Türkdilli ölkələrin dövlət
başçıları birgə mətbuat konfransı
keçirmişlər
Sentyabrın 16-da Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirmişlər.
Mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül dedi ki, X zirvə toplantısı çox səmərəli keçib, bir sıra mühüm məsələlər müzakirə olunub. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Katibliyi İstanbulda yerləşəcək bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir. Türkiyəli diplomat Xəlil Akınçı türkdilli ölkələr üçün xüsusi önəmi olan bu qurumun baş katibi təyin olunub.
Türkiyə Prezidenti qeyd etdi ki, şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərəcəkdir. Ankarada fəaliyyət göstərən TÜRKSOY, Bakıda fəaliyyət göstərən Türkdilli Ölkələrin Parlament Assambleyası, Astanadakı Türk Akademiyası isə şuranın gücləndirilməsi istiqamətində çalışacaqdır. Zirvə görüşündə, həmçinin qərara alındı ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada akademiyanın tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın.
Abdullah Gül bildirdi ki, Astana 2012-ci ildə türk mədəniyyətinin paytaxtı, oktyabrın 3-ü isə Türkdilli ölkələrin əməkdaşlıq günü elan olunub. Gələn il Türkmənistanda MDB-nin üzvü olan türk dövlətlərinin müstəqilliyinin 20 illiyinin qeyd edilməsi, həmçinin türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşünün Qazaxıstanda keçirilməsi qərara alındı.
Sonra dövlət başçıları jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat nümayəndələrinin suallarına cavab verdi.
Mətbuat konfransından sonra dövlət başçıları birgə foto çəkdirdilər.
(Mətbuat
konfransı haqqında geniş hesabat qəzetin növbəti nömrəsində
dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 17 sentyabr.- S. 2.