Kəmər ahəngdar, təhlükəsiz
və səmərəli işləyir
18 sentyabr 2002-ci il. Bu, tarixi
bir gün idi. Çünki Azərbaycanın təkcə neft
sənayesində deyil, ölkənin bütün həyatında
əlamətdar hadisə baş verirdi. Üçüncü
minilliyin nəhəng mühəndis qurğusunun təməli
qoyulurdu.
Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri adlanan bu boru xətti ətrafında o
zaman bəzi bədgüman fikirlər səslənsə də,
layihənin uğur qazanacağına bütün dünya
inanırdı. Çünki onun müəllifi böyük
siyasətçi, müdrik və uzaqgörən ümummilli
lider Heydər Əliyev idi. Həmin gün Bakıdan 55 kilometr
cənubda yerləşən Səngəçal
terminalında kəmərin təməlqoyma mərasimi
keçirilirdi. Gürcüstanın və Türkiyənin
dövlət başçıları, ABŞ-ın energetika
naziri, BTC layihəsinin tərəfdaşları olan
tanınmış xarici şirkətlərin səlahiyyətli
nümayəndələri, neçə-neçə ölkənin
jurnalistləri burada idilər. Bu qeydlərin müəllifinə
də həmin tarixi hadisəni əyani görmək,
ümummilli lider Heydər Əliyevin tədbirdəki olduqca
parlaq nitqini dinləmək xoşbəxtliyi nəsib olub. Ulu
öndərin hər fikri, hər müddəası, BTC,
neft-qaz yataqları, layihələrdəki tərəfdaşlar
haqqında dedikləri həmişəlik
yaddaşımızda qalıb.
O vaxt BTC-nin təməli
qoyulurdu və bir çox maneələrdən keçmiş
layihəni hələ qarşıda da çətin
sınaqlar gözləyirdi. Ulu öndər Heydər Əliyev
isə sonsuz inam və qətiyyətlə deyirdi:
"Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək,
gedəcəkdir!"
Belə də oldu, BTC irəlilədi.
2003-cü ilin yazınadək tikintiyə birbaşa başlamaq
üçün hazırlıq işləri getdi. Aprel
ayında isə Səngəçaldan başlanan tikinti geniş
vüsət aldı. İyulda boruların düzülməsinə
start verildi. Növbəti ilin payızında isə kəmərin
Azərbaycan hissəsinin tikintisi bütünlüklə
başa çatdı. Az sonra BTC-nin Azərbaycan və
Gürcüstan hissələri birləşdirildi. 2005-ci ilin
mayında boru xəttinə Səngəçaldan ilk neft
vuruldu. Bir il sonra - 2006-cı il mayın 28-də Azərbaycan
nefti Ceyhana çatdı. Həmin il iyulun 13-də Ceyhan şəhərində
BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi münasibətilə
təntənələr keçirildi. Başqa sözlə,
BTC bütün müşkülləri arxada qoyaraq
üç ölkənin ərazisində 1768 kilometr məsafə
qət edərək Azərbaycan neftini Ceyhana
çatdırdı.
Aqil və uzaqgörən rəhbərin
işləyib hazırladığı layihədə ən
ümdə problemlər də, ən xırda cizgilər də
əvvəlcədən son dərəcə dəqiqliklə nəzərə
alınmışdı. Mütəxəssislərin fikrincə,
belə böyük obyektlərin tikintisinə aid hər şərti,
məsələn, xərcləri, istismaravermə tarixini və
sairəni əvvəlcədən dəqiq demək
mümkün deyil. BTC düzgün
düşünülmüş, real bir layihə idi. Ona
görə də bu möhtəşəm qurğunun müəllifi
- ulu öndər Heydər Əliyev tikilən kəmərin gələcəyi,
hətta onun istifadəyə veriləcəyi tarix barədə
əvvəlcədən qəti fikir söyləyirdi:
"2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri
tamamilə hazır olacaq və biz hamımız birlikdə
buradan Türkiyənin Ceyhan limanına gedəcək və
orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından
yola salınmasının şahidi olacağıq".
Hazırda boru xəttinin
gündəlik ötürücülük gücü 1,2
milyon bareldir. Hələlik kəmərlə hər gün təxminən
850 min barel neft ixrac edilir. Bu həddin keçildiyi günlər
də olur. Məsələn, bu il iyulun 21-də BTC ən
yüksək gündəlik ixrac göstəricisinə nail
olub - 1,06 milyon barel neft daşıyıb.
BTC-yə Xəzərin Azərbaycan
sektorundan çıxarılan "Azəri-Çıraq-Günəşli"
nefti və "Şahdəniz" kondensatı vurulur. İki
ay əvvəl yeni nəql sazişi imzalandıqdan sonra kəmərə
Türkmənistan nefti də qoşulur. BTC-nin həmçinin
Qazaxıstandakı "Tengiz" yatağından
çıxarılan nefti daşımaq haqqında sazişləri
var.
Ümummilli lider Heydər Əliyev
deyirdi ki, bütün bu layihələr Azərbaycan
iqtisadiyyatının inkişafına yönəldilibdir.
2002-ci il sentyabrın 18-dəki çıxışında da
ulu öndər təməli qoyulan kəmərin əhəmiyyətini
bir daha vurğulayaraq demişdir: "Mənim dediyim bu sözlər
gələcək üçündür və bu işlər
bizim xalqlarımızın gələcəyi
üçündür".
Bu gün Azərbaycanın neft-qaz və ixrac layihələri həqiqətən də ölkəyə və regiona gəlir gətirməkdədir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərindən əldə olunan gəlirlər hesabına ən ümdə problemlər həll olunur. Qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi üçün vəsait məhz bu hesabdan ayrılıb. Neft gəlirləri ilə yeni infrastruktur qurulur, qeyri-neft sektoru inkişaf etdirilir, iqtisadiyyat şaxələndirilir.
BTC Azərbaycanda 13 rayonun ərazisindən keçir. Bu marşrut Bakının Qaradağ rayonundan başlayaraq Ağstafada bitir. BTC-nin və sözügedən ərazidə onunla yanaşı eyni yolu keçən Cənubi Qafqaz Boru Kəmərinin sosial sərmayələri hesabına bu bölgələrdə davamlı inkişaf layihələri həyata keçirilir. Məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri, kənd yolları təmir olunur, aqrar sahəyə kömək göstərilir, sahibkarlığın inkişafına dəstək verilir.
Bütün bunlar göstərir ki, BTC ona əvvəlcədən bəslənən bütün ümidləri layiqincə doğruldur. Kəmər təhlükəsiz, ahəngdar və səmərəli işləyir. Onun indiyədək 1 milyard bareldən çox neft daşıması və bu neftin 1275 tankerə yüklənərək dünya bazarlarına çatdırılması deyilənləri bir daha təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.- 2010.-18 sentyabr.- S. 3.