Moskvada MDB İqtisadi
Şurasının iclası olmuşdur
Moskvada, Rusiya Sərgi Mərkəzində (RSM) MDB İqtisadi Şurasının 47-ci iclası keçirilmişdir. İclasın gündəliyinə 22-dən çox məsələ daxil edilmişdir. Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov iclasın işində iştirak etmişdir.
İclas başlanana qədər Birliyin üzvü olan dövlətlərin nümayəndə heyətləri RSM pavilyonlarında MDB üzvü olan bəzi ölkələrin ekspozisiyaları ilə tanış olmuşlar. Bu onunla bağlı idi ki, MDB Dövlət Başçıları Şurası RSM bazasında MDB ölkələrinin daimi fəaliyyətdə olan sərgilərinin yaradılması haqqında qərar qəbul etmişdir. Hazırda bu məsələ üzərində iş gedir. İclasın gündəliyindəki əsas məsələlərdən biri Sərbəst Ticarət Zonası haqqında Müqavilə layihəsi idi. Həmin layihə tamamlanmalı və 2011-ci ilin birinci yarısında Hökumət Başçıları Şurasının təsdiqinə təqdim edilməlidir. Nəzərdə tutulur ki, yeni müqavilə hazırda MDB ölkələri arasında ticarət münasibətlərini tənzimləyən yüzlərlə sənədi əvəz edəcəkdir. Dünya Ticarət Təşkilatının hazırda qüvvədə olan bir sıra normalarının daxil olduğu müqavilə layihəsi qarşılıqlı ticarətdə gömrük rüsumlarının və kəmiyyət məhdudiyyətlərinin ləğv edilməsi ilə əlaqədar məsələlər kompleksini əhatə edir.
İqtisadi Şuranın iclasında 2011-ci ildə MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmiş dövlətlərarası sərgi keçirilməsi konsepsiyası müzakirə edilmişdir.
İclas iştirakçıları 2020-ci ilə qədər olan dövr üçün dövlətlərarası innovasiya əməkdaşlığının məqsədli proqramının layihəsinin hazırlanması gedişini də müzakirə etmişlər. Bu layihə MDB üzvü olan dövlətlərin iqtisadiyyatının qlobal rəqabət qabiliyyətinin artırılması, onun mütərəqqi biliklər və nailiyyətlər iqtisadiyyatına transformasiyası üçün şərait yaradılmasına yönəlmişdir.
İqtisadi Şuranın iclasında daha bir mühüm məsələyə - MDB dövlətlərinin ərzaq təhlükəsizliyinin artırılması konsepsiyasının layihəsinə də baxılmışdır. Layihədə ərzaq tədarükünün gömrük tənzimlənməsi, MDB ölkələri arasında ərzaq və kənd təsərrüfatı məhsullarının satış kanallarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər nəzərdə tutulur.
İqtisadi Şuranın iclasında daha bir neçə mühüm sənədə baxılmışdır: Birlik ölkələrinin ət-süd məhsulları bazarının yaradılmasının və fəaliyyətinin əsas istiqamətləri layihəsi, 2011-2012-ci illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı və s.
MDB İqtisadi Şurasının iclasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iştirak etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 3.