Böyük Britaniyanın Azərbaycandakı
səfiri Mərkəzi Seçki
Komissiyasının sədri ilə görüşmüşdür
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə Böyük Britaniya səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. MSK sədri seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat vermiş və görüləcək işlərdən danışmışdır.
Başqa ölkələrin əsrlər boyu qurduğu sistemi yeni müstəqillik qazanmış ölkələrin qısa müddət ərzində formalaşdırmaq məcburiyyətində qaldığını bildirən xanım diplomat bununla bağlı müsbət təcrübənin müşahidə edildiyini vurğulamışdır. K.Braun Azərbaycandakı inkişafdan məmnunluq ifadə etmiş və Böyük Britaniyanın ölkəmizi dəstəklədiyini dilə gətirmişdir. Səfir Mərkəzi Seçki Komissiyası tərəfindən atılan addımlarla bağlı razılığını ifadə etmişdir. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Böyük Britaniya səfirliyi ilə əməkdaşlığın gələcək perspektivləri də müzakirə edilmişdir.
Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 3.