Məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması dövlətin diqqət
mərkəzindədir
Ermənistanın təcavüzkarlıq siyasəti üzündən tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, həyat səviyyələrinin yüksəldilməsi, habelə faydalı məşğulluqlarının təmini Azərbaycan iqtidarının ötən 17 ildə xüsusi diqqət yetirdiyi məsələlər sırasında olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə mövcud problemlərin ardıcıl və sistemli surətdə həlli üçün kompleks tədbirlər həyata keçirilmiş, neft gəlirlərinin müəyyən qismi bu nəcib məqsədin reallaşdırılmasına sərf olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev yüksək insanpərvərlik və humanizm prinsiplərinə əsaslanan bu siyasəti ötən yeddi ildə inamla davam etdirərək məcburi köçkünlərə qayğı göstərilməsini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmayacaq" - deyən dövlət başçısı ötən dövrdə bütün zəruri tədbirləri həyata keçirməklə, bu vədini əməli şəkildə gerçəkləşdirmişdir. Ötən dövrdə qaçqın və məcburi köçkünlərlə aparılan işi təkmilləşdirmək, bu sahə üzrə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırmaq, mövcud prosesin idarəolunma mexanizmini hüquqi çərçivəyə salmaq, habelə bir sıra təşkilati tədbirləri gerçəkləşdirmək məqsədilə xüsusi Dövlət Proqramı təsdiqlənərək icra edilmişdir. Cənab İlham Əliyevin 2004-cü il 4 fevral tarixli "Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləçə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında" və 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasındakı dərin məzmunlu nitqində məcburi köçkünlərə qayğı siyasətinin davamlı xarakter daşıdığını bir daha diqqətə çatdırmışdır: "Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir. Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün. Bunu etmək üçün əlbəttə ki, Bakıda yeni evlər tikilməlidir. Torpaq sahələrinin ayrılması üçün mən artıq müvafiq göstərişlər verdim. Həm şəhər icra hakimiyyətinə, həm Dövlət Əmlak Məsələləri Komitəsinə. Qaşqınkomla bərabər siz bütün bu işləri müzakirə edib, tezliklə o yerləri müəyyən etməlisiniz. Yəqin ki, o yerlər artıq tikilmiş evlərin yanında olmalıdır ki, orada köçkünlər yığcam şəkildə yaşasınlar".
Məcburi köçkünlərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsində müvafiq dövlət komitəsi ilə yanaşı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) da yaxından iştirak edir. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmış fond ötən 11 ildə erməni işğalı nəticəsində tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsini gücləndirmək, müvafiq dövlət proqramlarında, fərman və sərəncamlarda nəzərdə tutulmuş tədbirləri tez və səmərəli həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Fondun başlıca vəzifələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək, onlar üçün yeni iş yerləri açmaq, kiçik biznesin inkişafına yardım etməkdir.
Fəaliyyəti müddətində MKSİF-in əsas maliyyə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə ayırdığı 10 milyon ABŞ dolları həcmində güzəştli kredit olmuşdur. Bundan başqa, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondundan, habelə dövlət büdcəsindən qurumun hesabına hər il müəyyən məbləğdə vəsait köçürülür. MKSİF Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, 2001-ci ildən başlayaraq çadır düşərgələrində, uzunmüddətli yaşayış üçün yararlı sayılmayan digər yerlərdə müvəqqəti yerləşdirilmiş məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisini həyata keçirir.
Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə 2004-cü il 1 iyul tarixdə təsdiqlənmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na bəzi əlavələr edilmişdir. Nazirlər Kabinetinin sərəncamı ilə həmin əlavələr üzrə işlər əsasən MKSİF-ə həvalə edilmişdir. 2008-ci ildə MKSİF məcburi köçkünlər üçün Qəbələ rayonunda 155 mənzillik 2 ədəd 5 mərtəbəli, Bakı şəhərində 369 mənzillik 6 ədəd 9 mərtəbəli yaşayış binalarının, Göygöl rayonunda həyətyanı sahələri olan 26 ədəd fərdi evin tikintisini sona çatdırmışdır. Həmin il Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin ərazisində inşa olunan 120 ailəlik yeni qəsəbənin tikintisi 2009-cu ildə yekunlaşdırılmışdır.
2008-ci ildə MKSİF həmçinin Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində 500 ailəlik, Xocalı rayonundan olan məcburi köçkünlər üçün isə Goranboy rayonunun ərazisində 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin tikintisinə başlamış və sona çatdırmışdır. 2009-cu ildə yenə də Goranboyda fin tipli evlərdən ibarət düşərgədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsinə həmin rayonun ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbə salınmış, həmin il noyabr ayının 20-də istifadəyə verilmişdir. Qəsəbədə zəruri kommunikasiyalarla bərabər, sosial-mədəni məişət xidməti obyektləri, o cümlədən məktəb, uşaq bağçası, inzibati bina, ambulatoriya, klub-icma mərkəzi, poçt şöbəsi, ikiçıxışlı yanğınsöndürmə deposu tikilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.
2009-cu il noyabrın 18-də Bakının Binəqədi rayonu ərazisində 369 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli yaşayış binalarından ibarət yeni məhəllənin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək görülən işləri yüksək dəyərləndirmişdir.
Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri 2010-cu ildə də sistemli şəkildə davam etdirilir. MKSİF-in direktor müavini Fəzail Səmədovun bildirdiyinə əsasən, fond 2010-cu ildə Qəbələ rayonunun "Qafqaz" turist bazasında və "Lalə" sağlamlıq düşərgəsindəki 152 məcburi köçkün ailəsi üçün həmin rayonun Zarağan bələdiyyəsi ərazisində beşmərtəbəli yaşayış binalarından ibarət məhəllənin tikintisini başa çatdırmışdır. Fevral ayının 27-də isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yeni salınmış məhəllənin açılış mərasimi olmuşdur. Məhəllənin ərazisində 1 ədəd 80 mənzilli və 1 ədəd 75 mənzilli 5 mərtəbəli yaşayış binaları, 188 şagird yerlik məktəb binası tikilmişdir. Həmçinin, bu il Abşeron rayonunda, "Azadlıq Prospekti" metro stansiyası ərazisində və digər yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 70 mənzilli beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır.
2009-cu ildə Naftalan şəhərində Naftalan Sanatoriya-Kurort Birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsinin köçürülməsi üçün Goranboy rayonu ərazisində beşmərtəbəli yaşayış binalarının tikintisinə başlanmışdır və hazırda bu işlər davam etdirilir. İlk olaraq Naftalan şəhərindəki "Qarabağ" sanatoriyasında məskunlaşmış 164 məcburi köçkün ailəsinin həmin binalara köçürülməsi nəzərdə tutulur.
Bakı şəhərində 2 saylı evtikmə kombinatının həyətində hazırda 369 mənzilli 6 ədəd 9 mərtəbəli yaşayış binası inşa olunur. Eyni zamanda Yevlax rayonunda 612 məcburi köçkün ailəsi üçün 10 ədəd 5 mərtəbəli yaşayış binası tikilir. Goranboy rayonunda 164 məcburi köçkün ailəsi üçün 3 ədəd beşmərtəbəli binanın inşası davam etdirilir. Ağdam rayonunun Quzanlı qəsəbəsində isə 689 məcburi köçkün ailəsi üçün 1 mərtəbəli yaşayış evlərindən ibarət yeni qəsəbə salınır.
Perspektiv layihələrin hazırlanması da diqqət mərkəzində saxlanılır. Belə ki, Ağcabədidə 556 məcburi köçkün ailəsi üçün beşmərtəbəli yaşayış evlərindən ibarət yeni məhəllənin layihə-smeta sənədləri hazırlanmışdır. Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün 10 ədəd 9 mərtəbəli yaşayış binasının sosial obyektlərlə birgə inşa olunması üçün də layihə-smeta sənədləri hazırlanmış və Dövlət Ekspertiza İdarəsinə göndəriləcəkdir. Bundan başqa, MKSİF-in sifarişi əsasında Abşeron rayonunun Masazır qəsəbəsində, habelə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında çoxmərtəbəli yaşayış evlərindən ibarət yeni məhəllələrin salınması nəzərdə tutulur. Müşfiqabad qəsəbəsində 1440 ailə yeni inşa ediləcək həmin binalarda məskunlaşdırılacaqdır.
MKSİF-in əsas fəaliyyət istiqamətlərindən biri də mikrolayihələrin həyata keçirilməsi ilə bağlıdır. Dünya Bankı ilə imzalanmış sazişə əsasən, məcburi köçkünlər üçün tikilmiş evlərin təmiri, habelə yeni qəsəbələrin elektrik enerjisi, su ilə təmini, qəsəbədaxili yolların təmiri, xeyir-şər evlərinin tikintisi və digər zəruri tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar 75 icma layihəsi yekunlaşdırılmış, həmin layihələrdən 39869 vətəndaş yararlanmışdır. Fond daha 21 layihənin icrasına start vermişdir və bundan ümumilikdə 10699 nəfər məcburi köçkün faydalanacaqdır.
Bütün bunlar təsdiqləyir ki, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin həlli daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, qaçqın və məcburi köçkünlər üçün inşa olunan evlər bu kateqoriyadan olan soydaşlarımızın müvəqqəti məskunlaşması, rahat yaşaması üçündür. Dövlətin ali məqsədi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır.
S.ELMANOĞLU
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 3.