Opera səhnəmizin Məcnunları

 

Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası milli musiqi mədəniyyəti tarixində yeni dövr açdı. Muğamla Avropa operasının ülvi vəhdəti əsasında yaradılan bu şah əsər Azərbaycan musiqisinin ensiklopediyası sayılır. Bu da təsadüfi deyildi. Məhz bu opera ilə müsəlman Şərqində opera janrının əsası qoyuldu. İndi həmin tarixi hadisədən 102 il keçir. Maraqlıdır ki, "Leyli və Məcnun" operası yaşlaşdıqca belə, öz təravətini, gözəlliyini itirməyib. Bu gün "Leyli və Məcnun"a təkcə Azərbaycanda deyil, xarici ölkələrin çox möhtəşəm teatr səhnələrində tamaşa edirlər. Bu gün "Leyli və Məcnun"un xoş sədası dünyanın mədəniyyət mərkəzindən - YUNESKO-dan gəlir.

 

Bu illər ərzində tamaşaçıları valeh edən "Leyli və Məcnun" əsərinin baş qəhrəmanlarını onlarla tanınmış ifaçı yaradıb. Yazımızda opera səhnəmizin bir-birindən maraqlı, yaddaqalan, təsirli ifaları ilə unudulmayan Məcnunlarından söz açacağıq. "Leyli və Məcnun" operasının ilk tamaşasından öncə - 1897-ci ilin avqustunda Şuşada gənc dramaturq Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı "Məcnun Leylinin qəbri üstündə" adlı musiqili səhnəciyi oynanılıb. Şuşanın məşhur Xandəmirov teatrında səhnələşdirilmiş bu məhəbbət dastanında Məcnunun qiyafəsində səhnəyə çıxan unudulmaz Cabbar Qaryağdıoğlu olub. Kiçik bir xor dəstəsinin tərkibində 12 yaşlı Üzeyir Hacıbəyli də öz şirin avazı ilə yoldaşlarına kömək edirmiş. Xatirələrdən bəlli olur ki, məhz bu hadisə uzun müddət Üzeyirin yadından çıxmayıb. Elə uşaqlıqdan davaxtsa bu səhnəciyə bənzər bir əsər yazmaq arzusunda olub. Əgər opera səhnəsində bizim ilk Məcnunumuz Hüseynqulu Sarabski sayılırsa, bütövlükdə teatr mədəniyyəti tarixində ilk Məcnun Cabbar Qaryağdıoğludur.

Əlbəttə, Hüseynqulu Sarabski Məcnun obrazının ən mahir ifaçısı kimi şöhrət qazandı. Onun oyunu o qədər sərbəst və təsirli olub ki, sanki səhnədə həqiqətən də, Qeysin canlı obrazı diqqət çəkib. Sarabskinin səsində, hərəkətlərində, davranışında elə bir istedadın harmoniyası özünü göstərib ki, bu obraz heç vaxt unudulmayıb. Yeni yaranmış milli operanın uğurlarından biri də məhz Sarabskinin istedadı sayəsində qəlblərə təsir edən Məcnun surəti olub.

Milli operamızın inkişafında müəyyən xidmətləri ilə seçilən Hüseynağa Hacıbababəyov Azərbaycan operalarında həm qadın, həm də kişi obrazlarının qabil ifaçılarından olub. Bu sənətkar da Məcnun rolunun ən yaxşı ifaçılarından biri kimi tanınıb. Rejissor Soltan Dadaşov "Hüseynağa Hacıbababəyov" adlı kitabında yazırdı: "Hüseynağanın ürəyə yatan, oynaq kupletləri ustalıqla oxuması ona şöhrət qazandırdı". Yaradıcılıq palitrasının zənginliyi ilə seçilən Hüseynağa Hacıbababəyov təkcə Azərbaycan operalarında deyil, rus operalarında da uğurla çıxış edirdi. Xidməti müxtəlif fərmanlarla, ordenmedallarla qiymətləndirilən bu unudulmaz sənətkar Azərbaycanın xalq artisti idi.

Azərbaycan teatr sənətinin parlaq nümayəndələrindən Sidqi Ruhulla həm Bakıda, həm də Gəncədə tamaşaya qoyulan "Leyli və Məcnun"da Məcnun rolunu yaradanlardan biri olub. Son dərəcə ciddi, dramatik rolların ifaçısı olan Sidqi Ruhullanın opera sənətində bir sıra rolları yaratması həm onun məlahətli səsə malik olmasından, həm də muğama dərin bələdliyindən xəbər verir.

Azərbaycan səhnəsinin unudulmaz Məcnunlarından biriXanlar Haqverdiyev olub. Bu istedadlı sənətkar "Leyli və Məcnun" operasında bir sıra partiyaların ifaçısı kimi yadda qalıb. Böyük məhəbbət və məharətlə can verdiyi Məcnun isə bu unudulmaz sənətkarın yaradıcılığında zirvə sayılırdı. O, Məcnun rolunda öz dəst-xətdi ilə seçilən aktyorlardan biri olub. 1945-ci ildə Üzeyir Hacıbəylinin yubiley gecəsində Xanlar Haqverdiyevin mərasimdə çatdırdığı Məcnun rolu Üzeyir Hacıbəylini də valeh edib. Hətta sonralar məhz bu rolundakı yaxşı ifasına görə dəfələrlə rejissordan, teatr rəhbərliyindən yazılı təşəkkür alıb.

Ötən əsrin 30-cu illərindən teatrda müxtəlif tamaşalarda, operalarda rollar yaradan xalq artisti Əlövsət Sadıqov da Məcnun rolunun maraqlı ifaçılarından biri idi. Tədqiqatçı-jurnalist Mustafa Çəmənli "Leyli və Məcnun 100 il səhnədə" adlı kitabında yazır: "Şəkidə olan Hüseynqulu Sarabski xalq mahnısı oxuyan Əlövsəti dinləyir. Onun səsi Sarabskinin çox xoşuna gəlir, ona təklif edir ki, Bakıya gəlsin". Beləliklə də paytaxta üz tutan Əlövsət opera səhnəsində müxtəlif surətlərlə bərabər, Məcnunu da yaratmalı olub.

Məcnun roluna öz möhürünü vuran sənətkarlardan biri də görkəmli sənətkarımız Şirzad Hüseynov idi. O, opera tamaşalarında müxtəlif rollarda uğurla çıxış edib. Hələ 1943-cü ildə göstərdiyi xidmətlərə görə əməkdar artist fəxri adına layiq görülmüşdü. Xüsusi təhsili olmasa da, gözəl musiqi duyumu olan Şirzad Hüseynov məlahətli səsinin hesabına öz dövrünün sayılıb-seçilən, sevilən sənətkarlarından biri olub. Şirzad Hüseynovun oxuduğu "Zəmin-xarə" o qədər məlahətli, təsiredici imiş ki, tezliklə onu səhnəyə dəvət ediblər. Epizodik rollardan başlanan həyat yolu İbn Səlam, Məcnun, Kərəm kimi aparıcı qəhrəmanların həyatını səhnədə yaşamaqla tamamlanıb. O, çox qəribə istedada və məharətə malik imiş. Bir gün səhnədə Məcnun oxuyurmuş. O biri gün Koroğlu. Yəni, bu, hər kəsə nəsib olan istedad deyil. Çünki hər iki baş rolun səs diapozonu fərqlidir. Həm klassik, həm də muğam operasında uğur qazanmaq Şirzad Hüseynovu bütün tamaşaçılara və sənət adamlarına sevdirmişdi.

Azərbaycan mahnı janrının inkişafında özünəməxsus yeri olan xalq artisti Gülağa Məmmədov da vaxtilə opera səhnəsində bir sıra rollarla bərabər, Məcnun obrazının da yaradıcısı olub. Sonralar səsinin imkanına görə fəaliyyətini xalq çalğı alətləri orkestrində davam etdirən bu məşhur müğənni opera səhnəsində də Məcnunu maraqlı canlandıran sənətkarlardan biri sayılır.

Uzun illər OperaBalet Teatrında solist kimi çalışmış əməkdar artist Mais Salmanov da yaratdığı obrazlar qalereyasına Məcnunun da adını yazmalı olub. Məlahətli, xoşagələn səsi olan bu müğənni ilə Bəhram Mansurov ciddi məşğul olaraq ona operalarda Kərəmin, Məcnunun partiyasını oxumağı öyrədib. Həm də bu sənətkarda aktyor üçün lazım olan bütün keyfiyyətlərin mövcudluğu nəhayət ki, onu da arzusuna qovuşdurub. Bu faktdır ki, muğam ifaçılarının, xüsusilə də, opera səhnəsində çalışanların ən böyük arzusu heç olmasa bir dəfə səhnədə Məcnunun qiyafəsində görünmək idi.

Opera səhnəsinin unudulmayan, sevilən, bu gün də xiffətlə xatırlanan Məcnunlarından biri xalq artisti Əbülfət Əliyev olub. Mütəxəssislər təsdiqləyirlər ki, Məcnun obrazını yaradan hər bir ifaçının özünəməxsusluğu, istedadı var idi. Amma Məcnun rolunun ilk yaradıcılarından sayılan Hüseynqulu Sarabskidən sonra xanəndə və solist kimi Əbülfət Əliyevin bənzəri yox idi. O, Məcnunun iztirablarını məlahətli səslə. yanıqlı avazla elə tərzdə çatdırırmış ki, hər kəsin ürəyindən keçirmiş ki, kaş bu səsi Üzeyir Hacıbəyli eşidəydi.

Məlahətli səsi, özünəməxsus ifa tərzi və ustalığı olan Qulu Əsgərov da Məcnun obrazında özünü sınağa çəkib.

Öz sələflərinin yolunu bacarıqla davam etdirən görkəmli sənətkarımız Bakir Haşımov 1958-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət OperaBalet Teatrında çalışıb. Yaratdığı rollar çoxdur. Bu sırada Məcnunun öz yeri var. Onun tərəf-müqabili də Rübabə Muradova olub. İstər milli operamızın, istərsə də muğam ifaçılığının tarixində Bakir Haşımovun öz xidmətləri var.

Çox az ömür sürmüş Əli Mehdiyevin də yaradıcılıq bioqrafiyasına Məcnun rolunun adı yazılıb. Təəssüf ki, yalnız respublika radiosunun fondunda onun oynadığı "Leyli və Məcnun" operasının lent yazısından başqa bir sənəd qalmayıb. Onun Məcnununu görənlər deyirlər ki, Əli Mehdiyevin çox yumşaq, qəlb titrədən səsi olub. 1964-cü ildə ilk dəfə səhnəyə Məcnun qiyafəsində çıxan bu sənətkarın tərəf-müqabili Zeynəb Xanlarova olub.

Azərbaycan opera sənətinin çox dəyərli nümayəndələrindən birixalq artisti Arif Babayevdir. Uzun illər OperaBalet Teatrında çalışan, muğamlarımızın mahir ifaçısı Arif Babayev səhnəmizin unudulmaz Məcnunlarından biri olub. Bu sənətkarın səsindəki maqnit gücü həmişə tamaşaçıları öz cazibəsində saxlayıb. Bu səbəbdən də Arif Babayevin Məcnunu yaddaqalandır.

Bu etirafı da etmək yerinə düşür ki, OperaBalet Teatrının əsl Məcnunlarından biri məhz Baba Mahmudoğlu idi. O, uzun illər Məcnun rolunun yaradıcısı olub. Baba Mahmudoğlunda səhnəyə, sənətə dərin bir məhəbbət vardı. O, öz roluna bəzən elə qapılırdı ki, tamaşaçı səhnədə sanki əsl Məcnunu görürdü.

Bütün varlığı ilə yaratdığı obrazda məcnunlaşmağı bacaran xalq artisti Canəli Əkbərov da səhnəmizin məharətli Məcnunlarından sayılır.

Uzun illər opera teatrının solisti olan, Məcnunun atası obrazına görə mütəxəssislər tərəfindən xüsusi qiymətləndirilən xalq artisti Səfa Qəhrəmanov da Məcnun rolunun ifaçılarından biri olub. Təəssüf ki, bu sənətkar dünyasını tez dəyişdi. Bu günopera səhnəsində unudulmaz sənətkarın yeri görünür.

Xalq artisti Alim Qasımov da Məcnun rolunda məharətlə çıxış edib. 1994-cü ildə Türkiyədə Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirində Alim Qasımovla Səkinə İsmayılovanın təqdim etdikləri baş rollar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Hətta küçədə də pərəstişkarlar bu iki sənətkara yanaşaraq onlara xoş sözlər deyir, yaratdıqları gözəl obrazlara görə minnətdarlıq edirdilər.

Bu gün Azərbaycan səhnəsinin bir-birindən maraqlı, yaddaqalan Məcnunları var. Ustalıqla yaratdığı və sonsuz məhəbbətlə təqdim etdiyi Məcnun obrazı xalq artisti Mənsum İbrahimova böyük şöhrət gətirib. OperaBalet Teatrının səhnəsində bir-birindən fərqli və maraqlı obrazlar yaradan Mənsum İbrahimov yaradıcılığında Məcnunun xüsusi yeri var. O, əslində, Məcnunun Məcnunudur. Mənsum İbrahimov Məcnunu varlığı qədər sevir. "Məcnun mənim içimdədir. Nə qədər ki varam, yaşayıram, oxuyuram, o, mənimlədir!" söyləyir.

Bu gün Azərbaycan səhnəsində istedadlı Məcnunlar çoxdur. Bu rolu yaratmağa hazırlaşanlar da var, onu oynamaq arzusunda olanlar da. Səbuhi İbayev, Mütəllim Dəmirov, Təyyar Bayramov başqaları öz sələfəlrinin yolunu ləyaqətlə davam etdirmək üçün istedad qüvvələrini bir məcraya yönəltməkdən, öyrənməkdən, məşqlərdən yorulmurlar. Opera Balet Teatrından Füzuli şeirinin, Üzeyir Hacıbəyli musiqisinin sədaları daim eşidilməkdədir. Bu həzin, qəlb oxşayan melodiyanın ahəngindəki şikayət dolu misraların varlığında isə böyük bir eşqin əbədiyyəti duyulur:

 

Sənsiz, ey şux, mənim xoş güzaranım yoxdur,

Sən ki yoxsan, elə bil, cismimdə canım

yoxdur!

 

Milyonların könlündə əks-səda verən bu harayın maqnit gücündən kim qopa bilər ki?!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S.7.