Milli mədəniyyətimizin şərəfli salnaməsi

 

 XX əsrdə maestro Niyazinin təşəbbüsü ilə hər il sentyabrın 18-i böyükunudulmaz bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə də konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir bəyin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda hər şeyin bir-birinə dəydiyi vaxtlarda bu ənənə də unuduldu. Böyük bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması, həqiqətən, narahatçılıq doğururdu. Unudulmaz Niyazinin uzaqgörənliklə düşünülmüş təşəbbüsü 1995-ci ildə dövlət statusu aldı. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə həmin vaxtdan hər il 18 sentyabr Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başladı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.

2008-ci ildə "Leyli və Məcnun" operasının tamaşaya qoyulmasından 100 il ötdü. Bu möhtəşəm yubileyin dövlət səviyyəsində keçirilməsi üçün ölkə başçısı İlham Əliyev sərəncam imzaladı. Qoca Şərqin ilk operası sayılan "Leyli və Məcnun"un xoş sorağı müxtəlif ölkələrdən, ən önəmlisi YUNESKO-dan eşidildi. Ötən il türkdilli xalqların yaradıcı qrupu birlikdə "Koroğlu"nu yeni quruluşda hazırladı. Üzeyir bəyin musiqisi ölkələri dolaşdı. Bu il də önəmli bir hadisə - dahi bəstəkarın anadan olmasının 125 illiyi ilə əlaqədar Prezident İlham Əliyev daha bir sərəncam imzaladı. Təkcə ölkəmizdə deyil, dünyanın bir çox möhtəşəm konsert salonlarında dahi bəstəkarın əsərləri səslənməkdədir.

XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimaisiyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan Milli Opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanır. Bu musiqi abidəsinin ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə çayçı şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12 (25)-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında yaranmış ilk Azərbaycan operası bütün Şərqin də ilk nəhəng əsəridir. Bu gün fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanır. Bu şərəfli salnamədə ilk vurulan imzanın sahibi isə 22 yaşlı bəstəkar Üzeyir Hacıbəyli olub.

1909-cu il noyabrın 30-da Üzeyir Hacıbəylinin ikinci operası - "Şeyx Sənan"ın ilk tamaşası oldu. Xalq dastanının motivləri əsasında hazırlanmış bu operaya ilk dirijorluğu da elə dahi bəstəkarın özü etmişdir. Lakin operanın səhnə taleyi uğursuz olduğundan o, yenidən oynanılmayıb.

Üzeyir Hacıbəylinin üçüncü muğam operası "Rüstəm və Söhrab"dır. Dörd pərdəli bu operanın librettosu Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında Üzeyir Hacıbəyli tərəfindən yazılmışdır. Bu operanın ədəbi mətni əruz vəznində olan şeir parçaları ilə zəngindir. Operanın ilk tamaşası 1910-cu il noyabrın 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur. Rejissoru Hüseynqulu Sarabski, dirijoru yenə də Üzeyir bəy özüdür. Lakin bu opera da səhnədə bir daha göstərilməmişdir.

"Şah AbbasXurşud Banı" Üzeyir Hacıbəylinin dördüncü muğam operasıdır. Azərbaycan xalq nağıllarının motivləri əsaısnda Üzeyir bəyin hazırladığı libretto əvvəlki iki operadan fərqli olaraq xoşbəxt sonluqla bitən bir əsərdir. Əsər 1912-ci il martın 10-da Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. Operanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslüm Maqomayev olub. Şah Abbas rolunu Hüseynqulu Sarabski, Xurşud Banunu isə Əhməd Ağdamski yaratmışdır. Opera Azərbaycan səhnəsində ötən əsrin 30-cu illərinədək tamaşaya qoyulmuşdur.

Üzeyir Hacıbəylinin beşinci muğam operası "Əsli və Kərəm"dir. Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edildi. "Əsli və Kərəm"in ilk tamaşası 1912-ci il mayın 18-də oldu. Bu tamaşanın da rejissoru Hüseyn Ərəblinski, dirijoru Üzeyir bəyin özü idi. Bu tamaşada qadın rollarını yenə də kişilər yaratmışdır. Opera təkcə Bakıda deyil, respublikanın digər bölgələrində də tamaşaya qoyulmuşdu.

Üzeyir Hacıbəyli 1915-ci ildə "HarunLeyla" adlı opera bəstələyib. Amma, nədənsə, tamaşaya qoyulmayıb. Yazılanlardan bəlli olur ki, liberetto eyni adlı ərəb dastanının motivləri əsasında Üzeyir bəyin özü tərəfindən qələmə alınmışdır. Müəllifin şəxsi qeydlərindən də məlumdur ki, "operanın klaviri əsərin tamaşasına qədər məhv edilmişdir". Görünür, operanın musiqisi Üzeyir bəyi qane etməmiş və bundan sonra o, bir daha muğam operası bəstələməmişdi.

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası ilə başladı. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətinə deyil, dünya operalarının sırasında dayanan parlaq nümunələrdən birinə çevrildi. Beş pərdədən ibarət olan operanın librettosu Heydər İsmayılova məxsusdur. Şeirlərin müəllifi Məmməd Səid Ordubadidir. Operanın ilk tamaşası 1937-ci il aprelin 30-da olmuşdur. "Koroğlu"nun ilk tamaşasının rejissoru İsmayıl Hidayətzadə, dirijoru Üzeyir Hacıbəyli, rəssamı Rüstəm Mustafayevdir, "Koroğlu" rolunda Bülbül, Nigar rolunda Gülarə İsgəndərova və başqaları iştirak etmişlər. "Koroğlu"nun taleyi çox uğurlu olmuş, keçmiş sovet respublikalarının operabalet teatrlarında dəfələrlə göstərilmişdir. Bu operaya görə görkəmli bəstəkar 1941-ci ildə Stalin mükafatına layiq görülmüşdür.

Üzeyir Hacıbəylinin yarımçıq qalmış bir əsəri də var. Bu, "Firuzə" operasıdır. Xalq rəvayətləri əsasında operanın liberettosunu bəstəkar özü yazmışdır. İlkin adı "Şəhrəbanu" olub. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Operanın librettosu Üzeyir Hacıbəylinin "Seçilmiş əsərləri"nin birinci cildində çap edilmişdir. Firuzənin ariyası müğənnilər tərəfindən bu günifa edilir. Amma təəssüf ki, opera yarımçıq qalıb.

Üzeyir Hacıbəyli həm də operetta müəllifi kimi Azərbaycan mədəniyyətində bu janrın ilk yaradıcısıdır. Üç pərdədən ibarət olan "Ər və arvad" musiqili komediyası bu sırada birincidir. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi sayılan "Ər və arvad" tamaşası 1910-cu il mayın 24-də səhnəyə qoyulub. Rollarda Hüseynqulu Sarabski (Mərcan bəy), Əhməd Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun" adlanır. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunmuş, Zaqafqaziya şəhərlərində, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər ölkələrdə səhnə həyatını yaşamışdır. Musiqili komediya iki dəfə ekranlaşdırılıb.

Dahi bəstəkarın üçüncüsonuncu musiqili komediyası "Arşın mal alan"dır. 1913-cü ildə yazılıb, ilk tamaşası da həmin ilin oktyabrında Bakıda Tağıyev teatrında olub. Əsərin liberettosu müxtəlif dillərə tərcümə edilib. Nyu-York, Paris, Berlin, Ankara, Tehran, Qahirə, Varşava, Sofiya, Pekinbaşqa şəhərlərdə tamaşaya qoyulub. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb.

"Arşın mal alan" musiqili komediyası əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdir. Bu, səssiz film olub. İkinci dəfə 1917-ci ildə Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal alan"ı yenidən ekranlaşdırdı. Lakin o, bu işi görərkən nə Üzeyir bəydən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film bir daha ekrana buraxılmamışdır.

Üçüncü dəfə 1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi "Arşın mal alan"ı Üzeyir Hacıbəylidən icazə almamış ekranlaşdırdı. Bu azmış kimi, hətta filmdə Üzeyir Hacıbəylinin adını da göstərmədi.

Dördüncü dəfə "Arşın mal alan" 1945-ci ildə Bakı kino- studiyasında ekranlaşdırıldı və bu musiqili filmdünyada geniş şöhrət qazandı. Baş rolda görkəmli müğənni Rəşid Behbudov çəkilib.

1965-ci ildə isə "Arşın mal alan" musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdır. Baş rolun ifaçısı xalq artisti Həsən Məmmədov olub.

Musiqi mədəniyyətimizin şərəfli salnaməsini yaradan Üzeyir Hacıbəyli bu sahədə bir sıra janrların banisi olub. İlk dəfə milli "Marş" yazıb, himnimizin müəllifidir. Notlu xalq çalğı alətləri orkestrinin, dövlət xorunun, sazçı qızlar ansamblının yaradıcısıdır. Bu dahi sənətkara hansı yöndən yanaşılsa, böyüklüyü, fədakarlığı, istedadı və millətinə xidmət etmək missiyası qarşısında ancaq heyrətlənə bilirsən.

Üzeyir Hacıbəyli təkcə əsərləri ilə deyil, öz nəcabətli şəcərəsi - qohum-əqrəbası və dostları ilə birlikdə Azərbaycan mədəniyyətinin çiçəklənməsinə xidmət edib. Böyük qardaşı Zülfüqar Hacıbəyli Azərbaycanın ilk operalarından olan "Aşıq Qərib"də xalq musiqisi ilə Avropa musiqisinin vəhdətini yaratmağa nail olub. Kiçik qardaşı Ceyhun Hacıbəyli Üzeyir bəyə bir çox musiqi əsərlərini yaratmaqda kömək edib. Hətta "Leyli və Məcnun" operasının ilk tamaşasında İbn Səlam və Nofəl obrazlarını məharətlə canlandırıb... Əmisi nəvəsi Soltan Hacıbəyli görkəmli Azərbaycan bəstəkarlarından biridir. O, məşhur "Karvan" simfonik poemasının müəllifidir. Bəllidir ki, bu əsər də Üzeyir Hacıbəyliyə həsr edilib. Əməkdar mədəniyyət və incəsənət xadimi İsmayıl Soltan oğlu Hacıbəyli də uzun müddət Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərib. Eləcə də musiqi kadrlarının yetişməsində böyük əmək sərf edib. İndi bu insanlar haqq dünyasında olsalar da, əməlləri yaşayır.

Maestro Niyazi Üzeyir Hacıbəylinin qardaşı Zülfüqarın oğludur. Görkəmli dirijor, ictimai xadim, xalq artisti, beynəlxalq mükafatlar laureatı Niyazinin musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəylinin təsiri olmuşdur. Azərbaycan musiqisinin inkişafında Niyazinin xidmətləri çoxdur. Onun dirijorluq etdiyi əsərlər musiqimizin qızıl fonduna daxil olunmuşdur.

Üzeyir Hacıbəylinin həm Zülfüqar adlı qardaşı, həm də əmisi nəvəsi olub. Zülfüqar adlanan qohumu rus-tatar məktəbində və Qori seminariyasında Üzeyir bəylə birgə oxuyub. Üzeyir onun gələcəyinə, yaxşı musiqiçi olacağına inanırdı. Təəssüf ki, vaxtsız ölüm buna mane olub.

Azərbaycan musiqili teatrının təşəkkülü və inkişafında özünəməxsus xidmətləri olan Müslüm Maqomayev isə Üzeyir Hacıbəylinin ən yaxın silahdaşı idi. Müslüm Maqomayev Azərbaycan mədəniyyətinə "Şah İsmayıl" və "Nərgiz" kimi operaları bəxş edib. 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota salıb. İki böyük sənətkarın səmimi dostluğu sonralar qohumluğa çevrilib. Hər ikisi Terequlova bacılarına evlənərək bacanaq olublar.

Görkəmli bəstəkarın həyat yoldaşı Məleykə xanım Tiflisdə Birinci Qızlar Gimnaziyasında oxumuşpedaqoji fəaliyyət göstərmişdir. 1910-cu ildə Üzeyir bəylə ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, paytaxtımızda pedaqoji fəaliyyətini davam etdirərək Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyir bəyin məsləhəti ilə həmin ali məktəbə daxil olub. Dahi bəstəkarımızın ölümündən sonra "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur.

Böyük bəstəkarın vaxtilə Bakıda yaşayıb-yaratdığı ünvan isə 1975-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərir. Burada dahi bəstəkarın fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Bu günÜzeyir bəyin ocağında biri-birindən maraqlı müxtəlif tədbirlər keçirilir, sərgilər hazırlanır, konfranslar təşkil olunur. Dahi sənətkarın müqəddəs ruhu qarşısında hər bir sənət adamı, pərəstişkar, musiqisevər, böyük Azərbaycan milləti və bütün türk dünyası daim ehtiram göstərir. Xalq şairi Səməd Vurğunun misraları daim bu əbədiyaşarlıqdan xəbər verir:

 

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 4.