Kamillik və mənəviyyata
tapınan şərəfli ömür
Mənalı ömrü, şərəfli peşə yolu, yüksək mənəvi keyfiyyətləri ilə milyonların qəlbində özünə əbədi heykəl ucaldan nurlu şəxsiyyətlərin həyat səhifələrini vərəqləyərkən zaman məfhumu mövcudluğunu itirir. Üzərlərinə götürdükləri nəcib missiya ilə xalqın mənəvi-intellektual potensialının daşıyıcısına çevrilən belə insanlar yaşadıqları zamanın fövqünə qalxır, milli inkişafın, tərəqqinin dönməzliyini təmin edirlər. Belə ziyalılar yaşadıqları dövrün, mühit və məkanın dar hüdudlarına sığmayaraq mənəviyyat və kamillik zirvəsində yer tuturlar. Onlar ucaldıqları zirvəni qeyri-adi zəhmətsevərlikləri, intəhasız ürək genişliyi, xeyirxahlıqları, səmimi duyğuları, nadir bilik və qabiliyyətləri sayəsində fəth edirlər.
Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi bu ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan belə ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalırlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. İstedadı, intellekti, tədqiqatçılıq əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli xidmət məramı ilə birləşəndə isə yaradıcı insan ziyalıya çevrilir. Əsl ziyalı isə, ilk növbədə, bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır, qəlbi həyat eşqi ilə dolur.
Həyat və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Aida Nəsir qızı İmanquliyeva da məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın həyat və tale kitabını vərəqlədikcə onun həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə sevən vətəndaş olduğunu aydın görmək olur. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi ali keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, müasirliyi və əməksevərliyi şəxsiyyətində cəmləyən bu Azərbaycan qadınının, ictimai xadimin, ananın nurlu çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşıda durur. Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqındakı xatirələri oxuduqca göz önündə sadə, xeyirxah, nəcib və mütəfəkkir bir şəxsiyyət, mədəni-intellektual, kübar qadın nümunəsi canlanır.
Görkəmli alim Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə müasir elm tariximizə sanballı möhürünü vurmuş, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açmışdır. Hələ sağlığında apardığı tədqiqatlarla bu sahədə zəngin məktəb və elmi irs yaradan Aida xanım İmanquliyeva təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, bütövlükdə dünya şərqşünaslığının zənginləşməsinə misilsiz töhfələr vermişdir. Geniş coğrafi arealda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də bir sıra ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının sanballı tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş mütəxəssislərdəndir.
Filosoflar əsrlər boyu cəmiyyətdə müəyyən müsbət keyfiyyətləri ilə seçilən, rəğbət qazanan insanların maraqlı olduğu qədər də şərəfli ömür yoluna nəzər salarkən onların yetişdiyi mühitin, aldıqları mənəvi tərbiyənin rolunu xüsusi önə çəkirlər. Şübhəsiz, hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühitin və ailə dəyərlərinin təsiri birmənalı özünü göstərir. Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda filologiya elmləri doktoru, professor Nəsir İmanquliyevin ocağında dünyaya göz açmışdır. Taleyini jurnalistika kimi məsuliyyətli, çətin peşəyə bağlayaraq üzləşdiyi maneələrə mərdliklə sinə gərən professor Nəsir İmanquliyev mətbuat işi və ali jurnalistika təhsilinin görkəmli təşkilatçısı, tanınmış ictimai xadim kimi şərəfli və mənalı ömür sürmüşdür.
Belə görkəmli ziyalının ailəsində yetkinləşən, tərbiyə alan və həyata sağlam baxışı formalaşan Aida xanım İmanquliyeva erkən yaşlarından təhsilə, elmə, yaradıcılığa böyük maraq göstərməsi ilə müəllimlərinin diqqətini cəlb etmişdir. Yüksək təhsili, nizam-intizamı ilə fərqlənən Aida xanım İmanquliyeva 1957-ci ildə Bakıdakı 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin o vaxt yenicə açılmış ərəb bölməsinə vermişdir. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, alicənablığı, təvazökarlığı və sadəliyi, zəhmətsevərliyi ilə seçilmiş, müasir Azərbaycan ərəbşünaslığının banisi professor Ələsgər Məmmədovun peşəkar müəllimliyi ilə ərəb dilini mükəmməl şəkildə öyrənmişdir.
1962-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirən Aida xanım filoloq-ərəbşünas ixtisasına yiyələnmişdir. Elə həmin il doğma universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, az sonra Moskvaya ezam olunaraq təhsilini SSRİ Elmlər Akademiyasının Asiya xalqları İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturada tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçmişdir. Gərgin zəhmətin bəhrəsi kimi 1966-cı ildə üzərində çalışdığı dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Elmi titulla Azərbaycana dönən Aida İmanquliyeva Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə düzəlmiş, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində enişli-yoxuşlu elm yolunda pillə-pillə irəliləmişdir. Kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmış, 1976-cı ildə isə institutda Ərəb filologiyası şöbəsinə müdir təyin olunmuşdur. 1988-1991-ci illərdə institutda elmi işlər üzrə direktor müavini işləmiş Aida İmanquliyeva 1991-ci ildən ömrünün sonunadək direktor vəzifəsində çalışmışdır. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, tezliklə bu ixtisas üzrə professor dərəcəsi almış, elmin uca pilləsinə yüksəlmişdir.
Professor Aida xanım İmanquliyevanın Azərbaycan tarixində ilk qadın ərəbşünas alim olması da onun şərəfli və zəngin həyat salnaməsində diqqəti cəlb edən məqamlardandır. Tanınmış alim elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəbşünas mütəxəssislərin hazırlanması işi ilə yaxından məşğul olmuşdur. Vaxtilə onun dərslərində iştirak etmiş, mühazirələrini dinləmiş tələbələri Aida xanımı - təcrübəli pedaqoqu bu gün böyük ehtiram hissi ilə xatırlayırlar. Həm də ona görə ki, görkəmli alim sağlığında bir çox tələbələrində elmi tədqiqata həvəs oyatmağa nail olmuş, onların dissertasiya müdafiəsi prosesinə elmi rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi altında ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanmış, 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmiş, ərəb əbəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif istiqamətlərinə dair monoqrafiyalar, kitablar hazırlanıb dərc olunmuşdur. Görkəmli elm fədaisi Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqlarının ədəbiyyatı" ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur. Bununla yanaşı, Azərbaycanın şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına, məşhurlaşmasına əsl vətənpərvərliklə, ziyalı təəssübkeşliyi ilə səy göstərən Aida xanım İmanquliyeva Moskva, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilən elmi konfranslarda məzmunlu məruzələrlə çıxış etmişdir.
Professor Aida xanım İmanquliyeva yüksək elmi yaradıcılıq potensialı ilə yanaşı, həm də təşkilatçılıq qabiliyyəti ilə seçilmiş, işlədiyi vəzifələrdə daim fərqlənmişdir. Akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin yüksəldilməsi, dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə əlaqələrin dərinləşdirilməsi sahəsində ardıcıl səylər göstərmişdir. İctimai işlərdə də fəal iştirak edən Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.
Görkəmli alimin müxtəlif illərdə dərc olunmuş əsərləri bugünün özündə də təkcə gənc şərqşünaslar üçün deyil, ümumilikdə bu sahənin peşəkar tədqiqatçıları üçün sanballı mənbə rolu oynayır. Aida xanım İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun müxtəlif illərdə nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) kimi məqalələr məcmuələrinin redaksiya heyətinin üzvü, müəllif və redaktorlarından biri olmuşdur.
Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanmışdır. Görkəmli alim üçün elmdə zirvə anlayışı nisbi səciyyə daşımış, o, daim öyrənmək, axtarışda olmaq, cəmiyyətə fayda vermək amalı ilə yaşamışdır. Yaradıcılığı çoxşaxəli olmaqla yanaşı, müxtəlif fənləri özündə ehtiva etməklə sinkretik səciyyə daşımışdır. Aida xanım İmanquliyeva eyni zamanda şərqşünaslıq - həm filologiya, həm də fəlsəfi problemlər üzrə görkəmli tədqiqatçı olmuşdur.
Tədqiqatçılar bu məqamı xüsusi ilə önə çəkirlər ki, Aida xanım Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Böyük intuisiyası, uzaqgörənliyi sayəsində hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq probleminə özünəməxsus tərzdə yanaşmış, onun fəlsəfi mahiyyətini açıqlamağa çalışmışdır. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması kimi məsələləri tədqiq edən fədakar alim elmi araşdırmaları ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır. Bu da təsadüfi deyildir ki, Azərbaycan hələ keçmiş ittifaq məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınmışdır. Aida xanımın araşdırmaları ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmin ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığına həsr edilmişdir. O, adıçəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş İttifaq məkanında ilk dəfə tədqiqat aparan alimlərdən biri olmuşdur.
1975-ci ildə Moskvada çapdan çıxmış ilk monoqrafiyası Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaətə gəlir ki, "Qələmlər Birliyi"nin yaranması ərəb ədəbiyyatının, mədəniyyətinin inkişafındakı müstəsna əhəmiyyəti olan yeni əbədi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Madi, R.Əyyub, H.Arida, A.M.Həddad kimi görkəmli yazarları sıralarında birləşdirən cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv mərhələ təşkil etmiş, xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənləşdirmişdir. Aida xanım İmanquliyeva məhcər ədəbiyyatının görkəmli nümayəndələri Cübran Xəlil Cübran və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif doğru olaraq belə nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Aida xanım haqlı olaraq göstərmişdir ki, C.X.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini mənimsəmiş, onları ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər.
Aida xanım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqından çıxış edən Aida xanım Azərbaycan ədəbifəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin geniş müqayisəli təhlilini vermişdir.
Alimin fikrincə, yeni ərəb ədəbiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin nümayəndələri yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında davamçıları üçün yol açmışlar. Bu, əsasən, onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur. Ona görə də "Suriya-Amerika məktəbi"ni təmsil edən yazıçıların yaradıcılığı öz milli ədəbiyyatları çərçivəsindən kənara çıxaraq dünya ədəbiyyatında layiqli yer tutmuşdur. Onların ədəbi fəaliyyəti sanki Qərb və Şərq ədəbiyyatlarının mənəvi nailiyyətlərini mübadilə etdikləri informasiya kanalı rolunu oynamışdır.
Şərqşünas alimin qələmə aldığı bir sıra sanballı əsərlər özünün orijinallığı, mövzu müxtəlifliyi, ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə elmi işıq salması, bir sözlə, yüksək sanbalı ilə diqqəti çəkir. Alimin monoqrafiyaları bu gün təkcə azərbaycanlı deyil, əcnəbi tədqiqatçılar üçün də əvəzsiz mənbə rolunu oynayır. Ən müxtəlif ölkələrdə bu əsərlərə istinad olunur, Aida xanım İmanquliyevanın elmi tədqiqatlarının nəzəri və praktik əhəmiyyəti yüksək dəyərləndirilir. Alimin bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu olmaqla ərəb məhcər ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümumiyyətlə, professorun 3 monoqrafiya, habelə 70-dən çox elmi məqaləsində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş tədqiq edilmişdir. Aida xanım təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində səmərəli fəaliyyət göstərmişdir.
Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas keyfiyyətlərdən biri də onun publisistik qələmi, kəsərli sözüdür. Lakin açıq demək lazımdır ki, tərcüməçilik qabiliyyəti heç də bütün tədqiqatçılarda olmur. Aida xanım İmanquliyeva isə istedadlı qələm sahibi kimi həm də özünü tərcümə sahəsində sınamış, ərəb ədəbiyyatının bir sıra nümunələrini dilimizə çevirmişdir. "İnsan və quş" (hekayələr), "Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr)" kitablarını məharətlə tərcümə etməsi deməyə əsas verir ki, Aida xanım Azərbaycan ədəbi dilinin incəliklərinə dərindən bələd olduğuna görə tərcümələrində yüksək poetik ruhu, orijinal dəst-xətti, məna və məzmunu qoruyub saxlaya bilmişdir.
Aida xanım İmanquliyevanın alimliyini onun Tanrının yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Uzun illər görkəmli alimlə birgə çalışmış həmkarları xatırlayırlar ki, Allah Aida xanımdan heç nəyi əsirgəməmişdi. Zahiri və daxili gözəllik, sadəlik, mehribanlıq, həssaslıq, insansevərlik onun müsbət aurasını daha da cəlbedici edirdi. Görkəmli alim alicənablığı, mərhəmətliliyi, xeyirxahlığı, başqalarına diqqət və qayğısı ilə ondan dərs alan gənclərə təkcə ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi. Şəxsiyyət olaraq da Aida xanım ətrafındakı insanlar üçün əsl insanlıq mücəssəməsi, canlı örnək idi. Onun daxili və zahiri gözəlliyini yüksək qiymətləndirənlər Aida xanımı ideal qadın obrazı kimi qəbul edir, daim ehtiram göstərirdilər. Bütün bunlar isə həddindən artıq təvazökar Aida xanımın özünəməxsus təmkinini qətiyyən pozmurdu.
Elmi və pedaqoji fəaliyyəti, hər kəsə nümunə sayılacaq şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı və sadəliyi ilə Aida xanım həm də ailəsinin sağlam təməl üzərində qurulmasına çalışmışdır. Görkəmli yazıçı Mir Cəlal Paşayevin ocağının gəlini olan Aida xanım əsl azərbaycanlı qadını kimi ailəsinə bağlı olmuş, onun müqəddəsliyini daim qorumuşdur. İşinin gərginliyinə baxmayaraq, görkəmli alim, həm də xeyirxahlığı ilə fərqlənmiş qayğıkeş ana olmuşdur. Cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, birinci növbədə ailəsinin qayğıları ilə yaşamışdır. Bu mənada, nüfuzlu nəsil-şəcərənin layiqli davamçıları olan Paşayevlərin mənəvi təmələ, pak niyyət və arzulara tapınmış milli ailə modeli cəmiyyətdə böyük rəğbət hissi doğurur. Aida xanımın həyat yoldaşı Arif Paşayev ömrünü fizika elminin nəzəri-təcrübi məsələlərinə həsr edərək bu sahədə yorulmadan çalışan, cəmiyyət həyatı üçün fundamental əhəmiyyət kəsb edən bir sıra yeniliklərə, ixtira və kəşflərə imza atan görkəmli akademik kimi onu yaxından tanıyanların dərin rəğbətini qazanmışdır. Qəlbinin odunu və hərarətini, mənalı ömrünün ən qaynar illərini xalqının gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş akademik Arif Paşayev respublikamızda radiofizika və yarımkeçiricilər sahəsində zəngin irs, özünəməxsus məktəb yaratmış, çoxlu sayda fundamental əsər və dərsliklər yazmışdır.
Yüksək mənəviyyat sahibi kimi nəcib əməllər uğrunda çalışmış professor Aida xanım iki qız övladını da məhz bu ruhda tərbiyə etmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva kökdən gələn mənəvi zənginliyi ilə dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin əxz edilməsinə çalışır. Görünür, Mehriban xanım Əliyevanın üzərinə götürdüyü bu xeyirxah missiya tarixi qanunauyğunluq, həyatın diktə etdiyi ilahi harmoniyadır. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva da Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafı sahəsində mühüm xidmətləri olan ziyalıdır. Təqdirəlayiq haldır ki, Nərgiz xanım Azərbaycan teatrının tarixi müasir ənənələrinin uğurlu sintezi əsasında "Üns" teatrını yaratmış, milli mədəniyyətin inkişafına əvəzsiz töhfə vermişdir.
Görkəmli alim, nəcib ziyalı Aida xanım İmanquliyeva fundamental tədqiqatları ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş, inkişaf etdirmişdir. Taleyin sərt üzündən Aida xanım İmanquliyeva qısa ömür sürmüş, yaradıcılığının məhsuldar bir dövründə - 1992-ci il sentyabrın 19-da fani dünya ilə əbədi vidalaşmışdır. Fəqət, özündən sonra zəngin irs qoyub getmiş böyük şəxsiyyətlər kimi, xatirəsi milyonların qəlbində yaşayır, daim sevgi və ehtiramla anılır. Övladları - layiqli davamçıları Aida xanımın həyata keçməyən arzularını gerçəkləşdirmək üçün daim səylə çalışır, eynən onun kimi cəmiyyətə, xalqa layiqli xidmət amalı ilə yaşayırlar.
Afət SADIQOVA,
filologiya elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 4.