Opera səhnəmizin Leyliləri
Yarandığı gündən sevilən, musiqisi və sözləri dillər əzbərinə dönən "Leyli və Məcnun" operası milli mədəniyyətimizin şanlı salnaməsinə çevrildi. Bu, adi opera deyildi. Musiqi dünyasının şah abidəsi idi və onun sayəsində görkəmli aktyorlar, aktrisalar, rejissorlar, rəssamlar, konsertmeysterlər, dirijorlar yetişdi. "Leyli və Məcnun"un ayağı o qədər sayalı oldu ki, ondan sonra opera sənətinin möhtəşəm inciləri yarandı. Bütün bu uğurlara, nailiyyətlərə baxmayaraq, qoca Şərqin ilk operası sayılan bu məhəbbət dastanı bütün dövrlərdə səhnəmizin şah əsəri olaraq qaldı.
Əlbəttə, yarandığı gündən müəyyən problemlərlə üzləşən bu operanın hazırlanmasında ən çətin və müşkül məsələ aktrisa ilə bağlı olub. Zamanın qaranlıqlarından sıyrılıb səhnəyə gələn qadın sənətkarlar elə maneələrlə üzləşirdilər ki, bəzən bu ağır dağları aşmaq ölümlə, qətl hadisələri ilə nəticələnirdi. Amma Üzeyir bəyin, Əbdürrəhim bəy Haqverdiyevin və digər teatrsevərlərin məqsədi bir idi - necə olursa-olsun, səhnəyə aktrisa gəlməlidir.
Bəllidir ki, "Leyli və Məcnun"un ilk tamaşası olduqca uğurlu keçib. Leyli rolunun da ifaçısı çayçı şagirdi Əbdürrəhman Fərəcov olub. Bir dəfə Üzeyir bəy çayxanada olarkən təsadüfən bu çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olub. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlib. Həm səsinin məlahətini, həm də boy-buxununun incəliyini nəzərə alıb onu inandırıb ki, Leyli obrazını yarada bilər.
Hüseynqulu Sarabski "Bir aktyorun xatirələri" adlı kitabında yazırdı: "Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bildik". Amma Əbdürrəhman Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edib. Bu səbəbdən də "Leyli və Məcnun"un yenidən göstərilməsi çox uzun çəkir. Nəhayət, dörd aydan sonra Miri adlı bir nəfər cəsarət göstərərək Leyli rolunu yaratmağa razı olub.
1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun" operasında Leyli rolunu Miridən sonra 1920-ci ilə qədər Əhməd Ağdamski yaradıb. O, təkcə Üzeyir bəyin digər operalarında deyil, müxtəlif səhnə əsərlərində, hətta filmlərdə də ("Arşın mal alan" - 1917-ci il) qadın rollarını yaradıb. Əhməd bəy Ağdamski son dərəcə istedadlı bir şəxsiyyət idi. Lirik tenor səsə malik, aktyorluq istedadı olan Ağdamski həm də məşhur tarzən idi.
Maraqlı bir fakt da var ki, Məcnun rolunun mahir ifaçılarından sayılan Hüseynağa Hacıbababəyov səhnəyə aktrisalar gələnə qədər qadın rollarını yaratmaqda böyük zəhmət və fədakarlıq göstərib. O, Leyli rolunun da ən qabil ifaçılarından idi. Nəhayət, səhnəyə Sona Hacıyeva gəldi.
Şəki şəhərində anadan olmuş Sona Hacıyeva tanınmış aktrisa Əzizə Məmmədovanın qızı idi. Babası Əbdülbaği Zülalov da Azərbaycan mədəniyyətində xidmətləri olan dövrünün çox görkəmli və tanınmış xanəndələrindən idi. Balaca Sona da elə babasının himayəsində yaşamışdı. 1923-cü ildən başlayaraq ömrünün sonuna kimi həm Azərbaycan Dövlət Dram Teatrında, həm də Opera və Musiqili Komediya Teatrında müxtəlif rollar yaradan Sona xanım çox keçmədən öz gözəl səsi və orijinal üslubu ilə həm tamaşaçıların, həm də həmkarlarının rəğbətini qazandı. O, olduqca istedadlı bir aktrisa idi. Yaradıcılıq diapazonu ona imkan verirdi ki, həm teatrlarda çalışsın, həm də müxtəlif bədii filmlərə çəkilsin.
Xalq artisti Sürəyya Qacarın da teatrda ilk rolu məhz "Leyli və Məcnun" operasında Leyli obrazı olub. Rejissor Soltan Dadaşov xatirələrində yazırdı ki, Sürəyya Leylinin daxili həyəcanlarını ifadəli hərəkətlərlə, oxuduğu muğamlarda dərin təsir qüvvəsi ilə göstərə bilirdi.
1929-cu ildə "Leyli və Məcnun" operası yeni quruluşda tamaşaya qoyulub. Bu dəfə səhnənin üçüncü qadın Leylisi Həqiqət Rzayeva olub. Bu qadınların hər biri özlərinə məxsus bir-birindən fərqli xarakter olan Leylilər yarada bildilər. Həqiqət Rzayeva "Üzeyir Hacıbəyov haqqında söz" adlı xatirələr toplusunda yazırdı: "Ürəklərə yol açan Füzuli poeziyası və insanı valeh edən Üzeyir musiqisi ilhamımın qanadları oldu. Bu səbəbdən də mən Leylinin bütün dərdini, kədərini, müsibətini yaşadım... Belə bir əsərdə... dönə-dönə iştirak etdyim üçün özümü xoşbəxt sanıram".
Leyli rolunu özünəməxsus ustalıqla yaradan xanımlardan biri də müğənni Məhbubə Paşayeva olub. O, təkcə "Leyli və Məcnun"da deyil, başqa operalarda da müxtəlif xarakterli obrazların yaradıcısı kimi mədəniyyət tariximizdə iz salıb.
Opera səhnəsinin maraqlı Leylilərindən biri də Yavər Kələntərlidir. Onu operaya Üzeyir bəy özü dəvət etmişdi.
Uzun illər Opera və Balet Teatrında həm solist, həm də məşqçi-pedaqoq kimi çalışan Gülxar Həsənova səhnəmizin yaddaqalan Leylisi, Ərəbzəngisi, Şahsənəmi... olmuşdur.
Başı bəlalar çəkən, repressiyaya tuş gələrək Özbəkistana sürgün edilən, sonda bəraət alıb yenidən Vətənə qayıdan Cahan Talışinskaya dövrünün tanınmış müğənnilərindən biri idi. Onun vaxtaşırı Şərq konsertləri olardı. Yaradıcılıq bioqrafiyasında Leylinin də adı var.
Rejissor Heydər Haşımlının qızı Sima xanım Musiqili Komediya Teatrında aktrisa kimi çalışıb. O, məlahətli səsə, zərif boy-buxuna malik olub. 1948-1952-ci illərdə operada Leylinin, Əslinin rollarını yaradıb.
Ötən əsrin ortalarında səhnənin növbəti Leylisi Simuzər Hətəmova olub. Yazıçı-tədqiqatçı Mustafa Çəmənli "Leyli və Məcnun 100 il səhnədə" adlı kitabında yazır: "Leyli rolunda çıxış edən aktrisaların bir-birinə oxşar qəribə səhnə taleləri var. Əvvəllər onlar Leyli, sonra illər keçir, Leylinin anası rolunda çıxış edirlər. Simuzər Hətəmova da ömrünün son illərində ən çox Leylinin anası rolunda səhnəyə çıxardı".
Nəhayət, Azərbaycan səhnəsinə qəlbləri titrədən, yanıqlı səsi ilə bülbülləri susdurmağı bacaran Rübabə Muradova gəldi. Bütün Leyli obrazını yaradanların öz üslubları, xarakterləri, zəhmət və fədakarlıqları olub. Bu gün hamısını ehtiramla xatırlayırıq, amma etiraf etməliyik ki, Rübabə Muradovanın Leylisi təkrarsız və bənzərsiz olaraq qaldı.
Qadın sənətkarları sarıdan ehtiyaca son qoyulmuşdu. Durna qatarına bənzəyən aktrisaların dəstəsi genişlənməkdə idi. Opera və balet səhnəsində yeni bir təravətli səs eşidildi. Bu, uzun müddət "Şur", "Bayatı-Şiraz", "Mahur-Hindi", "Şahnaz", "Qatar" və başqa muğamları məharətlə oxuyan və hər ifasına öz möhürünü vuran Sara Qədimova idi. Sara Qədimovanın tərəf-müqabili Əbülfət Əliyevin Məcnunu da çox fərqli alındı. Bu sənətkarların "Leyli və Məcnun"dakı qoşa fəaliyyəti ayrıca bir mövzunun söhbətidir.
Azərbaycan səhnəsinin ən coşqun, maraqlı, nikbin xarakterli Leylisi Zeynəb Xanlarova oldu. Onun xalq artisti Arif Babayevlə iştirak etdiyi "Leyli və Məcnun" operası bütünlüklə lentə yazılıb. Yaxşı haldır ki, tamaşaçılar bu sənətkarların ötən fəaliyyətlərinə istədikləri vaxt baxa bilərlər.
Leylilərin sayı çoxaldıqca səhnədə bir rəngarənglik yaranırdı. Hər bir obrazın öz pərəstişkarı, tamaşaçısı vardı. Bu mənada, Rəsmiyyə Sadıqovanın yaratdığı Leyli də yaddaşlara iz saldı. Mütəxəssislər söyləyirlər ki, Rəsmiyyə Sadıqovanın səs imkanları olduqca geniş idi. Ən zil pərdələri də məharətlə çatdıra bilirdi.
Bəlkə də çoxu bilmir ki, özünəməxsus ifa tərzi ilə seçilən xalq artisti Flora Kərimova bir vaxtlar Leyli rolunda səhnəyə çıxıb. Həmişə estradanın ulduzu sayılan bu müğənninin muğam ifaçısı olması maraqlıdır. Amma bu, faktdır ki, rejissor, xalq artisti Soltan Dadaşov bu vokalist ifaçını Leyli roluna dəvət edib. 1966-cı ildə səhnəyə çıxıb. Tərəf-müqabili - Məcnun rolunun ifaçısı isə Arif Babayev olub. Flora Kərimova Leyli rolunda doqquz dəfə çıxış edib. Çox şirin, qəlbə yatan səslə yaratdığı Leyli obrazı görənlərin yaddaşında qalıb.
Sənət gülüstanımızın sıralanmış Leyliləri arasında ən zərifi və seviləni Nəzakət Məmmədova idi. Təəssüf ki, o, az yaşadı, amma buna baxmayaraq, Azərbaycan mədəniyyəti tarixinə öz adını əbədi yaza bildi. Cəmi 36 il ömür sürmüş Nəzakət Məmmədova Leyli, Əsli, Xanəndə qız rollarına ustalıqla can verdi.
Səkinə İsmayılovanın Opera və Balet Teatrına gəlişi yeni bir Leylinin yaranmasına səbəb oldu. Mustafa Çəmənli yazır: "Səkinə İsmayılova səhnə yaraşığı olan xanım müğənnilərimizdəndir. Çox zəhmətkeşdir... Mən onun Leylisini dəfələrlə görmüşəm. Hər dəfə də hiss etmişəm ki, Səkinə xanım öz rolunu bu gün dünənkindən daha yaxşı oynamağa çalışıb və buna nail olub".
Azərbaycan səhnəsində Leylilərin sırası genişlənməkdə davam edirdi. 1981-ci ildə Opera və Balet Teatrına solist kimi qəbul olunan Qəndab Quliyeva muğamlarımızın mahir ifaçısı kimi tanınırdı. Müxtəlif xarici ölkələrdə keçirilən festivallarda iştirak edirdi və onun yaratdığı Leyli də tamaşaçılar tərəfindən sevildi.
1984-cü ildə Leyli qiyafəsində Yaqut Abdullayeva göründü. Bu xanımın Leylisini görənlər həmişə təəssüflənirlər ki, niyə onun operadakı fəaliyyətinin ömrü qısa oldu. "İndiyə qədər səhnədə bu qədər fərqli, təsirli Leyli olmamışdır", - deyənlər də tapıldı. Təbii ki, bu fikrin arxasında Yaqut Abdullayevaya bəslənən dərin məhəbbətin səbəbini anlamaq olur. Yaqut xanımın Opera və Balet Teatrı səhnəsində tərəf-müqabili iki görkəmli sənətkarımız - Arif Babayev və Canəli Əkbərov olub. Xalq artisti Arif Babayev söyləyir: "Yaqut səhnəyə özünəməxsus ifa tərzi, yeni nəfəs, yeni səs gətirdi. Mən səhnədə çox Leylilərə Məcnun olmuşam. Hərəsinin də öz yeri var. Deyə bilmirəm ki, bu Leyli o Leylidən üstün idi, yox! Hər bir xanım sənətkarımız öz xarakterinə uyğun Leylisini oynayıb. Bu səbəbdən də Leylilər bir-birindən fərqli alınırdı. Yaqut Abdullayeva təbiətən qürurundan dönməyən, şəxsi keyfiyyətləri ilə seçilən, davranışında, əxlaqında bir sıra məziyyətləri ilə başqalarına örnək olan bir xanımdır. Yaqut həqiqətən Leylini gözləmədiyimiz ucalıqda yarada bilmişdi və o möhtəşəmlikdə də qoyub getdi".
Könlündən Leylini oynamaq keçən sənətkarlardan biri də Gülyaz Məmmədova olub. Ustadlarından dərs alan, inadla məşqlərə hazırlaşan bu zərif xanım 1993-cü ildə, nəhayət ki, arzusuna qovuşdu. Gülyaz bir aktrisa kimi zərif və plastik hərəkətlərə malikdir. Elə o vaxtdan da Leylini oynamaqda davam edir.
Leyli kədərini qəlbən yaşayan, ruhən duyan və onu məharətlə tamaşaçılara çatdıran xanımlardan biri də Nəzakət Teymurovadır. Bir vaxt səhnəyə gəlmək nə qədər çətin idisə, bu gün də həmin obrazları yaratmaq eyni ağırlığa bərabərdir. Çünki Leylini neçə-neçə görkəmli sənətkarlar yaradıb. Bu gün onların yolunu ləyaqətlə davam etdirmək, məhz yaddaşlara iz sala bilmək həqiqətən çətindir. Amma nə xoş ki, yeni Leylilər bu şərəfli işin öhdəsindən gələ bilirlər. Opera və Balet Teatrının bu qədim səhnəsindən duyulan yeni səslər, yeni nəfəslər köhnə bir məhəbbət dastanını tamaşaçılara elə tərzdə çatdırır ki, sanki ilk dəfədir eşidirsən. Bu mənada, Gülüstan Əliyevanın təqdimindəki Leyli də xoşagələndir, qəbulediləndir.
Xalq artisti Aygün Bayramovanın da böyük məhəbbətlə yaratdığı Leyli qəlblərə yol tapa bildi. 2003-cü ildə ilk dəfə Leyli rolunu yaradan bu xanımın məharəti haqqında mətbuatda xoş sözlər yazıldı. Aygün söyləyir ki, mən Leylini sevərəkdən, ona bağlanaraqdan yaratmışam. Nəyinsə xatirinə bu rolu oynamamışam.
Muğamlarımıza qayıdış həm də ona görə önəmli və dəyərli oldu ki, bizim bu qədim sənət ocağına yeni səslər gəldi. Bu səslərin ahəngindəki avaz bir mətləbi inamla təsdiqlədi. Milli musiqimiz əbədiyaşardır. "Leyli və Məcnun" təkcə Bakıda deyil, əyalət teatrlarında da tamaşaya qoyulmaqdadır. Beləliklə, bölgələrimizin səhnəsində də yeni Leylilər və Məcnunlar yetişir!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 17 sentyabr.- S. 7.