Bakıda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası açılmışdır

 

 Dünən paytaxtın Xətai rayonu ərazisində - "Bakı" kinoteatrının qarşısında arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası açılmışdır. Sərgidə 51 şəhər və rayondan 400-dən çox arıçı iştirak edir.

Sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirdi ki, "Arıçılıq haqqında" qanunun qəbul edilməsi ölkəmizdə bu sahədə damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə, eləcə də yeni cinslərin yetişdirilməsinə geniş imkan yaratmışdır. Bu da son nəticədə arıçılıq məhsullarının istehsalının artımına səbəb olmuşdur. Satış-sərgi yarmarkasının keçirilməsində məqsədin ölkəmizdə arıçılığın təbliği, onun geniş yayılması, inkişaf etdirilməsi, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq olduğunu deyən nazir müavini qeyd etdi ki, son illər bu istiqamətdə böyük uğurlar qazanılıb. Arıçılıq iqtisadi cəhətdən gəlirli, az xərc qoymaqla qısa bir müddətdə böyük gəlir əldə etməyə imkan verən sahəyə çevrilib.

Son məlumatlara görə, ölkəmizdə 163991 arı ailəsi var. Hər arı ailəsindən orta hesabla 11-12 kiloqram bal alınır. Ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur. Cari il arıçılıq üçün əlverişli olmasa da, 900 ton bal istehsalı gözlənilir. Aparılmış hesablamalar göstərir ki, son bir neçə ildə ölkəmizdə arı ailələrinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür.

 Bu gün arıçılığın qarşısında duran əsas vəzifələr müasir texnologiyaları tətbiq etməklə arı ailələrinin sayının artırılması, arıçılığın maddi-texniki bazasının təkmilləşdirilməsi, damazlıq ana arıların yetişdirilməsi, köçəri arıçılığın inkişafı, xəstəliklərlə mübarizə, arıçılıq məhsullarının yüksək səviyyədə istehsalı, tədarükü, emalı, qablaşdırılması satışını təşkil etməkdir.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Kreditləri Təşkilatı üzrə Dövlət Agentliyi Azərbaycanda arıçılığın inkişaf etdirilməsi sahəsində beynəlxalq təşkilat olan İFAD-ın layihəsini həyata keçirir. Agentliyin xətti ilə layihənin həyata keçirildiyi Lerik, Qəbələ, Daşkəsən, Gədəbəy, Yardımlı Xızı rayonlarında arıçılıq daha da inkişaf etmişdir.

Respublika Arıçılıq İttifaqının sədri Şamil Quliyevin sözlərinə görə, ölkəmizdə son bir neçə ildə arıçılığa böyük diqqət yaranıb. Bu sahəyə dövlət tərəfindən göstərilən dəstək öz müsbət nəticələrini verir. Arıçılar bal digər arı məhsullarının istehsalını ilbəil artırırlar.

Balakəndən sərgidə iştirak edən Həsən Dəlləyev ixtisasca geoloqdur. O, bir neçə il öz ixtisası üzrə çalışıb. Sonra geoloji kəşfiyyat işində fasilə yarandığı üçün ata-babadan məşğul olduqları arıçılıq peşəsinə meyil göstərib. Bir neçə il ərzində arı ailələrinin sayını 50-yə çatdırıb. Hazırda həm damazlıq üçün ana arıları yetişdirərək arıçılara satır. Son bir ildə 500-dən çox ana arını yetişdirib satdığını söyləyir. Deyir ki, arıçılıqla məşğul olandan sonra dolanışığı da yaxşılaşıb.

Zaqataladan olan arıçı Olqa Miloserdova həyat yoldaşı Aleksandrla birlikdə neçə ildir ki, arıçılıqla məşğul olurlar. Bu işdən onlar böyük zövq almaqla bərabər, yaxşı qazanc da götürürlər. Azərbaycanın hər yerindən alıcıları olduğunu söyləyən Olqa xanım yarmarkalarda da müştəri sarıdan korluq çəkmədiyini bildirir.

Ümidvar Rüstəmov Kəlbəcər köçkünüdür. İxtisasca rus dili müəllimidir. Deyir ki, uşaq vaxtında məhəllələrində saysız-hesabsız arı pətəkləri var idi. Bu işlə ata-babası da məşğul olub. Arıçılığın sirlərini onlardan öyrənib. Kəlbəcərdə müəllim işləməklə bərabər, arıçı kimi tanınırdı. Amma doğma yurddan didərgin düşəndən sonra arı pətəkləri Kəlbəcərdə qalıb. Hazırda Ümidvar müəllim Bakıda məskunlaşıb. Deyir ki, köçkünlük həyatı onu çox sınağa çəkib. Son bir neçə ildə yenidən arıçılıqla məşğul olur. Arılarını qışda Yevlax rayonuna, yayda isə Daşkəsən dağlarına aparır. Beləliklə, həm ailəsini dolandırır, həm keçmiş günlərini yada salır. Arzusu da yenidən Kəlbəcərə qayıdıb arıçılıqla orada məşğul olmaqdır.

Söhbət etdiyimiz arıçılar Bakıda hər il keçirilən sərgi-satış yarmarkanın onlarda arıçılığın inkişafına böyük ümidlər yaratdığını söylədilər. Bildirdilər ki, belə sərgilərin davamlı olması Azərbaycanda arıçılığın inkişafına böyük təkan verir.

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası sentyabr ayının 30-dək davam edəcək.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 8.