O, aviasiya vurğunu
idi...
Çoxşaxəli istedad sahibi
Üzeyir Əbdülhüseyn oğlu
Hacıbəyli böyük
istedada malik olmuşdur. Şərqdə ilk operanın ("Leyli və Məcnun"),
habelə ilk qəhrəmanlıq
musiqi epopeyasının
("Koroğlu"), yüzlərlə
mahnı və simfonik əsərlərin
müəllifi olan Üzeyir bəy tarixə dahi bəstəkar kimi düşmüşdür. Bununla yanaşı, o, istedadlı skripkaçı,
poliqlot (ərəb, fars, rus
dillərini mükəmməl
bilirdi), jurnalist-felyetonçu,
pedaqoq, akademik, rektor və... riyaziyyatçı olmuşdur.
Azərbaycanda ilk riyaziyyat dərsliyinin
müəllifi kimi də onu "Birincilər" dəstəsinə
daxil etmək olar. 22 yaşında
ikən "Hesab məsələləri" adlı
riyazyyat dərsliyi yazaraq, ana dilində
təhsil alan
balalara ərməğan
etmişdir...
Bəs Üzeyir bəyin aviasiya ilə "dostluğunu" təsdiq
edən hansı əşyayi-dəlildən danışmaq
olar? Belə dəlillər var. Amma tələsməyin, onlara çatanacan böyük şəxsiyyətin
siqlətində olan bəzi "incəliklərdən"
danışmalı olacağıq.
Əcnəbi göydə balonlarla gəzir...
Üzeyir bəy Qori
Müəllimlər Seminariyasında oxuyarkən bir sıra təzyiqlər
və ədalətsizliklərlə
qarşılaşmışdır. Bunun səbəblərindən
biri o idi ki, azərbaycanlıların (tatarların) təhsil
aldığı müsəlman şöbəsində Azərbaycan
dilindən dərs keçilmirdi, hətta tənəffüs
zamanı ana dilində danışan azərbaycanlıları
müxtəlif cəzalar gözləyirdi. 1900-cü ildə
seminariyanın hazırlıq kursunda oxuyan 15 yaşlı
Üzeyir də bu səbəbdən tənbeh olunmuşdu. O, əllərini
səmaya uzadıb, ana dilində istehza ilə tez-tez söylədiyi
iki misra şeir üstündə seminariya rəhbərliyi tərəfindən
töhmət almışdı. Bu misralar isə Mirzə Ələkbər
Sabirin məşhur şeirindən parça idi: "Əcnəbi
göydə balonlarla gəzir, Biz hələ avtomobil minməyiriz..."
Ötən əsrin qocaman jurnalist-mühərrirlərindən
olan Qulam Məmmədli söyləyirdi ki, "adətən
"qaraqabaq" olan Üzeyir bəy həmin hadisəni
tez-tez xatırlayıb gülərdi..."
Üzeyir bəy sonralar
yazırdı: "Qori Seminariyasını qurtarmış
müəllimlərin əksəriyyəti ana dilində
savadlı olmurlar, ondan ötrü ki, haman seminariyada ana dilində
dərs oxunmur. Orada ancaq həftədə iki dəfə şəriət
dərsi oxunur. Əgər seminariyanın müsəlman
şöbəsi Azərbaycanın şəhərlərindən
birinə köçürülsə, o halda ana dilində
savadlı müəllımlərimiz çox olar və o sayədə
maarif işimiz bir qədər sürətlə irəli gedər,
indiki ağlar halında qalmaz..."
Ü.Hacıbəylinin
45 illik publisistik fəaliyyətinin bünövrəsi də
Qori Seminariyasında qoyulmuşdur. Onun "Dəllək"
adlı ilk mənzum felyetonu məhz bu seminariyadakı
qadağalara həsr olunmuşdu...
Pilotlar "yağışı"...
Sən demə, gənc
Üzeyirin dilindən düşməyən və bir vaxtlar
ona "töhmət" qazandıran "Əcnəbi
göydə balonlarla gəzir, Biz hələ avtomobil minməyiriz"
misraları böyük bəstəkarın aviasiyaya və
pilotluq peşəsinə rəğbət hissindən, habelə
ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istəyindən
doğurmuş. Ötən əsrin 30-cu illərində
ölkənın aviasiya təsərrüfatında baş verən
böyük "ajiotaj" bəstəkarın bu həvəsini
daha da coşdurmuşdu...
Moskvadakı Menjinski
adına zavodun kollektivi belə bir
çağırışla ölkə əhalisinə
müraciət etmişdi: "Vətənə 150.000 pilot verək!"
Bu çağırışdan sonra bütün müttəfiq
respublikalarda, o cümlədən Azərbaycanda təyyarəçi
peşəsinə yiyələnmək hərəkatı
geniş vüsət almışdı. Hitler
Almaniyasının get-gedə quduzlaşdığı və
amansız müharibənin yaxınlaşdığı bir
zamanda bu hərəkatın mənasını və məsuliyyətini
hər kəs dərindən anlayır, aviasiyanı gücləndirmək
naminə əlindən gələni əsirgəmirdi.
Bakıda yaradılmış təyyarəçilik məktəbi
ilə yanaşı, könüllülər üçün
aviaklub da fəaliyyət göstərirdi. Gənc əməkçilər
və tələbələr işdən və təhsildən
kənar vaxtlarını aeroklubun məşq meydançalarında
keçirir, paraşütlə tullanma, pilot-təyyarəçi,
digər aviapeşələrə yiyələnirdilər.
Bakı aeroklubunun yaradıcıları və təlimatçıları
arasında Azərbaycanın ilk qadın təyyarəçilərindən
Leyla Məmmədbəyova və Sona Nuriyeva da vardı.
Bakı aeroklubu fəaliyyəti dövründə ölkə
aviasiyası üçün 4.000-dən çox
desant-paraşütçü və pilot
hazırlamışdı. Bir faktı da əlavə edək
ki, Azərbaycanın ilk qadın hərbi təyyarəçisi
Züleyxa Seyidməmmədova və ilk Sovet İttifaqı Qəhrəmanı
Adil Quliyev təyyarəçilik peşəsinin ilkin sirlərini
Bakı aeroklubunda öyrənmişlər...
Bütün bunlar dahi bəstəkarın
gözləri qarşısında baş verir, hisslərini
cuşa gətirirdi. Məhz bunun nəticəsi olaraq, məşhur
"Pilotlar" nəğməsi yaranmış oldu.
Üzeyir bəy
Hacıbəylinin "Pilotlar" nəğməsi 1939-cu ildə
yazılmışdır. Yalnız ölümündən
sonra, 1953-cü ildə "Azərnəşr" tərəfindən
kütləvi şəkildə çap olunmuşdur.
Fortepianonun müşayiətilə ifa olunan bu nəğmə
iki dildə - Azərbaycan və rus dillərində səsləndirilir.
Azərbaycan variantının sözləri Mirmehdi Seyidzadənin,
rusca şeir mətni isə S.Nevedovundur...
Təəssüf ki,
dahi bəstəkarın "Pilotlar" nəğməsi və
ondan daha qiymətli olan "Aviatorlar marşı" əsəri
uzun illər arxiv əsirliyində yatıb
qalmışdır.
"Aviatorlar marşı" və "xilasedicilər"
Üzeyir bəy
Hacıbəyli "Aviatorlar marşı" əsərini
1941-ci ildə, Böyük Vətən müharibəsinin
başlanğıc dövründə bəstələmişdir.
Müharibə illərində az-çox dəbdə olan bu əsər
sonralar unudularaq arxiv materialına çevrilmişdir. Onun əlyazması
yalnız müstəqillik dövründə üzə
çıxarılmış, mütəxəssislər tərəfindən
"canlandırılaraq" yenidən həyata
qaytarılmışdır. Özü də yeni "qiyafədə",
daha möhtəşəm ifada.
Bəs kimdir o
"xilasedicilər" ki, dəyərli bir musiqi əsərini
arxiv "əsirliyindən" qurtarıb, geniş ictimaiyyətin
istifadəsinə veriblər? Bu sualın ən düzgün
cavabını Milli Aviasiya Akademiyasının Mülki Aviasiya
Muzeyinin direktoru, əməkdar mədəniyyət
işçisi Şəmsəddin Əşrəf oğlu
Axundov verir:
- Beş il əvvəl,
Mülki Aviasiya Muzeyinin eksponatlarını "dən-dən"
topladığımız dövrdə yaxın dostlarımdan
biri məsləhət gördü ki, "Üzeyir bəyin
"Aviatorlar marşı"nı tapın, gərəyiniz
olar". Doğrudan da belə bir əsər muzeyimizin
"baş eksponatı" ola bilərdi. Odur ki,
axtarışa başladıq. Arxivlərə, musiqi, sənət
ocaqlarına baş vurduq, "gördüm" deyən
olmadı. Bu zaman Üzeyir bəyin ev-muzeyinə müraciət
etdim. Sən demə, axtardığımız "xəzinə"
burada yatırmış. Ev-muzeyin direktoru Səadət
Qarabağlı bu işdə yaxın köməkçimiz
oldu. Uzun axtarışdan sonra köhnə kağız
qovluqların birindən "Aviatorlar marşı"nın rəngi
solmuş, bəstəkarın əl xətti ilə
yazılmış not vərəqini tapdıq... Lakin bu, hələ
işin yarısı idi. "Marşı" cana gətirmək,
səsləndrmək üçün səriştəli
mütəxəssislərə, musiqi kollektivlərinə
ehtiyacımız vardı. Yaxşı ki, bu cür vətənpərvər
insanlar tez tapıldı.
"Aviatorlar
marşı" görkəmli musiqiçi, Milli
Konservatoriyanın rektoru, professor Fərhad Bədəlbəylinin
rəhbərliyi altında respublikanın xalq artisti Yaşar
İmanov tərəfindən aranjeman edilərək nota
köçürüldü. Sonra əsər Müdafiə
Nazirliyinin hərbi orkestri tərəfindən Azərbaycan
Dövlət Filarmoniyasında xalq artisti Yusif Axundzadənin
dirijorluğu ilə səsləndirilərək diskə
yazıldı. Və...
Ş.Axundovun
sözünün davamı olaraq deyək ki, dahi bəstəkar
Ü.Hacıbəylinin həyata qaytarılmış
"Aviatorlar marşı" bu gün möhtəşəm
simfonik əsər kimi dinləyiciləri hünərə səsləyir.
Bu marş aviatorlarımızın, bir növ, şücaət
himninə çevrilmişdir...
Yusif KƏrimov,
yazıçı-publisist
Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 4.