Mənalı jurnalist
ömrü
İnsanlar ömür boyu tale yollarında cürbəcür hadisələrlə üzləşməli, çətin sınaqlardan çıxmalı olurlar. Hər kəs özlüyündə zaman-zaman əməlləri və düşüncələri qarşısında bir hesabat da verir - görəsən, kiminsə xətrinə dəymədim ki, bircə nəfərə də olsa yaxşılıq edə bildimmi? Və hər kəs iç dünyasında nəyə qadir olduğunu çox gözəl anladığından onu narahat edən sualları təbii ki, düzgün də cavablandırır. Uzun illər mətbuatda, televiziya və radioda çoxlarına örnək olası fəaliyyəti ilə seçilən və qələm dostlarının oxucu və dinləyicilərinin yaddaşında sözü bütöv, səmimi, xeyirxah və ləyaqətli müəllif və vətəndaş kimi yaşayan Mülatif Hacı oğlu Adurov da məhz o insanlardandır ki, həmişə vicdanının səsinə çəkinmədən, cəsarətlə səs verib, tənhalıqda da, cəmiyyət arasında da əməlləri ilə öyünüb, qürur hissi keçirib. Məhz buna görə də Mülatif müəllim haqqında söz salanlar ifadələrin ən dəyərlisini tapıb işlətməyincə rahat olmurlar.
Mülatif Adurov nə az, nə çox - düz 44 ildir ki, yazıb yaradır. Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də verilişlərin ideya-bədii səviyyəsinə nəzarət edən komissiyanın üzvüdür. Jurnalist kimi fəaliyyətə 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) türk şöbəsini bitirdikdən sonra başlayıb. Əslində, jurnalistika fakültəsinə qəbul olmaq istəyirmiş, ikiillik iş stajı və digər problemlər üzündən istəyini dəyişməli olub. Amma hələ Vedi rayonunda yaşayarkən uşaqlıq illərindən onu əhatə edən mühitin təsiri, "Sovet Ermənistanı" qəzetində redaktor işləyən dayısı Cəfər Vəlibəyovun "dərsləri" tələbə Mülatifi böyük həyata məhz jurnalist kimi hazırlayırdı. Elmli, savadlı, geniş dünyagörüşlü gənc kimi yetişməsində anası Həqiqə xanımın da əvəzsiz rolu olub.
- Ötən əsrin 40-cı illərində İkinci dünya müharibəsindən sağ-salamat qayıtmış, əslən türk olan atamı qəflətən itirdik. Anam Qori seminariyasını bitirmişdi, əsl ziyalı düşüncəli insan idi. Ruhdan düşmədi. Yeddi bacı-qardaş idik. Biz də anamıza bacardığımız köməyi edirdik, müəllimlik fəaliyyətindən qalmağa qoymurduq. Hər çətinliyə dözdük, yaşadıq. Anam Həqiqə İbrahim qızı Qərbi Azərbaycanda "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilən, "Əməkdar müəllim" adı alan ilk azərbaycanlı qadın idi. Ermənistan Ali Sovetinə deputat seçilmişdi. 1951-ci ildə məlum deportasiya nəticəsində ata-baba yurdumuzdan didərgin salındıq, gəlib Bərdə rayonunda məskunlaşdıq. Şükürlər olsun, itib-batmadıq, hamımız oxuduq, ali təhsil aldıq, ev-eşik yiyəsi olduq, bir işin qulpundan yapışdıq.
1966-cı ilin martında tələbə Mülatifi "Bakı"-"Baku" qəzetlərinin redaksiyasına dəvət edirlər. Baş redaktor Nəsir İmanquliyev onu mehribanlıqla qarşılayır: "Utandığımdan əllərimə yer tapa bilmirdim. Nəsir müəllim elə söhbət etdi, elə mətləblərdən danışdı ki, ikicə dəqiqəyə həyəcanım yox oldu. Dedi ki, məşhur heykəltəraş Pyotr Sabsayın və müğənni Lütfiyar İmanovun oxucularla qiyabi görüşünün uğurlu alınmasının səbəbi məhz mənim əməyimdir. O vaxt görünür, qəzetin əməkdaşı Qeybulla Rəsulovun tapşırığını lazımınca yerinə yetirə bilmişdim. Nəsir müəllim nigarançılığa son qoydu və bildirdi ki, məni işə götürür. Beləliklə, onun iş otağından qəzetin əməkdaşı kimi çıxdım. Özü də ürəyimdə böyük insanla bağlı ölçüyəgəlməz, sözlə ifadə olunmayacaq minnətdarlıq duyğusu ilə".
Mülatif Adurov "Bakı" - "Baku" qəzetləri redaksiyasının şəhər təsərrüfatı şöbəsində çalışsa da, oxucuların diqqətini əsasən yumoristik yazıları və hekayələri ilə cəlb edirdi. Yaşlı jurnalistlərin bəziləri ilk vaxtlar onun bu dərəcədə şirin, lap Əziz Nesin kimi yazdığına inanmırlarmış. Yumoristik yazıların müəllifinin özü də həyatda şən, zarafatcıl olduğundan o zaman dostlarının "qapısından qol da" keçirmişdi.
- Biri qayıtdı ki, sən bizə kələk gəlmə, bu yazılar Əziz Nesinindir. Dedim, elədir, düz tapmısan. Titul vərəqində görkəmli türk ədibinin ad və soyadını yazdım, axırda da türkcədən çevirən şəxs kimi öz adımı. Qəbul etdilər. Axşamüstü qəzet çapa imzalanan ərəfədə Əziz Nesinin adını çıxardım, müəllif yerinə də öz imzamı qoydum. Bu hərəkətim açıq səmada şimşək effekti yaratdı. Amma köksündə özü boyda ürək gəzdirən redaktor Nəsir İmanquliyev tərəfimi saxlamışdı. Demişdi ki, Mülatif də redaksiyamızın Əziz Nesinidir, onunla işiniz olmasın. Beləcə, 1980-ci ilədək bu qəzetdə qoruq-qaytaqsız fəaliyyət göstərdim. Ailə həyatı quranda Nəsir müəllim elçiliyimi etdi, mənzillə təmin olunmağıma yardım göstərdi.
1980-ci ilin əvvəlində tale Mülatif Adurovu Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə gətirib çıxarır. Şirkətin beynəlxalq radio verilişlərində şöbə müdiri kimi fəaliyyət göstərir. Ölkənin sosial-iqtisadi və mədəni həyatı barədə hazırladığı reportaj, oçerk və zarisovkalar Türkiyəyə, ərəb ölkələrinə, İrana yayımlanır. O illərdə Azərbaycanın rəhbəri Heydər Əliyevin iştirak etdiyi dövlət tədbirlərindən, mərasimlərdən verilişlər hazırlayır: "Ulu öndərin yaxınlığında olmaq, onun cazibəsinə düşmək əsl xoşbəxtlik idi. Çıxışına heyran olmamaq, fikir və mülahizələrinə vurulmamaq mümkün deyildi. İnsanlarla rəftarı əsl məktəb idi. Yaxşı yadımdadır, bir dəfə Sumqayıt alüminium zavodunda görüş zamanı fəhlələrdən biri ulu öndərə yaxınlaşıb utana-utana bildirdi ki, uzun illərdir bu müəssisədə işləyir, yataqxanada darısqal otaqda yaşayır. Uşaqlarının hərəsi bir qohumun evində, dostunun yanında qalır. Yeganə arzusu odur ki, ömrünün ahıl çağında balalarını bir tavan altına yığsın, birgə yaşasınlar. Ulu öndər Heydər Əliyev Sumqayıtın rəhbərinə üzünü tutub ciddi şəkildə tapşırdı ki, üç-dörd mənzili boş saxlayan bəzi fırıldaqçı məmurlar haqqında yaxşı məlumatı var, qoy onlardan biri boş mənzilini bu fədakar əmək adamına versin. Belə də oldu.
Mülatif Adurovun duzlu-məzəli söhbətləri, yumoristik yazıları o vaxtlar dövlət televiziyası rəhbərliyinin diqqətini cəlb edir. Şirkət sədri Elşad Quliyev onu televiziyanın "Səhər görüşləri" proqramına keçirir. Sonralar "Dalğa" proqramında çalışır. Mülatif Adurovun ssenariləri əsasında hazırlanan süjetlərin əks-sədası bu günədək gəlib çatır. İctimai-siyasi proqramlar redaksiyasında müəllifi olduğu "Həyat" verilişində qaldırdığı problemlər dərhal həllini tapırdı. Bu da ona tamaşaçı rəğbəti qazandırır, jurnalist və müəllif şöhrəti gətirirdi.
Mülatif Adurovun jurnalist və təşkilatçılıq qabiliyyəti 1996-2006-cı illərdə televiziyanın "Xəbərlər" redaksiyasında çalışdığı dövrdə özünü daha qabarıq göstərir. Əvvəllər baş redaktor müavini, sonra redaksiyanın rəhbəri kimi çalışdığı illərdə kollektivin dərin hörmətini qazanır. Birgə işlədiyimiz vaxtların təəssüratını heç vaxt yaddan çıxarmayacağımı xatırlatmaqla yadda qalan epizodları sıralasaq, uzun bir siyahı alınar. Bircə onu deyirəm ki, Mülatif müəllim "alovun üstünə neft yox, həmişə su tökən" insan kimi xatırlanır. Redaksiya əməkdaşları ilə şirkət rəhbərliyi arasında əsl inanmış və sınanmış körpü rolunu oynayırdı. Ən çətin, ekstremal vaxtlarda əməkdaşları müdafiə edər, işdən çıxarılmaqdan, yaxud digər cəzalardan sığortalayardı. Redaktəsinə də söz yoxdur. Bir səhifəlik mətni on dəfə oxusan da, xeyri yox idi, bircə dəfə nəzərdən keçirməyi kifayət edərdi ki, sətirlərin arasında qırmızı işarələri sıralanan görəydin.
Mülatif müəllimin həyatında sentyabr olduqca əlamətdar aydır. Bu ilin sentyabrında isə bioqrafiyasında babat bir rəqəm - "70" yazıldı. Bu münasibətlə onu çox adam təbrik edib. Ən yadda qalanı isə televiziya rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin keçirdiyi birgə tədbirdə səslənən fikirlərdir. HİK sədri Sərhəd Qasımov, QSC sədrinin müavinləri Cavanşir Cahangirov, Faiq Hüsiyev və başqaları Mülatif müəllimi öz işini sevən, peşəsinə sadiq bir insan kimi xarakterizə ediblər. Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Sadıq Elcanlı onda ilk redaktoru Nəsir İmanquliyevə xas olan həssaslıq və insanpərvərlik hissinin olduğunu dilə gətirib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC Texniki İstehsalat Birliyinin direktoru Rəhim Dərafərin deyib ki, Mülatiflə rastlaşanda bütün problemlərim yaddan çıxır, üzüm gülür. Ondakı aura heç kimdə yoxdur. Telejurnalist Telli Pənahqızı isə Mülatif müəllimi əsl ailəcanlı, nəvələri Aydan və Fidanın sevimli babası kimi təqdim edib.
Tanınmış jurnalist, Prezident təqaüdçüsü Mülatif Adurovun arzuları tükənməzdir. O, bütün dostlarını ev-eşik sahibi, ad-san, halal çörək yiyəsi kimi görmək istəyir. Bu, təbiidir. Çünki özü də halal-hümbət, xeyirxah, ürəyiaçıq insandır!
Akif CABBARLI
Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 7.