Neftçi peşəsi həmişə
şərəflidir
20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 20 sentyabr həm də "Əsrin müqaviləsi" adını almış möhtəşəm sazişin imzalandığı gündür.
1994-cü ilin həmin günündə Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması ümummilli liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Məhz həmin günün neftçilərin bayramı kimi qeyd olunmasının özü də qanunauyğun bir haldır. Çünki "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, ulu öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.
Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaqdır. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir".
16 il əvvəl "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycan bütün sərvətlərinin xalqa məxsus olduğunu, xalqın öz sərvətlərindən sərbəst şəkildə istifadə edə bildiyini sübut etdi. Ulu öndərin dediyi kimi: "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir".
Lakin istər sovet hakimiyyəti illərində, istərsə də ondan əvvəlki dövrdə Azərbaycan xalqı bu xoşbəxtlikdən - təbiətin ona bəxş etdiyi xəzinədən öz xeyri, öz mənafeyi naminə istifadə edə bilməmişdir. Hərçənd, Azərbaycanın ərazisi mühüm neftçıxarma rayonu kimi hələ qədim zamanlardan məşhurdur. Təsadüfi deyil ki, dünyada ilk neft quyusu məhz burada - Abşeron yarımadasında qazılıb, Aşağı Kür çökəkliyində, Xəzər dənizi akvatoriyasında, Abşeron və Bakı arxipelaqlarında neft, qaz və kondensat çıxarılıb.
Bibiheybət, Balaxanı, Binəqədi və Bakının digər ərazilərində elə neft yataqları var ki, onların yaşı onilliklərlə deyil, əsrlərlə ölçülür. Lakin təbiətin bu yerlərə böyük səxavətlə bəxş etdiyi yeraltı sərvət indi də tükənmək bilmir. Buradakı ən "qocaman" quyular da neft və qaz verir. Digər tərəfdən isə bu, zəngin təcrübəyə və böyük səriştəyə malik Azərbaycan neftçisinin hünəri, hər quyunun "naz"ının çəkilməsinin, zəruri geoloji-texniki tədbirlərin görülməsinin, müasir texnologiyalardan istifadə edilməsinin nəticəsidir.
Neftçi deyəndə bəzən yanlış olaraq yalnız quyudan neft hasil edən insanı nəzərdə tuturlar. Qazmaçı da, təmirçi də, operator da, geoloq da, geofizik də, bu sahədə çalışan inşaatçı da, rabitəçi də neftçidir, böyük neftçilər "ordu"sunun üzvüdür. Bu "ordu"nun gücü Xəzərin fırtınalı qoynundakı "Qara daşlar"ı fəth edəndə, sonradan da həmin yerdə dünyada analoqu olmayan dəniz şəhəri salanda özünü daha aydın göstərdi.
1949-cu ildə Xəzərdə, Bakıdan təxminən 100 kilometr aralıda yerləşən "Neft Daşları"nda hasilata başlanması əslində dünyada dəniz neftinin erasının başlanması idi. Azərbaycan bununla bütün dünyaya sübut etdi ki, dənizin dibindən də neft və qaz hasil etmək mümkündür.
Ölkəmizin neft sənayesi Ağaqurban Əliyev, Sabit Orucov, Nikolay Baybakov, Əhəd Yaqubov, Mixail Kaveroçkin, Qurban Abbasov (Neftçi Qurban), Ənvər Əlixanov, Mirkazım Məmmədov, Baba Babazadə, Fuad Səmədov, Yusif Səfərov, Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev və onlarca digərlərinin əməyi sayəsində inkişaf etmişdir. Eyni zamanda neft bu insanlara şan-şöhrət gətirmişdir. Başqa sözlə desək, neft yataqları neçə illərdir minlərlə azərbaycanlının iş yeri, hünər meydanı, neftçi peşəsi isə çörək ağacı, şöhrət tacıdır.
Azərbaycanın neft sənayesinin inkişafının bir sıra mühüm mərhələləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən, respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. Nəticədə Azərbaycanın neft infrastrukturu yeniləşdirilmiş, təzə yataqların axtarış-kəşfiyyat işlərinin bünövrəsi qoyulmuş, neft emalı sənayesinin bazası ən müasir texnologiyalarla zənginləşdirilmişdir. Bir-birinin ardınca "Bahar", "Bulla-Dəniz", "Günəşli", "Ələt-Dəniz", "8 Mart" yataqlarının işlənməsinə başlanmışdır.
25 il Neft Daşlarında çalışmış neftçi-inşaatçı Zaməddin Ziyadoğlu maraqlı bir xatirə danışır: "Ümummilli liderimiz hər dəfə dəniz şəhərinə gələndə neftçilərlə, qazmaçılarla, inşaatçılarla səmimi görüşər, onlarla hal-əhval tutar və işgüzar söhbətlər edərdi. Belə görüşlərin birində ulu öndər yenə də gördüyümüz işlərdən razılığını bildirdi. Sonra da əlini uzaqlara, dənizlə səmanın birləşdiyi üfüqə uzadaraq dedi: "İndi artıq oranı kəşf etmək, orada iş aparmaq lazımdır".
Bu həmin yerlər idi ki, indi orada "Çıraq", "Azəri" platformaları görünür. Ulu öndər sonralar demişdir: "Biz yeni əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur".
Bu gün Azərbaycan neftçisi "Azəri", "Çıraq", "Dərinsulu Günəşli", "Şahdəniz" yataqlarında, Səngəçal terminalında, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda öz xarici həmkarları ilə çiyin-çiyinə çalışır. Azərbaycan neftçisi bir az da irəliyə gedərək Xəzərdə qurulmuş ən müasir platformaları idarə edir. Həmişə və hər yerdə öz səriştəsi ilə hamını heyran qoyur, başqa sözlə, neft ölkəsinin mütəxəssisi olduğunu təsdiqləyir.
Neft Daşlarının fatehlərindən biri - neft mühəndisi, alim Yusif Səfərov vaxtilə demişdir ki, "Azərbaycan neft ölkəsidir və burada yaşayan hər bir insan peşəsindən asılı olmayaraq neftçidir". Şübhəsiz ki, görkəmli neftçi qəlbən, ruhən neftçi olmağı nəzərdə tuturdu.
Bu gün isə neft, əgər belə ifadə etmək mümkündürsə, bizim hər birimizin həyatından, taleyindən keçir. Çünki ölkənin sosial-iqtisadi inkişafında neft amili həlledici rol oynayır. Neftdən əldə edilən gəlirlə Azərbaycanda yeni infrastruktur yaradılır, xaricdən heç bir kömək almadan qlobal layihələr reallaşdırılır, qeyri-neft sektoru inkişaf etdirilərək iqtisadiyyat şaxələndirilir. Dövlət Neft Fondunda toplanan vəsaitlər isə xalqın təkcə bu günü deyil, həm də gələcəyi üçündür.
Ümummilli lider Heydər Əliyev neftçinin Azərbaycanda həmişə ən şərəfli peşələrdən birinin sahibi olduğunu demişdir. Bu, indi də belədir. Bibiheybətdə, Çilov adasında, Neft Daşlarında, "Çıraq" və "Şahdəniz" platformalarında, qəhrəman neftçi İsrafil Hüseynovun adını daşıyan borudüzən barjda bunun əyani şahidi olmuşuq. Bu gün ayrı-seçkilik salıb beş-altı neftçi adı çəkməklə kifayətlənmək istəmirik. Azərbaycan neftçilərinin hamısını təbrik edirik. Bayramın mübarək, neftçi qardaş! Həmişə qəlbin dəniz, gücün ümman boyda olsun. Yerin təkindən, Xəzərin dibindən çıxardığın sərvət tükənməsin!
Flora SADIQLI
Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 5.