq çərçivəsində iştirak etmişdir.
Dünyanın inkişaf etmiş ölkələrindən 100-dən artıq şirkətin qatıldığı sərgidə iştirakçılara Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 60-dan çox müdafiə təyinatlı məmulat (atıcı silahlar, raket-artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatı və s.) haqqında buklet, broşür və CD-lər paylanmışdır.
Sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlar böyük marağa səbəb olmuşdur. "İstiqlal" snayper tüfəngi və döyüş sursatları xüsusi maraq doğurmuşdur.
Bir sıra inkişaf etmiş ölkələrin şirkətləri Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq etmək istəklərini bildirmişlər.
Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Polşanın yüksək rütbəli hərbçiləri MSN-in "JAKUSZ" şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirmişlər.
Sərgi zamanı Avropanın KİV-ində Müdafiə Sənayesi Nazirliyi haqqında məlumatlar verilmiş, Polşada nəşr edilən "Raport" hərbi jurnalında geniş məqalə dərc edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 6.