Aqrar sektorun inkişafına innovasiya xidməti

 

Aqrar sektorun inkişafına nail olmaq məqsədilə Azərbaycan hökuməti Dünya Bankı ilə müştərək layihələr həyata keçirir. Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Proqramının məqsədi Azərbaycanın kənd təsərrüfatının əvvəlki məhsuldarlıq səviyyəsini bərpa etməklə onun bütün sahələrinin inkişafını təmin etməkdən ibarətdir.

2001-2006-cı illər ərzində həyata keçirilmiş Birinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi (KTİKL-I) uğurla başa çatmış, əldə edilmiş nəticələr Dünya Bankı və əlaqədar dövlət qurumları tərəfindən müsbət qiymətləndirilmişdir.

Layihənin birinci mərhələsində ölkənin beş regionunda (Naxçıvan MR, Gəncə, Şəki, Masallı və Beyləqan) Regional Məsləhət Mərkəzləri (RMM) və 116 kənd təlim mərkəzləri yaradılmış, torpaq mülkiyyətçiləri informasiya və məsləhət xidməti ilə əhatə edilmiş, mütərəqqi texnologiyaların tətbiqində sahibkarlara əməli kömək göstərilmişdir.

Dünya Bankı İkinci "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" layihəsinə maliyyə dəstəyi verməyi məqsədəuyğun hesab etmişdir. Əsas məqsəd ölkəyə yardım strategiyası, yeni ölkə tərəfdaşlıq strategiyası, yoxsulluğun azaldılması məsələlərində, iqtisadi-sosial inkişafın sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş hədəflərə nail olunmasına yardım göstərməkdir.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" ölkə Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanında 2004-2008-ci illəri əhatə edən müddət ərzində regionların iqtisadi inkişafının təmin olunmasında dövlət siyasətini həyata keçirmək məqsədilə yerlərdə ailə-kəndli təsərrüfatı üzvləri və digər sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və digər xidmətlər göstərəcək mərkəzlərin yaradılması nəzərdə tutulurdu. Bu məqsədləri həyata keçirmək üçün mövcud beş RMM-lə yanaşı respublikanın daha beş regionunda (Xaçmaz, Göyçay, Bərdə, Salyan və Şamaxı) da yeni RMM-lərin yaradılması planlaşdırılmışdır. Bununla da respublikada regional məsləhət mərkəzlərinin sayı 10-na, kənd təlim mərkəzlərinin sayı isə 116-dan 205-ə çatdırılmış oldu.

Şamaxı Regional Məsləhət Mərkəzinin təşkili üçün 2008-ci il may ayında bölgənin beş rayonunda (Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Ağsu) rəy sorğusu keçirilmişdir. Sorğuda əsas məqsəd hər bir rayon üçün səciyyəvi olan ən vacib problemləri araşdırmaqdan, həmçinin təlim, informasiya və məsləhət xidmətlərinə olan ehtiyacları müəyyənləşdirməkdən ibarət olmuşdur.

Məlum olmuşdur ki, bölgənin bütün rayonları üçün səciyyəvi olan problemlərdən biri də əhalinin kredit ala bilməməsi olmuşdur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, respublikanın digər bölgələrindən fərqli olaraq bölgədə əhali demək olar ki, RMM yaranana qədər əsaslı şəkildə kreditlə təmin olunmamışdır. Heç təsadüfi deyildir ki, rəyi soruşulanların 94 faizi bu problemin mövcudluğunu və 84 faizi isə bu sahədə biliklərə ehtiyac olduğunu qeyd edirdilər. Əhali kredit almaq onu ödəmək barədə elementar biliklərə malik deyildi.

Məhz belə bir zamanda regionda İnformasiya Məsləhət Xidmətini təşkil etmək üçün regional mərkəz yaradılmışdır (Şamaxı Regional Məsləhət Mərkəzi).

Şamaxı RMM Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə bağlanmış 3 oktyabr 2008-ci il tarixli müqaviləyə əsasən regionda "İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" layihəsinin "İnformasiya və məsləhət xidməti" yarım komponentini həyata keçirir.

Bütün vəzifələrin öhdəsindən layiqincə gəlinməsi üçün Şamaxı RMM əhatə etdiyi regionda 181 kənd 15 özəl məsləhətçi arasında bölünərək onlara təhkim edilmişdir. Bu cür məsləhətçilərin xidmət göstərdikləri kəndlərdə informasiya və məsləhət xidməti aparmaq üçün hər bir məsləhətçi zəruri avadanlıq və informasiya materialları ilə təmin olunmuş Kənd Təlim Mərkəzləri - informasiya guşələri yaradılmışdır.

Şamaxı Regional Məsləhət Mərkəzi "II Kənd Təsərrüfatı İnkişafı və Kreditləşməsi" layihəsi həyata keçirildiyi bu müddət ərzində regionun beş rayonunda yaşayan 61272 nəfər ailə-kəndli təsərrüfatı üzvlərinə və digər sahibkarların 12000 nəfərinə (1 günlük) təlim kursları (tələbatlarına uyğun mövzular üzrə), 22500 nəfəri sahə və ferma nümayişləri təşkil edilərək qabaqcıl təcrübələrin mənimsənilməsi istiqamətində işlər davam etdirilməkdədir. Fəaliyyət göstərdiyimiz müddət ərzində hər ay iki adda olmaqla hər birindən 2000 nüsxə regionun spesifikasına və torpaq mülkiyyətçilərinin tələbatına uyğun müxtəlif informasiya materialları nəşr edilərək özəl məsləhətçilər vasitəsilə yayılmış, 75 sahə nümayiş proqramı (heyvandarlıq, taxılçılıq, meyvəçilik, üzümçülük və tərəvəzçilik) təşkil edilmişdir.

Ötən dövrdə 1875 nəfər ailə-kəndli təsərrüfatı üzvlərinə və digər sahibkarlara fərdi məsləhət xidməti göstərilmişdir. Hər ay mütəmadi olaraq özəl məsləhətçilər tərəfindən bazar yönümlü informasiya məlumatları toplanaraq 3000 nəfər torpaq mülkiyyətçisinə çatdırılmışdır.

Şamaxı Regional Məsləhət Mərkəzi regionda xidmət göstərən 15 özəl məsləhətçi ilə bu layihənin tələblərinə uyğun müqavilə bağlayaraq 2009 və 2010-cu illərdə eyni ərazidə (kənddə) eyni fəaliyyət sahəsi ilə məşğul olan, arzu, istək və problemləri üst-üstə düşən 10-30 nəfər ailə-kəndli təsərrüfatı üzvlərindən ibarət 45 xüsusi maraq qrupları yaratmışdır. Bu qrupların 15-i taxılçılıq, 8-i meyvəçilik, 4-ü ətçilik, 6-sı südçülük, 9-u qoyunçuluq və 3-ü arıçılıq fəaliyyəti ilə məşğul olan fermerlərdən ibarət olmuşdur. Onlar regionun 35 kəndini əhatə etmişdir. Yaradılmış xüsusi maraq qruplarında 723 nəfər torpaq mülkiyyətçisi təmsil olunur ki, bunun da 154 nəfərini qadın torpaq mülkiyyətçisi təşkil edir.

2009-cu ildə yaradılan və fəaliyyəti tamamlanmış məsləhət layihələri üzrə aparılmış təhlilllərdən məlum olmuşdur ki, XMQ-lərdə həyata keçirilən məsləhət layihələrində nəzərdə tutulan məhsul artımı 20-22 faiz təşkil etmişdir. 2010-cu ildə yaradılan XMQ üzvlərinin 128,8 nəfəri meyvəçilik, 64 nəfəri ətçilik (kökəltmə), 96 nəfəri südçülük, 144,9 nəfəri qoyunçuluq, 241 nəfəri taxılçılıq, 48,3 nəfəri arıçılıqla məşğul olan ailə-kəndli təsərrüfatı üzvləridir. Bu qruplarda fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin 480 ha taxıl sahəsi, 128 ha meyvə bağı, 145 baş kökəltmədə olan iribuynuzlu, 225 baş südlük istiqamətində, 1479 baş xırdabuynuzlu mal-qarası və 480 arı ailəsi var.

Şamaxı Regional Məsləhət Mərkəzinin öz fəaliyyətini daha səmərəli şəkildə inkişaf etdirməsi üçün agentlik tərəfindən özəl məsləhətçilər üçün təlim kursları təşkil edilmişdir. Ötən il aqromarketinqin təşkili və idarə edilməsi, kompüterinformasiya texnologiyası, 2010-cu ilin may ayında isə "Ərzaq təhlükəsizliyinə" dair üç həftəlik təlimlər təşkil edilmişdir.

Şamaxı RMM-in fəaliyyətinin qiymətləndirilməsi və regionda xidmət göstərən özəl məsləhətçilərlə əməkdaşlığın düzgün qurulması məqsədilə mərkəzin əhatə etdiyi rayonların ailə-kəndli təsərrüfatı üzvlərindən və dövlət idarəetmə orqanlarının nümayəndələrindən ibarət Regional Məsləhət Şurası yaradılmışdır. Şura öz işini layihənin tələblərinə uyğun təsdiq olunmuş planına əsasən həyata keçirir. Şura Regional Məsləhət Mərkəzinin fəaliyyətini müzakirə edir və təkliflər verir. Bu da regionda informasiya və məsləhət xidmətinin səmərəli olmasına müsbət təsir göstərir.

 

 

F.HÜSEYNOV,

Şamaxı Regional Məsləhət

Mərkəzinin rəhbəri

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 5.