Ən uca bayraq Azərbaycandadır

 

Türkün bayraq sevgisi, bayraq qovğası həmişə böyük olub. Bu sevgi min illərdən keçib, min bir əfsanəyə, rəvayətə çevrilərək bugünümüzə gəlib çıxıb. Həmişə onları dinlədikcə insanın qanı qaynayır, ürəyi böyüyür, düşüncəsi, şüuru dəyişir. Qardaş Türkiyədə yaşayan belə rəvayətlərin birində deyilir ki, düşmənlə son nəfəsə kimi vuruşan, əsgərlərin hamısını itirən sərkərdə Qaraca bəy sonda yağı əlinə keçməsin deyə öz bədənini parçalayıb bayrağı ürəyinə soxur

 

İndinin özündə də bu müqəddəs qəbri ziyarətə gələn uşaqlı-böyüklü hər kəs özü ilə balaca bir bayraq gətirib Qaraca bəyin məzarı üstünə qoyur...

Bu gün vətən, torpaq uğrunda şəhid olanlar bayrağa bükülərək son mənzilə yola salınır. Bunun mənası çox böyükdür: ən ağır faciənin, dərdin qarşısına millət başı üstündəki bayraqla çıxır. Millət, dövlət, ölkə endirilmiş bayraqları ilə o dərdə, hüznə şərik olur...

Əsrlər boyu Azərbaycan türkünün bayraq sevgisiçox ürəklərdə gəzib, çox başlarda dolanıbdır. İstər Ağqoyunlular, Qaraqoyunlular dövrü olsun, istər Atabəylər, Səfəvilər hakimiyyəti, istərsə xanlıqlar zamanı bayrağa münasibət dövlətə, dövlətçiliyə, türk adında bu böyük topluma sevgi kimi yaşayıb.

1918-ci ildə Azərbaycanın şimalında qaldırılan üçrəngli bayrağı himnimiz, gerbimiz kimi gələcək nəsillər üçün müqəddəs bir amala, sönməyən məşələ çevrildi. İki il sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, bu bayraq qovğası həmişə davam etdi, Gəncədə, Lənkəranda, Qarabağda, Qubada, Zaqatalada və digər ərazilərimizdə döyüşlər səngimədi. Uzun illərdən sonra üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində 1990-cı il noyabrın 17-də o vaxtkı Naxçıvan Ali Sovetinin binasında öz şərəfli yerini tutdu. Bakıda Dövlət Bayrağının Meydanının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dedi: "1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdı. Məhz Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər".

Artıq o bayraq neçə illərdir paytaxt Bakıdadır. Ölkəmizin inkişafı, gücü bu gün dövlət atributlarına, xüsusilə bayrağımıza münasibətlə yanaşı gedir. İndi dünyada ən böyük və ən uca bayraq bizdədir - 162 metr. Bu, Ginnesin rekordlar kitabına düşən bir faktdır. Təbii, bayrağımız bundan da hündürdə dalğalanmağa layiqdir. Amma bu da faktdır ki, Azərbaycanın belə güclü inkişafı olmasaydı, bu, mümkün olmazdı. Şəhərimizin hər yerindən görünən, gəlib-gedənləri heyran edən bu bayraq həm də ölkəmizin həyatında baş verən böyük dəyişiklikləri yada salır: "Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə etiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" - iftixar dolu bu cümlələr ölkə Prezidenti İlham Əliyevə məxsusdur.

Artıq bu bayrağın heç vaxt pozulmayan, dəyişməyən ad günü var - 1918-ci il 9 noyabr.

Artıq bu bayrağın heç vaxt dəyişməyəcək yeri, məkanı da bəlli oldu - Bakıda Dövlət Bayrağı Meydanı!

Daimi iftixarqürur mənbəyimiz olan üçrəngli bayrağımıza baxdıqca bir vaxtlar Üzeyir bəylə Əhməd Cavadın bütün türk ellərində məşhur olan bir şərqisi yada düşür: "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına". Artıq daha böyük inamla, fəxrlə deyə bilərik ki, indi nəinki Qara dənizin, Xəzərin hər yanında, eləcə də bütün dünyada qürurla dalğalanan bir bayrağımız var!

Ad günün mübarək, ömrün uzun olsun, bayraq!

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 3.