TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir

 

Sentyabrın 20-də Milli Məclisin Sədri və TürkPA-nın fəaliyyətdə olan Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisi Aparatının baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın ilə görüşdü.

Söhbət zamanı TürkPA-ya üzv dövlətlərin parlamentləri arasında əlaqələrin inkişafı, bu təşkilatın gələn ilin martında Qazaxıstanda keçiriləcək növbəti plenar sessiyasına hazırlıq, bu sessiyada 3 daimi komitənin yaradılması, onların sədrlərinin və sədr müavinlərinin təyin olunması, qurumun 2011-2012-ci illər üçün fəaliyyət proqramı və digər məsələlər müzakirə edildi.

Elə həmin gün Türkiyə və Qazaxıstan parlamentləri aparatlarının rəhbərləri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə görüşdülər.

Qonaqları səmimiyyətlə salamlayan Səfa Mirzəyev bildirdi ki, biz vaxtilə türkdilli ölkələrin birliyini arzulayırdıq. Artıq bu birlik reallığa çevrilmişdir. TürkPA-nın yaranması bunun bariz təcəssümüdür. Biz TürkPA çərçivəsində əməkdaşlığı genişləndirməklə yanaşı, ikitərəfli əlaqələri də inkişaf etdirir, daha da möhkəmləndiririk. Bu yaxınlarda Azərbaycan parlamenti Aparatının nümayəndə heyəti Türkiyədə səfərdə olmuş, Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyəti ilə yaxından tanış olmuş, təcrübə keçmişlər. Yaxın günlərdə isə TBMM Aparatının nümayəndə heyəti Bakıya səfərə gələcəkdir. Bu cür səfərlərlə biz gözəl ənənənin əsasını qoyuruq. Hesab edirəm ki, bu ənənəni möhkəmləndirməli və davam etdirməliyik. Çünki təcrübə mübadiləsinin aparılması, əldə olunmuş təcrübənin bölünməsi bütün tərəflər üçün faydalıdır.

Səfa Mirzəyev TürkPA-ya üzv dövlətlərin parlament aparatları rəhbərlərinin görüşünün bu beynəlxalq təşkilat çərçivəsində, həm də ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını bildirdi. O, diqqətə çatdırdı ki, görüşdə TürkPA-nın fəaliyyəti, gələcək planları və digər məsələlər müzakirə olunacaqdır.

Qeyd olundu ki, sentyabrın 21-də keçiriləcək "Dövlətlərarası əlaqələrin inkişafında parlament demokratiyası" mövzusunda konfrans da birliyimizin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Görüş üçün təşəkkürünü ifadə edən TBMM Aparatının baş katibi Sadettin Kalkan bildirdi ki, türk dünyasının böyük liderlərindən biri olan Heydər Əliyevin qurduğu Azərbaycana gəlmək hər zaman xoşdur. Bakıya hər gəlişimizdə dinamik inkişafın şahidi oluruq.

Türkdilli ölkələrin birliyindən danışan Sadettin Kalkan qeyd etdi ki, TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir. Birliyimizin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün bütün ölkələr birgə çalışmalı, səylərini artırmalıdırlar.

Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın da TürkPA-nın təkcə üzv dövlətlər arasında deyil, bütün türkdilli ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə inamını ifadə etdi. O bildirdi ki, bu cür görüşlər bir sıra problemlərin həlli və münasibətlərin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı TürkPA-nın 2011-ci ilin martında keçiriləcək plenar sessiyası barədə də fikir mübadiləsi aparıldı.

Görüşdə TürkPA-nın baş katibi Ramil Həsənov və onun Türkiyədən və Qazaxıstandan olan müavinləri iştirak edirdilər.

 

 

Azərbaycan.- 2010.- 21 sentyabr.- S. 2.