Milli dəyərlərə sadiq rejissor

 

O, vaxtilə özünün rejissor kimi görüb çəkdiklərini, ömrün müxtəlif anlarını əks etdirən sənədləri, fotoları, bir də bitib-tükənməyən xatirələri qoruyub saxlamağı çox sevir. Yağışla bağlı fikirlər də ona - Vasif Babayevə məxsusdur.

Onu kino, teatr, televiziya sahəsində çalışanlar yaxşı tanıyırlar. O, xalq artistidir, Beynəlxalq TeleviziyaRadio Akademiyasının üzvüdür, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür...

1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib, Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində əvvəlcə rejissor köməkçisi, assistent, rejissor, 1969-cu ildə isə televiziyanın baş rejissoru olub. 1991-ci ildə Az.TV-nin bədii rəhbəri, 1994-1996-cı illərdə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin direktoru, 1996-1999-cu illərdə "Sara" Müstəqil Teleradio Şirkətinin icraçı direktoru, 2001-2006-cı illərdə Moskvada "İnter-Az" Teleradio Şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb. Bu siyahını uzatmaq da olar. Amma harada olursa-olsun, Vasif Babayev, sözün əsl mənasında, maraqlı insankamil rejissordur. Bu xüsusiyyətlərin nəticəsidir ki, onun hazırladığı verilişlər, çəkdiyi filmlər həm TV-nin, həm də tamaşaçıların yaddaşında yaxşı qalıb: "Hər çinardan bir yarpaq", "Arzular" musiqi poçtu, "Mahnı şəhəri gəzir", "Nəğməli bağ", "Axşam görüşləri", "24 saat" və sairə.

Tamaşaçıların yadında olan - ötən əsrin 80-ci illərinin axırlarında Mikayıl Müşfiq, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Salman Mümtaz kimi "siyasi məhbuslar" haqqında hazırlanan, ictimaiyyət tərəfindən maraqla qarşılanan silsilə proqramların yaranmasında jurnalist Nadejda İsmayılova ilə birgə Vasif Babayevinrejissor kimi xidmətləri əvəzsiz idi. O, 40-dan artıq sənədli filmin həm müəllifi, həm rejissorudur: "Sahil bağı", "Odlar torpağı", "Qızılgüllər diyarı", "Azərbaycan təranələri", "Sovet Azərbaycanı", "Qızıl yamaclar", "Xuraman - 10 il keçmiş", "Quşlar üçün tələ" və digər filmlər onun yaradıcılıq fantaziyasının və vətəndaşlıq hisslərinin məhsuludur.

Sovet İttifaqı Qəhrəmanı, SSRİ-də kosmik tədqiqatlar sahəsində çox böyük xidmətləri olan general Kərim Kərimov haqqında "Xahiş edirəm, hazırlıq haqqında məlumat verin" filmi o dövr Azərbaycan mühitində, yaxşı mənada, çox böyük maraq doğurdu, gənclərin milli vətənpərvərlik duyğularının güclənməsində əhəmiyyətli rol oynadı.

20 Yanvar hadisələrində işğalçı sovet qoşunlarına qarşı etirazını bildirən tanınmış rejissor bir ay müddətinə həbs edilib respublikadan çıxarılır, xalqlar dostluğunun, beynəlmiləlçiliyin "simvolu" olan V.İ.Leninin vətəninə - Ulyanovska sürgün olunur. Vasif Babayevlə bərabər həmin çətinlikləri yaşayanların köməyinə bu uzaq şəhərdə yenə də öz həmvətənlərimiz yetişib. O, Göyçaydan olan milis kapitanı Varis Məcidovu və onun qardaşlarını xüsusi ehtiramla yada salır.

Vasif müəllim 20 Yanvar hadisələrindən danışarkən iki nəfərlə görüşünü xüsusilə vurğulayır. Bu, xalq yazıçıları İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə ilə olan görüşləridir. Bu ağır günlərdə onlar millətin, xalqın içində idilər. Ağsaqqal sözünə, ziyalı fikrinə o vaxt millətin ehtiyacı daha böyük idi.

Vasif Babayev hadisələrin səhərisi günü Az.TV-nin həyətində Bəxtiyar Vahabzadə ilə SSRİ silahlı qüvvələrinin baş senzoru V.Ovçinnikov arasında olan mübahisəni yada salır, xalq şairinin ona "İşğalçılar!" deyərək ittiham etməsini, generalın mühafizə dəstəsinin isə silah çəkdiyini, Bəxtiyar Vahabzadəni necə çətinliklə onlardan araladıqlarını yada salır. Amma bu, həm də qürurla, fəxrlə xatırlanası günlər idi...

Vasif Babayevi tanıyanlar, onun haqqında söz deyənlər çoxdur. Mərhum Mailə Muradxanlının ürək sözlərini xatırlayırıq. Onlar uzun illər Az.TV-də birgə çalışmışdılar. Mailə xanım deyərdi: "Vasif Babayevin adı çəkiləndə gözümün önünə gənc, qıvraq, çılğın bir oğlan gəlir. Və heç cür inana bilmirəm ki, onun 70 yaşı var. Çünki onu həmişə belə görmüşəm - işgüzar, ən çətin vəziyyətlərdən baş çıxaran, ən yaxşı verilişproqramlara imza atan. Vasif Babayevi fərqləndirən ən böyük məziyyət onun milli mənəviyyat və ənənələrə sədaqətidir. Heç yadımdan çıxmaz, o zaman "Drujba" redaksiyasının xətti ilə Ümumittifaq televiziyasına və digər respublikalara göndərilən proqramları ona tapşırardılar. Vasif bu proqramlarda beynəlmiləlçilikdən daha çox, milli dəyərlərə üstünlük verilməsinə çalışardı. 80-ci illərin sonlarında belə proqramlardan birinə "Namus" adı verilmişdi. Moskva qətiyyətlə bu adın əleyhinə idi. Sən demə, mübadilə redaksiyasında redaktor erməni imiş. Doğrudur, proqramın adı dəyişdirildi, amma Vasif Babayevonun həmkarları ideyanın dəyişdirilməsinə imkan vermədilər. Əsas qayə dəyişilməz qaldı - Azərbaycan xalqının öz namusu, ləyaqəti uğrunda çoxəsrlik mübarizəsi".

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, ssenarist Kamran Qasımov isə Vasif Babayevi bir müəllim kimi xarakterizə edir: "Bəzən elə xoş anlar olur ki, onları yaşayırsan, amma qarşıdakı anların həsrəti ilə sanki yaşadığın saniyələri qovursan. Onlarla vida anı gələndə isə dönüb arxaya baxırsan, "kaş ki..." kəlməsi beynindən keçir, amma dilinə gətirə bilmirsən. Çünki artıq gecdir, yaşadığın anlardan qalan bircə xatirələrdir...

Mən İncəsənət Universitetini bitirmişəm və bu ali təhsil ocağında olduqca istedadlı sənət müəllimlərim olub. Onların qarşısında baş əyirəm. Qarşısında baş əydiyim bir insan da var: Azərbaycan kino və televiziyasında, o cümlədən mənim də ara-sıra incəsənətlə məşğul olmağımda müstəsna xidmətləri olan Vasif Babayev".

Sənətşünas Aydın Dadaşovun "Rejissor Arif Babayev" adlı bir kitabı var. O, Vasif Babayevin həm böyük, həm də məşhur qardaşıdır. Kitabda bir məqam diqqəti xüsusilə çəkir: vaxtilə İçərişəhərdə doğulan bu qardaşlar sanki onun bir hissəsinə çevrilmişdilər. Az qala damda yaşayan, damdan düşmək bilməyən qardaşlar uşaq vaxtı elə bir-birinə bitişik evlərin üstü ilə Arifin dalınca qaçar, bu damlardan adlaya-adlaya Arifin köməyinə tələsər, elə bu damlarda Arifin ayaqqabılarını, köynəklərini geyinib gəzərdilər...

Artıq Arif yoxdur. Onun dalınca qardaşlar da bir-bir damdan düşüb getdilər. İndi bir İçərişəhər qalıb, birVasif Babayev. Bironun sentyabrın 16-da tamamlanan 70 yaşı...

Nə qədər ki, İçərişəhər yaşayır, İçərişəhərin divarları, damları qorunur, Vasif Babayev düşünür ki, Arifinonun qardaşlarının xatirələri də qorunub yaşayacaq. Birdüşünür ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" də var.

Son olaraq Vasif Babayevdən belə bir fotoşəkil istədik - damda oturub yağışı gözləyən adam. Təəssüf ki, həmişə onun əlinin altında olan çoxlu sənədlərin və fotoşəkillərin arasında beləsi tapılmadı... Tapılsaydı, mütləq çap edərdik.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.- 17 sentyabr.- S. 7.