Sözünün sahibi, yaxud da köhnə kişilərdən biri

 

Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, hələ sağlığında adı korifeylər sırasında çəkilən Abbas Zamanov milli ədəbiyyatşünaslığımızın ən fəal və mükəmməl, eləcə də yorulmaz tədqiqatçılarından biri olub. Əslində, Abbas Zamanovu olduğu kimi təqdim etməkdə bir çətinlik də duyulur. Çünki bu bənzərsiz alim məşğul olduğu sahələrdə elə zirvələr fəth edib ki, biz o ucalıqda Abbas Zamanovu tək görürük. Tənqidçi, ədəbiyyatşünas, mətnşünas, tərcüməçi, pedaqoqE bütün bunlarla bərabər, vətənpərvər, qorxmaz, cəsarətli, əsl insan!

 

Onu yaxından tanıyanların xatirələrindən çəkilməyən bu bəstəboy, dolu bədənli insan haqqında çoxunun fikri bir məcraya yönəlir. Abbas Zamanov sözünün sahibi olan köhnə kişilərdən idi. Atəşin üstündə dayanan bir od kürəsinə bənzəyirdi. Bu kürənin şöləsi soydaşlarımızın səpələndiyi bütün yerlərə düşürdü. Xalq şairi Xəlil Rza Ulutürk onun haqqında yazdığı şeirində bu saflıq çeşməsinin portretini dəqiq və poetik naxışlayıb:

 

Boyca bir az bəstə... necə deyim mən?

Bağrında yerləşir hüdudsuz vətən.

Qara hədəfləri külə döndərən

Bir top gülləsidir Abbas müəllim.

 

O, 1911-ci ilin bir payız günündə qədim Şərur mahalının Maxta kəndində anadan olub. Əvvəl molla məktəbində, sonra vaxtilə Mirzə Cəlilin dərs dediyi Baş Noraşen (indiki Cəlilkənd) məktəbində təhsil alıb. Sonrakı həyatı doğma ocaqdan kənarda keçib. Bir müddət Naxçıvanda, sonra isə Bakı şəhərindəki uşaq evində yaşayıb. Abbas Zamanov çox erkən həyatın ağır qovğalarına düçar olub. Amma fərasəti, qabiliyyəti, xüsusilə də hafizəsi ilə yoldaşlarından seçilirmiş. Ondakı istedadı ilk dəfə duyan Bakıdakı uşaq evinin müəlliməsi Səkinə xanım (Hüseyn Cavidin bacısı) olub. Bu bəstəboy, qarabəniz oğlanla söhbət edərək onu sorğu-suala tutub. Bir ana nəvazişi ilə söyləyib: "Adın Mirabbas, atanın adı Mirfəttah, familiyan Seyidzamanovdur. Ailəniz də tanınmış seyid nəslindəndir. Bir sıra təzyiqlərə məruz qalıbsınız. İstedadlı və fərasətlisən. Yaxşı gələcəyin ola bilər. Məsləhət görərdim ki, həm öz adındakı, həm də atanın ismindəki "mir"ləri atasan. Familiyan sadəcə Zamanov olsun. Onda sən istədiyinə nail ola biləcəksən. Yoxsa bu ad və soyadla çox uzaqlara gedə bilməzsən, oğul. İndi zaman başqadır". Müəlliməsinin bu tövsiyəsindən sonra Mirabbas Mirfəttah oğlu Şeyxzamanov ömrünün sonunadək bizim tanıdığımız Abbas Zamanov kimi tarixə düşdü.

Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra komsomol təşkilatlarında çalışan Abbas Zamanov iki il "Gənc işçi" qəzeti redaksiyasında işləyib. Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib, "Azərnəşr"in bədii ədəbiyyat şöbəsində müdir olub. İşləyə-işləyə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu da bitirərək doğma təhsil ocağında müəllimliyə başlayan Abbas Zamanovun tərcümeyi-halı həqiqətən maraqlıdır. Repressiyanın qol-qanad açdığı illərdə opera teatrının və filarmoniyanın direktoru olub. Hətta o illərdə Təbrizə qastrol səfərinə gedən aktyor truppasına rəhbərlik də etmişdir. Bəlkə də İkinci Dünya müharibəsi başlamasaydı, Abbas Zamanov da çox sevdiyi, sənətinə, yaradıcılığına bağlandığı Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin ardıcılı olacaqdı. Amma müharibə repressiyanı dayandırdı. Onu da sürgün edəcəkdilər. Bu dəfə Abbas Zamanovun səsi ordu sıralarından gəldi. Akademik Bəkir Nəbiyev bu görkəmli alim haqqında yazırdı: "Müharibə illərində Abbas Zamanov öz gündəlik cəbhə işi ilə yanaşı, Azərbaycan Teleqraf Agentliyinə müntəzəm olaraq cəbhə hadisələrindən bəhs edən yazılar göndərirdi. Əslində, bu unudulmaz şəxsiyyət Azər.TA-nın bir növ ictimai əsaslarla hərbi müxbiri olmuşdu". Onun yazıları o dövrdə "Kommunist", "Bakinski raboçi", "Vışka" qəzetlərində dərc edilirdi. Bu xidmətlərinə görə Abbas Zamanov hələ cəbhədə ikən fəxri fərmanlar alırdı. O, həm əsgəri vəzifəsini fədakarlıqla yerinə yetirirdi, həm də Azərbaycan oxucularına cəbhə həyatından maraqlı yazılar çatdırırdı. İkinci Dünya müharibəsi illərində qələmə aldığı yazılar sonralar nəşr olunmuş "Cəbhə dostları" adlı kitabına salındı. Müharibədən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində müəllim kimi fəaliyyətə başlayan Abbas Zamanov artıq respublikanın tanınmış qələm sahiblərindən biri idi. Onun yaxın dostları Rəsul Rza, Cəfər Cəfərov, Məmməd Cəfər və Əli Sultanlı idi. Xatirələrdən də bəlli olur ki, onlar həmişə bir yerdə olmağı, müzakirələr aparmağı, dərdləşməyi, söhbət etməyi çox sevərmişlər.

Abbas Zamanov müharibəyə getməmişdən öncə hələ Naxçıvanda komsomoldan tanıdığı bir nəcabətli qızla ailə qurmuşdu. Bu izdivacdan onların bir oğlu vardı. Müharibədən sonra isə həyatın gözlənilməz talesizliyi ilə üzləşdi. Bu dəfə aldığı zərbə daha ağır və dağıdıcı oldu. Həyat yoldaşının qohum-əqrəbasının Türkiyədə yaşadığını bəhanə edərək onun valideynlərini, yaxınlarını ölkədən sürgün etdilər. Kiçik uşaqla bu amansızlığın pəncəsinə keçən Abbas Zamanov dəyanəti ilə hər bir zərbənin önündə mətin dayanmağı bacardı. Onu sındırmaq mümkün deyildi! Dərdini içərisinə salsa da, övladını yaşatmaq üçün başını dik tutdu. Sonralar həyat onu özü kimi məğrur və qürurlu bir insanla - Asya xanımla rastlaşdırdı. Həmkarları və qələm dostları təsdiqləyirlər ki, bu nəcib xanım Abbas Zamanova, sözün həqiqi mənasında, ömür-gün və həyat dostu oldu. Onunla birgə bu ailənin başı üzərində dolanan fəlakətləri, gözlənilməz "bəxşiş"ləri rədd etməyi, bir sözlə, xaosun içindən çıxıb vüqarlı yaşamağı bacardılar. Doğrudur, bu mübarizə asan başa gəlmədi. İtkilər, xəstəliklər və başqa çətinliklər Zamanovlar ailəsini daban-dabana izlədi. Bütün bu olmuşların acığına isə Abbas Zamanovun şöhrəti qanadlanırdı. Onu sevirdilər. Onun bütövlüyünə, mərdanəliyinə, mətinliyinə hörmət edirdilər.

1960-cı ildə Abbas Zamanovu kommunist partiyasının sıralarından xaric etdilər, çalışdığı Azərbaycan Dövlət Universitetindən çıxardılar. Nə baş vermişdi? Mikoyanın təşəbbüsünə və köməyinə arxalanan ermənilər Naxçıvanı ələ keçirmək üçün dəridən-qabıqdan çıxırdılar. Hətta nümayəndələrini Bakıya göndərmişdilər, eləcə də Moskvada məsələ qaldırmışdılar. Yusif Seyidov söyləyir: "Moskvadan müəyyən razılıqlar da verilmişdi. Bunun qarşısını almaq lazım gəlirdi. Məhz bu zaman Abbas Zamanov mübarizə meydanına gəldi, səsini ucaltmaq üçün imkan gözlədi". Həmin vaxt, yəni 1960-cı ildə Bakıda Səməd Vurğunla bağlı yubiley yığıncağı keçirilirdi. Yığıncağa professor Məmməd Arif sədrlik edirdi. Moskvadan da qonaqlar, məsul şəxslər gəlmişdilər. Məruzə və bir neçə çıxışdan sonra Abbas Zamanov söz aldı. O da başqaları kimi Səməd Vurğun haqqında danışdıqdan sonra haşiyə çıxaraq belə bir əlavə etdi: "Bu gün bir nəfər mənə dedi ki, Naxçıvanın ermənilərə verilməsi həll edilməkdədir. Səməd Vurğun qalsaydı, deyərdi ki, biz Naxçıvanı ermənilərə vermərik". Arası kəsilməyən gurultulu alqış səsləri zalı titrədib. Məmməd Arif bəzilərinin gərgin əsəblərini yumşaltmaq üçün Abbas müəllimin hissə qapıldığını bildirib. Abbas Zamanov bu sözləri qəbul etməyərək yenidən səhnəyə qalxıb və bu dəfə daha sərt danışıb. Bu hadisə respublikada, hətta ittifaqda əks-səda verib. Doğrudur, Naxçıvan söz-söhbətinə son qoyulub, ermənilər susmalı olublar. Amma Abbas müəllimin başı bəlalardan qurtulmayıb. Əvvəl partiyadan, sonra da işdən çıxarıblar. Sanki bütün bunlar onun nüfuzunu daha da artırdı. Oğlu Fuad Zamanov söyləyir: "Doğrudur, həmin bədnam hadisədən sonra atamdan uzaq qaçanlar da oldu, amma vəfalı dostları daha çox idi. Heç unutmaram. Rəsul Rza atama dedi ki, Abbas, zaman gələcək, səni bu hərəkətinə görə Azərbaycanın xalq qəhrəmanı edəcəklər".

O, nə qələmini yerə qoydu, nə də axtarışlardan doydu, yazdı, yaratdı, tərcümələr etdi. Millətinin, torpağının yolunda üzləşdiyi hər bir bəlanı mükafat kimi dəyərləndirirdi. Abbas müəllim təbiətən də o qədər nikbin, həyatsevər insan idi ki, ən çətin anında da kefini soruşanda "şikayətlənməyə əsas yoxdur" deyərdi.

İşsiz həyat sürdüyü dövrdə Abbas Zamanov Mirzə Ələkbər Sabir haqqında tədqiqatlar apardı, monoqrafiya çap etdirdi. İsa Həbibbəyli yazır: "Abbas Zamanov XIX-XX əsrlər və müasir ədəbiyyatımızın ən görkəmli tədqiqatçılarından biridir. O, nəinki Azərbaycanda, demək olar ki, bütün mədəni dünyada görkəmli sabirşünas-alim kimi tanınmışdır". Ən maraqlı faktlardan biri də budur. Abbas Zamanov filologiya sahəsində yeganə elm adamıdır ki, "Sabir və müasirləri" adlı əsərinə görə namizədlik dissertasiyası müdafiə etmədən birbaşa elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Sabir irsinin çoxəhatəli tədqiqi məhz Abbas Zamanova məxsusdur. "Sabir gülür", "Sabir bu gün", "Sabir xatirələrdə", "Müasirləri Sabir haqqında" kitabları gərgin axtarışlardan və dərin elmi mühakimələrdən yoğrulmuşdur. Ömrünün bəlkə də bütün qızıl dövrünü Tiflis arxivlərində elmi araşdırmalara, axtarışlara həsr edən Abbas Zamanov Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Eynəli Sultanov, Qurbanəli Şərifzadə və başqaları haqqında ilk dəfə yeni materiallar əldə etmişdi. Mirzə Cəlil yaradıcılığı, "Molla Nəsrəddin" jurnalı barəsində mükəmməl tədqiqatlar aparan ilk müəlliflərdən idi. Ömrü arxivlərdə keçən Abbas Zamanov həm də mətinşünas-alim kimi Azərbaycan filologiyasının inkişafında öz töhfəsini vermişdir. Bu da bəllidir ki, bir çox klassik şair və yazıçıların əsərlərinin əsas naşirlərindən biri məhz Abbas Zamanov olmuşdur. O, neçə-neçə klassik ədəbiyyat yaradıcısının əsərlərini taparaq üzə çıxarmışdır.

Oğlu Fuad Zamanovun söylədiklərindən: "Atam bir gün məni də götürüb Moskvaya getdi. Haqsız yerə işdən çıxarıldığını, partiyadan qovulduğunu həzm edə bilmirdi. Moskvada həmişə Əziz Şərifin evində qalırdı. Onlar çox yaxın dost idilər. Uzun sürən müzakirələrdən - 8 ildən sonra atam haqlı çıxdı. Onu yenidən partiyaya və işə bərpa etdilər. Yadımdadır, Əziz Şərif mənə belə dedi: "Ay maxtalı balası, sənin dədən ermənilərlə güləşdi, kürəklərini yerə vurmaqla bərabər, ayaqlarını onların sinəsinin üstünə qoydu".

Moskvadan qayıtdıqdan sonra Abbas Zamanov Nizami adına Ədəbiyyat Muzeyinin direktoru vəzifəsinə təyin edilib. 1971-ci ildən isə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri seçilib. Uzun illər bu təhsil ocağında dərs deyib. O, təkcə Azərbaycan Elmlər Akademiyasının deyil, dünyanın bir sıra nüfuzlu elmi mərkəzlərinin, universitetlərin fəxri üzvü, doktoru seçilmişdi.

Abbas Zamanovun bir şakəri də var idi. Azərbaycanda çap edilən dəyərli, mükəmməl kitabları dünyanın bir çox kitabxanalarına göndərərdi. Hətta Türkiyənin müxtəlif kitabxanaları ilə yanaşı, Ərzurum Universitetinə öz vəsaiti hesabına minlərlə qiymətli kitab göndərib. Qardaş Türkiyənin Ərzurum Atatürk Universitetində "Professor Abbas Zamanovun bağış kitablığı" yaradılmışdır. Türkiyədə Azərbaycan ədəbiyyatını öyrənmək, oxumaq üçün bu kitabxana çox böyük əhəmiyyət daşıyır. Ona bəzən "Azərbaycanın elm və mədəniyyət səfiri" - deyirdilər. Bu da səbəbsiz deyildi. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin həm tədqiqi, həm də təbliği sahəsində Abbas Zamanov bir elmi institutun görə biləcəyi qədər iş görmüşdür və onun ölkələr arasında saldığı körpülərin üstündə dünyanın müxtəlif ünvanlarından Vətənimizə görkəmli ziyalılar gəlmək imkanı qazanmışdılar. İsa Həbibbəylinin fikrincə, çoxəsrlik Azərbaycan mədəniyyətinin nailiyyətləri də məhz bu körpü vasitəsilə dünyaya yayılmışdır. Abbas Zamanov bu məktublaşma prosesində - bağlama göndərmədə o qədər məşhurlaşmışdı ki, bütün poçt işçiləri onun ünvanını əzbər bilirdilər. Hətta zərfin üstünə Bakı və sadəcə, Abbas Zamanov yazılsaydı belə, yenə də öz ünvanına yetəcəkdi. Bəlkə o illər ən çox məktub yazan da, məktub alan da Abbas Zamanov olub.

Sovet quruluşunun qılıncının hər iki tiyəsinin çox iti olduğu bir vaxtda "Cənubdan səslər" adlı rubrikasını mətbuata gətirdi. Uzun illər bu rubrika altında Cənubda yaşayıb-yaradan soydaşlarımızın yaradıcılığı barədə oxuculara məlumat və nümunələr təqdim etdi. Abbas Zamanov həm vətənpərvər, həm də cəsarətli idi. O, bütün müqavimətləri də məhz bu inadı və dəyanəti ilə dəf edə bilirdi.

Təbrizdəki Tərbiyə Kitabxanasında Abbas Zamanovun Cənubi Azərbaycana göndərdiyi mindən artıq kitab, elə o qədər də qəzet saxlanılır və indi də istifadə olunur.

Abbas Zamanov xaricdə yaşayan azərbaycanlıları axtarmaqdan yorulmazdı. Əlbəttə, bu insanların çoxu sovet quruluşunu qəbul etməyən insanlar idi. Xüsusilə də repressiyalardan qaçanların övladları barəsində ilk məlumat verən də Abbas Zamanov olub. Bütün bunların nə demək olduğunu bilə-bilə Abbas Zamanov nəinki o soydaşlarımızı axtarır, tapır, həm də imkan daxilində Azərbaycana tanıtmağa çalışırdı. Bununla bahəm Azərbaycanı da bizdən xəbərsiz olan bacı-qardaşlarımıza yenidən yaxınlaşdırırdı. Mətbuatda bunlar mümkün olmayanda özü bir-bir ziyalılara, yazıçı və şairlərə zəng edərək xarici ölkələrdə yaşayan azərbaycanlılar haqqında bilgi verərdi.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev bu nəcib insanın başqa bir məziyyətindən söz açır: "Qeyri-adi insan idi Abbas müəllim. Özünün qayğıya, köməyə böyük ehtiyacı olduğu halda çalışıb hamıya kömək əli uzadardı. Abbas müəllimi bir şəxsiyyət kimi fərqləndirən cəhətlər çox idi. Bunlardan biri və mühümü onun prinsipiallığı və obyektivliyi idi. Sözü adamın üzünə şax deyərdi. Heç vaxt kiminsə qarasına danışmazdı. Hünərli, mərdanə, eyni zamanda, humanist idi. İnadkarlıq, mübarizlik, əqidəsindən dönməzlik elə bil elm və Vətən fədaisi olan Abbas müəllimin boyuna biçilmişdi".

Belə bir fikir var ki, köhnə kişilər elə bu cür olub. Sözünün yiyəsi, mərd, mərdanə! Həyatın ağır məhrumiyyətlərinə dözərək öz təmizliyini, paklığını qoruyub saxlamaq hər kəsə nəsib olan səadət deyil. Öz xalqı qarşısında xidmətlərinə görə həqiqətən də Rəsul Rzanın təbirincə desək, xalq qəhrəmanı səviyyəsinə yüksələn Abbas Zamanov Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyatının heç zaman unudulmayacaq bir nümayəndəsidir. Bu bənzərsiz insan onu tanıyanların yaddaşında həmişə məhz belə - işıqlı şəxsiyyət kimi yaşayacaq!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 7.