Azərbaycan Prezidenti
İlham Əliyevin Türkdilli
ölkələrin X zirvə görüşündə
iştirakı Türkiyə mətbuatının diqqət mərkəzində
olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə iştirakı və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Baş nazir Rəcəb Tayyib Ərdoğanla imzaladığı Bəyannamə Türkiyənin nüfuzlu qəzet, televiziya və informasiya agentliklərinin diqqət mərkəzində olmuşdur.
"Hürriyət" qəzetinin ilk səhifəsində dərc olunmuş "Türkiyə - Azərbaycan arasında strateji imza atıldı" və "İlham Əliyev: Bu, ürəkləri birləşdirən bir əsərdir" başlıqlı xəbərlərdə qeyd olunur ki, "Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasını ürəkləri birləşdirən bir əsər adlandırmış, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğana bu strateji sənədin hazırlanması və qəbul olunmasında səylərinə görə də təşəkkür etmişdir".
"Zaman" qəzeti də Azərbaycan dövlətinin başçısının Türkiyənin Baş naziri ilə imzaladığı sənədi qardaş ölkələrimizin strateji əməkdaşlığında mühüm addım kimi qiymətləndirmiş, Prezident İlham Əliyevin imzalanma mərasimindəki çıxışına geniş yer ayırmışdır.
"Axşam" qəzetinin dərc etdiyi xəbərdə isə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev türkdilli ölkələrin dövlət başçılarının şərəfinə təşkil olunmuş ziyafətə gələndə Baş nazir Rəcəb Tayyib Ərdoğan onu böyük hörmətlə qarşılamışdır.
"Yeni Şafak" qəzeti isə, Azərbaycan dövlətinin başçısının mətbuat konfransında söylədiyi bu fikirləri önə çıxarmışdır: "Türkiyə böyük dövlətdir. Türkiyənin güclənməsi Azərbaycan ilə Ermənistan arasındakı problemin həllinə müsbət təsir göstərəcəkdir".
İngilis dilində nəşr olunan "Today`s Zaman" qəzetinin məqaləsində deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xeyir-duası ilə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iki ölkənin hökumətlərinin fəaliyyətini əlaqələndirəcəkdir. Türkiyə regionda fəal rol oynamaq istəyir və Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanla əməkdaşlığın gücləndirilməsi bu plana töhfə verəcəkdir.
"Star" qəzetində isə Prezident İlham Əliyevin Türkiyə ilə qardaşlıq və əməkdaşlıq əlaqələrinin əsrlərdir davam etdiyini, son illər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatdığını vurğuladığı yazılır.
Xəzər dənizindəki sərhədlər məsələsini gündəlikdə olan ilk məsələ olmaqdan çıxararaq son maddəyə çevrilməsini istədiklərini bildirən İlham Əliyev Türkmənistan ilə Azərbaycan arasında problemlərin əməkdaşlıq şəraitində həll olunduğunu diqqətə çatdırmışdır.
"Haber Türk" qəzeti isə Prezident İlham Əliyevin bu fikirlərini dərc etmişdir: "Bizim müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. İlk gündən, müstəqilliyimizin ilk günündən bugünə qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq edirik. Bu əməkdaşlıq sürətlə inkişaf edir. Bu əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün bu gün imzalanan sənədin çox böyük əhəmiyyəti vardır".
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzalanma mərasimindən sonrakı bəyanatları, dövlətimizin başçısının Türkdilli ölkələrin X zirvə görüşündə iştirakı Türkiyənin xəbər kanallarında canlı yayımla verilmiş, qardaş ölkənin Anadolu, Cihan, İhlas xəbər agentlikləri tərəfindən operativ şəkildə işıqlandırılmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.-18
sentyabr.- S. 2.