Məhkəmə-hüquq sistemində
mütərəqqi islahatların təminatçısı
Azərbaycan Respublikasında dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, başlıcası isə insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum səviyyədə ehtiva etmişdir. Ötən müddətdə Azərbaycanın demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış ədliyyə və məhkəmə-hüquq islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.
Bu gün xüsusi vurğulamağa ehtiyac yoxdur ki, məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Ulu öndər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının vacibliyini bildirmişdir.
1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq dövlətin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr də dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, respublikada birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgün və obyektiv həllinə şərait yaratmış olur.
Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixdə "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu isə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən təkmil qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə xüsusi diqqət ayrılmışdır.
Ulu öndərin siyasi kursunu ötən 7 ildə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər bir fərdin qanuni maraq və mənafeyinin təminatı baxımından məhkəmə-hüquq və ədliyyə sistemində mütərəqqi islahatların davamlılığını təmin etmişdir. Xatırlatmaq lazımdır ki, məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.
19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman isə mütərəqqi hüquqi islahatların davamı kimi hələ də aktuallığını qoruyub saxlayır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərmanla bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Ötən müddətdə fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, habelə Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılmış və fəaliyyətə başlamışdır.
Fərmanla birinci instansiya məhkəmələrinin fəaliyyətinin qiymətləndirilməsi də Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün aparılması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətinin davam etdirilməsinə yararlılığın müəyyənləşdirilməsi bu məqsədə xidmət edir. Ötən dövrdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində hakimlərin test üsulu ilə - tamamilə şəffaf və obyektiv şəkildə seçilməsi, ən layiqlilərin bu vəzifəyə təyinatı uğurla gerçəkləşmişdir.
Hakimlərin yüksək iş yükünün məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyev 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanla respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Fərmanın icrası ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə ən layiqli insanların seçilməsinə xidmət etmişdir.
Təcrübə göstərir ki, ədalətli məhkəmə sisteminin formalaşdırılması baxımından yalnız təkmil qanunvericilik sistemi yetərli deyildir. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqdan çıxış edərək Azərbaycanda məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsini - onların yüksək təmirli bina, habelə maddi-texniki bazası, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsini vacib sayır. Son illərdə respublikada bir sıra məhkəmələr yeni bina və inventar ilə təchiz olunmuşdur və onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar bu gün də davam edir.
Ötən müddətdə Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri də 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" olmuşdur. Dövlət Proqramının imzalanması ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun da son illər respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir. Qanunla mövcud yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələrin yaradılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" fərmanı ilə respublikada bir sıra yeni məhkəmələr təşkil edilmişdir. Belə ki, fərmanda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin, habelə Lənkəranda, Gəncədə, Şəkidə ağır cinayətlər məhkəmələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, fərmanın 1.5-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılacaqdır.
Fərmanla 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin, Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin, Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin, Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yaradılması nəzərdə tutulur.
2011-ci il yanvarın 1-dən iqtisadi xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılacaqdır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
Şübhəsiz, regionlarda ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrin yaradılması yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır. Son illər bu məqsədlə imzalanmış qanun və fərmanlar, sərəncamlar yalnız bir məqsədə - regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir.
Dövlət başçısı İlham Əliyevin 7 sentyabr tarixli sərəncamı ilə bəzi birinci instansiya məhkəmələrinin hakimlərinin və sədrlərinin təyinatı da razılıq və yüksək minnətdarlıq hissi ilə vurğulanmalıdır. Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında möhtərəm Prezident həmin hakimlərə yüksək etimad göstərmiş, eyni zamanda bəzi məhkəmələrin sədrlərini təkrarən bu vəzifəyə təyin etmişdir. Dövlət başçısının bu yüksək etimadını doğrultmaq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmələrdə etibarlı şəkildə qorunmasını təmin etmək üçün bundan sonra da səylə çalışacağıq.
Ümumilikdə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının dövlət idarəçilik mexanizmində nüfuzlu təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının inamla həyata keçirdiyi məhkəmə və ədliyyə islahatları respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.
Müseyib HÜSEYNOV,
1 saylı Bakı Yerli
İqtisad
Məhkəməsinin sədri
Azərbaycan.- 2010.-17
sentyabr.- S. 4.