Fransız jurnalında Azərbaycanın uğurlarından ətraflı bəhs olunmuşdur

 

Parisdə nəşr olunan həftəlik "Valeurs actuelles" ("Aktual gəlir") jurnalının sentyabrın 16-da işıq üzü görən nömrəsindəki "Avropa qapıları ilə üzbəüz Asiya artımı" adlı məqalədə Azərbaycandan ətraflı bəhs edilmişdir.

Jurnalın üz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin birgə şəkilləri verilmiş, Xəzər dənizinin enerji ehtiyatları ilə zənginliyi, xarici sərmayələrin qoyulması sayəsində ümumi daxili məhsulun həcminin artması barədə məlumat yerləşdirilmişdir.

Məqalənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliklə apardığı uğurlu iqtisadi islahatlar nəticəsində respublikamızın 2009-cu ildə dünyanı bürümüş maliyyə böhranından az itkilərlə çıxdığı, enerji ehtiyatları ilə zəngin olan Qafqazın bu varlı ölkəsində ümumi daxili məhsulun həcminin 9,3 faiz artdığı fransız oxucularının diqqətinə çatdırılmışdır.

Müəlliflər Azərbaycan Prezidenti İlham Əliyevin keçən il dekabrın əvvəllərində Fransaya səfəri çərçivəsində Parisdə Fransa Sahibkarlar Təşkilatı - MEDEF-də adamları qarşısında respublikamızın iqtisadi inkişafı ilə bağlı çıxışına istinad etmişlər. Dövlətimizin başçısı çıxışında bildirmişdir ki, Azərbaycan 2004-2009-cu illərdə ümumi daxili məhsulun artımına görə dünyanın inkişaf etmiş ölkələri arasında ən yüksək göstəricilərə nail olmuş və əldə edilmiş gəlirin mühüm hissəsi sosial problemlərin həllinə yönəldilmişdir. İşsizliklə mübarizə kampaniyası gözəl nəticələr vermiş, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Yaxın vaxtlarda işsizlikyoxsulluq tamamilə aradan qaldırılacaqdır. 2013-cü ildə infrastrukturlarla bağlı işlər başa çatdırılacaq və qarşıdakı iki onillik ərzində ölkənin sürətli inkişafı davam etdiriləcəkdir.

Çıxışında siyasi sabitliyinsülhün ölkənin uğurlarının mühüm amilləri olduğunu qeyd etmiş Prezident İlham Əliyevin demokratikiqtisadi islahatların sürətlə inkişaf etməsinə, nüfuzlu Dünya İqtisadi Forumunun hesabatında iqtisadi böhrana baxmayaraq, Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək iqtisadi göstəricilər əldə etdiyinə dair söylədiyi fikirlər məqalədə xüsusi vurğulanmışdır.

Artıq müstəqil dövlət kimi formalaşmış Azərbaycanın dünyanın 60 ölkəsində səfirliklərinin, diplomatik nümayəndəliklərinin, konsulluqlarının fəaliyyət göstərdiyi, Avropanın Azərbaycan üçün inkişaf modeli olduğu, Avropa İttifaqı ilə sıx əlaqələrin inkişafına maraq göstərdiyi, Asiyanın enerji ehtiyatlarının Avropaya nəql edilməsində mühüm rolu, son 15 ildə sərmayə qoyuluşundan 70 milyard dollar gəlir əldə edildiyi, Dünya Bankının ümumi daxili məhsulun artımı ilə bağlı tərtib etdiyi siyahıda Azərbaycanın dünya ölkələri arasında 33-cü yeri tutduğu, Azərbaycan ilə Fransa arasında ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyi, Fransa adamlarının ilin sonunadək ölkəmizə 20 milyard dollar məbləğində sərmayə yatıracaqları məqalədə geniş yer almışdır.

Məqalədə Prezident İlham Əliyevin ekologiya və ətraf mühitlə bağlı problemlərin həllinə xüsusi diqqət yetirməsindən, bununla bağlı 2010-cu ilin "Ekologiya ili" elan edilməsindən, ötən illərdə ölkədə 8 milyon ağacın əkildiyindən, insanların suya olan tələbatını ödəmək və sudan istifadə sistemini modernləşdirmək istiqamətində Fransanın Veola şirkəti ilə birgə əməkdaşlıqdan söhbət açılmışdır.

Yazıda ölkəmizin iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı müvafiq qurumların rəhbərlərinin söhbətlərinə geniş yer ayrılmışdır.

Jurnalda məqalə ilə yanaşı, ölkəmizin görkəmli yerlərini əks etdirən şəkillər də verilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 2.