O bu gün də yaşayır

 

 Üzeyir Hacıbəylinin həyat yolu ilə əqidəsi arasında heyrətamiz bir bağlılıq var. Ağcabədidə doğulan Üzeyir bəy Şuşada böyüdü və oradakı rus-tatar məktəbində oxudu, maarifçi müəllimlərinin diqqətini və himayəsini hiss etdi. 1899-cu ildə onun Qori Müəllimlər Seminariyasına daxil olmasına böyük maarifçi müəllimlərin himayə etdiyi barədə məlumatlar var. Müəllimləri, xalqçı-maarifçilər onun haqqında yanılmamışdılar: Üzeyir bəydə çoxtərəfli istedad və böyük zəhmətkeşlik vardı.

Şuşa mühitində böyüyən bu gənc qısa vaxtda nəinki rus dilini öyrəndi, 1899-1904-cü illərdə Qoridə oxuyarkən qabaqcıl rus ədiblərinin əsərlərini, hətta rus mətbuatındakı mütərəqqi fikir cərəyanlarını da mənimsədi, rusdilli mətbuatla yaxından tanış oldu. Bunun nəticəsində seminariyanı bitirəndə Üzeyir bəy 19 yaşında olsa da, dövrünün ən açıq fikirli ziyalılarından idi. O zaman belə ziyalılara xalqın böyük ehtiyacı vardı. Tarix də Üzeyir bəyin publisistik istedadı, vətənpərvər əqidəsi üçün geniş qapı açdı.

Bu qapı 1905-1907-ci illərin birinci rus inqilabı oldu. Siyasi hadisələr başlananda onun iyirmi yaşı vardı, Yuxarı Qarabağda qısa müddət müəllimlik etdikdən sonra Bakıya pedaqoji işə gəlmişdi. Rus-yapon müharibəsində lovğa rus imperiyasının biabırçı məğlubiyyəti, bunun arxasınca ölkədə tüğyan edən iğtişaşlar və siyasi hadisələr gənc Üzeyirin diqqət mərkəzində idi. O, böyük dəyişikliklər olacağını hiss edir və bunları həyəcanla gözləyirdi. Ü.Hacıbəyli həm də tarixdən dərs deyir, xalqların və dövlətlərin taleyini müqayisə edirdi. Onu ilk növbədə doğma xalqının gələcəyi düşündürürdü. Problemləri aradan qaldırmaq, çatışmayanları yaratmaq, dövrünün mütərəqqi fikirli maarifçiləri ilə birgə xalqını qabaqcıl xalqlar cərgəsinə qaldırmaq lazım idi.

1905-cı ilin oktyabrında güclənən inqilabın təzyiqi ilə Rusiya hökuməti ölkədə mətbuat azadlığı elan etdi. Bakıda biri-birinin ardınca qəzetlər çıxmağa başladı. Həmin qəzetlərin isə müasir ruhlu, savadlı jurnalistləri yox idi, korrektorların və senzorların isə hamısı üzdəniraq ermənilər idi. Savadlı müsəlmanların yarısı molla, yarısı isə Qori Müəllimlər Seminariyasını bitirmiş xalq müəllimləri idi. Seminariyada əsas tədris rus dilində olsa da, Azərbaycan dili də kargüzarlıq işlərinin icrası üçün kifayət edəcək dərəcədə öyrədilirdi. Bu isə təbii ki, az idi. Hər şey bu müəllimlərin ana dilində fərdi mütaliəsindən asılı idi. Bu mütaliənin əsası isə evlərdə olan tək-tək anadilli şeir divanları idi. Üzeyirin böyüdüyü Şuşa şəhəri Azərbaycanın böyük inzibati və mədəni mərkəzi sayılırdı, burada ana dilində şeir yazan şairlərin məclisləri, indiki terminlə desək, dərnəkləri mövcud idi və gələcəyin görkəmli ədibi, dahi bəstəkarı burada ana dilində mütaliə üçün az-çox kitablar tapmışdı. Seminariyada isə hələ birinci kursdan kiçik məqalələri rus dilindən azərbaycancaya, azərbaycancadan ruscaya çevirirdi. Sonra şeirlər və yumorlu hekayələr yazır və ana dilində şeir kitabları oxumağı ilə müəllimlərinin narazılığına səbəb olurdu.

Elə bunun nəticəsi idi ki, Üzeyir bəy mətbuatda ilk çıxışlarından ana dilində sadə və aydın yaza bilən gözəl, nadir stilist kimi diqqəti cəlb etdi. Çünki həmin illərdə ziyalıların tam əksəriyyəti hələ fars ədəbi dilini Azərbaycan ədəbi dilindən yaxşı bilirdi. Bunun səbəbi sadə idi: mollaxanalarda azərbaycanlılara fars dili daha əsaslı tədris edilirdi, farsdilli klassikləri orijinaldan oxumaq ziyalılıq etalonu sayılırdı. Ana dilinin məhdud sayda məktəbi təzə açılan rus-tatar tədris müəssisələri idi. Doğma dildə ali təhsil və kitab çapı yox idi. 1905-cı ilin Oktyabr manifestindən sonra sanki tərəqqi dövrü başladı... Ona görə də Üzeyir bəy 1910-cu ildə məqalələrinin birində rus imperiyasını sarsıdan inqilaba düzgün qiymət verərək yazırdı: "Rusiyadakı hadisələr bizə çox böyük təsir etdi, gözlərimizi açdı və bizi oyatdı".

Üzeyir bəyin şəxsində yenicə formalaşan demokratik mətbuata ana dilinin mövcud vəziyyətini gözəl bilən, öz sadə qələmi ilə qəzet dilinə istiqamət və nümunə verən bir maarifçi jurnalist gəldi. Çox zaman "Filankəs" imzası və "Ordan-burdan" başlığı ilə yazan gənc ədib publisist yazılarını qısa qəzet xəbərləri şəklində qurmağı xoşlayırdı. Əslində, bu bir forma idi, lakin məzmunca, adətən xarici xəbərlərə bənzəyən yazılarda daha böyük mətləblərə toxunur, onları mütərəqqi səpkidə işıqlandırmağa çalışırdı. Bu yolla onlardan müasir fikirlərin, xüsusilə müsəlman aləmində gedən demokratik və inqilabi hadisələrin mənasını açmaq, oxucularına sadə dildə izah etmək üçün istifadə edirdi. Bu xırda yazılar əslində Birinci rus inqilabının demokratik qayələrini və hədəflərini təbliğ edirdi. Müəllif fikrini yığcam, aydın və obrazlı şəkildə özünəməxsus üslubda ifadə etməyi böyük ustalıqla bacarırdı.

O zaman Azərbaycan cəmiyyəti Rusiyadakı inqilabi hadisələrlə çox yaxından maraqlanırdı. Ciddi senzura nəzarətinə baxmayaraq, mətbuat imperiyanın düşdüyü fəlakətli, hərc-mərclik astanasında olan vəziyyəti ilə bağlı geniş informasiyalar verməyə çalışırdı. Üzeyir bəy də "Ordan-burdan" başlığı ilə belə informasiyalar yazır, amma onları çox zaman Rusiya mətbuatının xəbərlərinin tərcüməsi formasına salırdı.

Rus inqilabının təsiri ilə əvvəlcə İranı, sonra isə osmanlı Türkiyəsini də inqilabi dalğa bürümüşdü. Azərbaycan oxucuları bu iki ölkədə baş verənlərə xüsusilə böyük maraq göstərirdi, çünki siyasi qüvvələrin bir hissəsi sultanların yaydığı ittihadçılıq ideyalarına, bir hissəsi isə İran şahlarının riyakar islahatlarına inanmağa meyilli idi. Rusiyanın ardınca İranda, sonra isə Türkiyədə verilən qanuni-əsasilər məsələsi Üzeyir bəyin felyetonlarında mühüm yer tuturdu. Müdrik fikir adamı kimi o, rus çarizminin mütərəqqi reformaların icrasındakı gülünc tərəddüdlərini anlayır və Rusiyada demokratik ab-havanın yaranmasına inanmırdı. Bu xətt onun publisistikasında sonralar da davam etdi və çarizmin qurduğu duma oyunlarına, saxtakar seçkilərə həsr edilən yazılarda da öz əksini tapırdı.

İran və Türkiyə qanuni-əsasilərinə münasibətdə Üzeyir bəy daha bədbin idi və hadisələrin sonrakı inkişafı onun nə dərəcədə haqlı olduğunu göstərdi. Elə buna görə Üzeyir bəy bir sıra yazılarında İran və Türkiyə konstitusiyalarını Rusiya ilə eyni müstəvidə qoyur, bir felyetonda tənqid edir və hər üç ölkədəki müstəbid quruluşları şərh edirdi. Buna, əlbəttə ki, xüsusi cəsarət lazım idi. "Vəzirlər proqramı", "İran xəzinəsində pul yoxdur", "İran iğtişaşına dair", "İrana dair aşıq nağılı", "İran işləri" "İranda inqilab" və s. felyetonlar Şərq despotizmini və ətalətini amansızcasına qamçılayırdı.

İran və Türkiyədəki inqilabi hadisələrə Üzeyir bəyin marağında "Molla Nəsrəddin" jurnalının təsiri həm yazıların üslubunda, həm də fikir istiqamətində aşkar şəkildə duyulurdu. Mollanəsrəddinçilər kimi, Üzeyir bəy də inanırdı ki, İran və Türkiyədə real demokratikləşmə baş versə, bu Azərbaycanın da siyasi gələcəyinə müsbət təsir göstərərdi. Digər tərəfdən, Bakı mətbuatında həmin ölkələr haqqında açıq yazmaq imkanı var idi. Halbuki bu ölkələrin özündə demokratik mətbuat xadimləri təqib olunur və qətlə yetirilirdi. Ona görə də Azərbaycanın ən ayıq fikir adamları İran şahları ilə Osmanlı sultanı arasında heç bir fərq görmürdü və onların hər ikisini sözlə qamçılayırdılar. Üzeyir bəy də belə azsaylı ayıq, saxta təəssübkeşlikdən uzaq təmiz bir qələm sahibi idi. Onun kimi açıq fikirli, əsl vətəndaş ürəkli bir yazıçı dövrünün ağır dərdlərini və ehtiyaclarını mümkün qədər bütünlüklə, geniş ölçüdə əks etdirməyə bilməzdi. Ü.Hacıbəylinin publisistikası tematik genişliyi, ədəbi mənbələrdən gətirdiyi misallarla adamı heyran edirdi. Üzeyir bəy bütün varlığı, hissiyyatı və düşüncəsi ilə xalqa, xalqın həyatına bağlı olmuşdur. Böyük sənətkarın yaradıcılığındakı xəlqiliyin kökləri ictimai həyatın dərinliklərinə işləmiş və həmişə xalqdan, xalqın mənəviyyatından qidalanmışdır. Ü.Hacıbəyli molla nəsrəddinçilərin yolunu tutaraq çox dərdlərimizdən yazmış, köhnə həyatın bir çox çürük, lazımsız cəhətlərini, mənəvi-əxlaqi səfalətlərini atəşə tutmuşdur. Çünki onlar lazımsız olsa da, yaşayırdı, xalqın "əl-ayağına dolaşır" və inkişafına, müasir mədəni xalqlar cərgəsinə çıxmasına mane olurdu. Üzeyir bəyin tənqidi sərrast tənqid idi, işıqlı, mütərəqqi qayələri müdafiə edir və hədəfə vururdu.

Üzeyir bəy insan həyatının, siyasi gedişatın ən kəskin məsələlərinə cəsarətlə, xalqın mənafeyi prizmasından müraciət edən bir publisist idi. Ən sərt siyasi məsələlərdən yazmaqdan çəkinmirdi. Hər dəfə fikrini ifadə etmək üçün müvafiq formalar tapır, sözünü kəsə və aydın deməyə, lakin həmişə bədii tərzdə söyləməyə çalışır və buna nail olurdu. Hər şeydən öncə bir sənətkar kimi çıxış edirdi, yəni obrazlı təfəkkür onun publisistikasının əsas xüsusiyyəti idi. Xalqın maarifi və tərəqqisi ideyaları isə bu publisistikanın leytmotivini təşkil edirdi.

O zaman qəzetlərdə çıxış edənlər çox, amma ana dilində aydın və anlaşıqlı yaza bilənlər az idi. Yeni mətbuatda ana dilində sadə yazan jurnalistlər arasında iki şəxsin üslubu xüsusilə seçilirdi: Cəlil Məmmədquluzadə və Üzeyir bəy Hacıbəyli. Bu iki görkəmli şəxsiyyət Qori Seminariyasının məzunları idilər. Onlar xalq içində, xalq dili mühitində yaşayıb, müəllimlik etmiş və ana dilinin bütün şirəsini, gözəlliyini mənimsəmişdilər. Lakin dili bilmək məharətdirsə, bu dildə gözəl və anlaşıqlı tərzdə yazmaq böyük istedaddır. Bu iki nəhəng jurnalist həm də ana dilində sadə və aydın yaza bilirdi.

Belə yaza bilməyin, sadə dildə qəzet və jurnal buraxmağın o zaman misilsiz əhəmiyyəti vardı. 1910-cu ildə təkcə yeni demokratik mətbuat yaranmırdı. Bu illər maarifin və savadlılığın sürətli inkişafı və yayılması illəri idi. Digər tərəfdən ölkədə əsasən ibtidai savad yayılırdı və deməli, yeni mətbuatın əsas oxucusu da az savadlılar idi. Onlar üçün qəzet-jurnal buraxmaq daha vacib sayılırdı, çünki həmin illərdə insanların dünyagörüşü, cəmiyyət və tərəqqi barədə bilikləri əsasən mətbuatdan alınırdı.

Belə bir zamanda gözlənilməz bir fikir tendensiyası meydana çıxdı: qəzet və mətbuat dilinin canlı danışıq dilinə, sadə ana dilinə əsaslanması tərəfdarları ilə, əsasən osmanlı ədəbi dilinin işlədilməsi tərəfdarları arasında kəskin polemika başlandı. Birincilər "Molla Nəsrəddin" jurnalı ətrafında birləşdilər. Üzeyir bəy bu jurnalda iştirak etməsə də, onların dil siyasətinin böyük tərəfdarı idi.

Mətbuatın sadə xalq dilinə əsaslanmasını iddia edənlər öz mövqelərini müəyyənləşdirərkən "kimin üçün yazmaq" problemindən çıxış edirdilər. "Molla Nəsrəddin" tərəfdarları xalqın əksər kütləsini təşkil edən sadə adamlar üçün yazdıqlarını açıq elan edirdilər. Onlar maarifçi idilər və əsas fəaliyyət yönünü sadə xalqın gözünü açmaq və mədəni səviyyəsini qaldırmaqda görürdülər. Bu düzgün və uzaqgörən bir mövqe idi və jurnalist qələmini heç zaman əlindən qoymayan Üzeyir bəy də həmin yoldan heç zaman dönməmişdir.

Qəzet və jurnalları qəliz ərəb -fars sözləri ilə buraxmaq tərəfdarları isə cəmiyyətin mədəni və yüksək savadlı təbəqəsi üçün mətbuat yaratmaq iddiasında idilər. Nəzəri baxımdan yanaşanda belə mövqeyə irad demək çətindir. Amma əməli cəhətdən ana dilində yüksək savadlı oxucular bir ovuc insanlardan ibarət idi. Onların bir hissəsi İranda fars dilində oxumuşdu və ana dilinin yazılı üslubunu bilmirdilər, ya da çox pis bilirdilər. Digər qrup İstanbulda osmanlı ədəbi dilində təhsil almışdı. Bu dil osmanlı saraylarında işlədilən kargüzarlıq dilindən törəmə idi və heç zaman canlı xalq dili ilə rabitədə olmamışdı. Ziyalıların əksəriyyəti həmin dilə üstünlük verirdilər. Çünki hesab olunurdu ki, bu dil zamanın ən incə mətləblərini belə ifadə etməyə qadirdir. O zaman "Müsavat" partiyası da bu dili müdafiə edir və hətta "umumtürk dili" adlandırırdı. Mübahisələr o zaman həll olunmadı, amma sonralar həyatın özü sadə xalq dili tərəfdarlarına haqq qazandırdı.

Üzeyir bəyin məqalələrində "türk dili" deyə adlandırdığı ana dili məsələsi ardıcıl yer tutur. O, bir dil islahatçısı olmaqla bütün hallarda ana dilinin hüquqlarını müdafiə edirdi. "Dil", "Gözəl bir təşəbbüs", "Üsuli-tərcümə" "İkinci il" və başqa yazılarında ana dilinin xalqın yaşarılığının ayrılmaz ünsürü kimi təqdim edir və onu qorumağa çağırır. Eyni zamanda ədib avam müsəlmanlar arasında Avropa dillərinə qarşı mənfi münasibəti millətin gələcəyinə ziyan verəcək bir hal kimi tənqid edir. Üzeyir bəy özünü "Müsəlman milləti", dilini isə "Müsəlman dili" adlandıranlara üzünü tutur: "Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir." Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur. Müsəlman... - adam deməkdir."

1908-ci ildə Üzeyir bəyin imzası artıq "Tərəqqi", "Həqiqət", "İrşad" kimi qəzetlərdə daha ardıcıl görünməyə başladı. Bir müddət o, "Tərəqqi" və "Həqiqət" qəzetinin redaktoru oldu. Bu zaman onun cəmi 23 yaşı vardı. Lakin çox gənc olmasına baxmayaraq, o, xalqın və onun zəhmətkeş adamlarının taleyi səviyyəsində düşünürdü. 1910-cu ildə yazdığı "Vəziyyətimiz haqqında" adlı silsilə məqalələr xalqın taleyinə, onun təhsilinin və dilinin, mədəniyyətinin və mətbuatının problemlərinə həsr olunmuşdu. Hələ cavan vaxtlarından Üzeyir bəy xalqın bütün problemlərinin kökünü müstəmləkə quruluşunda, xarici təsirlərdə, şəxsi mövqelərdə deyil, cəmiyyətin özündə, xalqın şüurunda axtarırdı. Bu düzgün və uzaqgörən bir mövqe idi. Günahkar axtarmaqdansa, qeybət etməkdənsə, konkret işlər görməyi, maarifi və savadı, xalqın mənlik şüurunu yenidən qurmağı tövsiyə edirdi. O əmin idi ki, cəmiyyət, xalq özü öz problemlərini həll etməyi öyrənməsə, xaricdən, kənardan heç kəs gəlib onların problemlərini həll etməyəcək. Bunun üçün xalqın, cəmiyyətin kollektiv iradəsi lazımdır.

O zamankı publisistikada mühüm yer tutan dini fanatizmin tənqidi, qadın azadlığı məsələləri də ədibin yazılarında mühüm yer tuturdu. Fanatizm, onun doğurduğu ətaləti Üzeyir bəy xalqın tərəqqisi yolunda mühüm maneə hesab edirdi. İnsanı fəal həyatdan uzaqlaşdıran ifrat dindarlığın əsas dayaqlarından birini Üzeyir bəy köhnə mollaxana təhsilində, bu təhsilin məhdudluğunda və əzbərçiliyində, həyatdan uzaqlığında görürdü. Müasir sinif-dərs sisteminə əsaslanan təhsilin müdafiəsi onun bir çox yazılarının mövzusu olmuşdur. Hələ seminariyanın üçüncü kursunda oxuyanda "Mən nə olmaq istəyirəm" mövzusunda yazdığı inşa yazısında ana dilində dərsliklər hazırlamaq işi ilə məşğul olacağını bildirmişdi.

Sağlam bir vətəndaş və publisist ağlı bütün ömrü boyu Üzeyir bəyin fəaliyyəti üçün xarakterik olmuşdur. Bu sağlam düşüncə ilə onun dediklərinin çoxu hələ də bizim cəmiyyət üçün aktualdır. Redaktoru olduğu "Həqiqət" qəzetinin birinci sayında (dekabr, 1909) "Bəyani məslək" adlı yazısında Üzeyir bəy qəzetin və qəzetçinin mövqeyindən danışır və mövqesiz qəzet buraxmağı əxlaqsızlığın bir şəkli adlandırırdı. Öz yolu, məsləki və qayəsi olmayan qəzet xalqa heç nə verə bilməz, çünki gərəksiz söz yığını olar. Müasirləri Üzeyir bəyin belə bir şəxsiyyət olduğunu bilirdilər. Elə ona görə də Azərbaycan Xalq Cümhuriyyəti qurulan kimi parlament onu rus dilində çıxan əsas rəsmi orqanı - "Azərbaycan" qəzetinə redaktorlardan biri təyin etdi. Üzeyir bəy bu vəzifədə şərəflə, ləyaqətlə və doğruçuluqla işlədi. O, redaktor kimi faktların dəqiqliyinə, siyasi meyillərin qəzetdən kənar saxlanmasına səy göstərdi, cilddən-cildə girmədi. Cümhuriyyət dağılandan sonra namuslu bir ziyalı kimi Bakıda yaşadı və xalqının mədəniyyətinə xidmət etdi.

Ü.Hacıbəyli bütün vəziyyətlərdə düzgün mövqe tuta bilir, məqalə və felyetonlarında, problem yazılarında cəmiyyətə və ən əsası gəncliyə doğru istiqamət verirdi. Birinci rus inqilabı dövründə Azərbaycan milli şüuru üçün ağrılı olan erməni-müsəlman qırğınları törədildi. Mərkəzi hakimiyyətin laxlaması bu zaman, hər yerdə olduğu kimi, cinayətkar və məsuliyyətsiz, avantürist adamların siyasət meydanına gəlməsinə səbəb oldu. Lakin həmişə öz fikir müstəqilliyini saxlayan və gələcəyə baxmağı bacaran Üzeyir bəy doğru mövqe tutdu. Həm öz doğma xalqını, həm də Qafqaz millətlərini birliyə çağırdı. Çünki qırğınlar yox, əməkdaşlıq və normal qonşuluq münasibətləri hər bir xalqın sosial və iqtisadi tərəqqisinə, öz müqəddəratı uğrunda mübarizəsinə kömək edə bilərdi.

Üzeyir bəy natura etibarı ilə ifratlara meyilli deyildi. Onun sadə və məntiqli yazı üslubunun arxasında əsas bir keyfiyyət - aydın ağıl və sağlam düşünmə istedadı dururdu. Sənətkarın daha bir keyfiyyəti vardı: o fəal və qurucu bir adam idi, canlı işi və insanlarla ünsiyyəti sevirdi, sxolastik söhbətlərdən xoşlanmırdı. Onun həyat yolunu təyin edən digər cəhət isə musiqiyə və musiqili məclislərə bağlılıq idi. Bu bağlılıq da Azərbaycan Opera və Musiqili Komediya Teatrının yaranması ilə nəticələndi... Bu asan yol deyildi, Üzeyir bəy bu yolda da publisist mübarizliyi ilə addımladı və onu şərəflə başa vurdu, mədəniyyətimizə misilsiz töhfələr verdi. Lakin ədib bir çox cahillərə özünün haqlı olduğunu da sübut etməli oldu.

Üzeyir bəy Hacıbəyli publisistikasının mühüm bir qolu həmfikirlərinin və özünün min bir əziyyət və məhrumiyyətlər bahasına yaratdığı teatrı və səhnə sənətini müdafiə etmək idi. Ədib bu işi birinci növbədə öz gündəlik işi ilə birgə görürdü. Teatrın əhəmiyyətini başa düşməyənlərin, ona yuxarıdan aşağı baxan tox feodalların iddialarına məhəl qoymur və öz tarixi işinin mənasını dərk edərək tərəddüd etmədən gecə-gündüz çalışırdı, yeni opera və musiqili dramlar yazıb səhnəyə qoyurdu.

Lakin cəhalət tüğyan edəndə, müdrik dona girəndə o, dayana bilməyib qələmə sarınır və öz öldürücü publisist məntiqini işə salırdı. XX əsrin əvvəllərinin mətbuatı jurnalistikanın keyfiyyəti baxımından indiki mətbuata oxşayırdı. O mənada ki, o zaman da qəzet çox, professional hazırlıqlı jurnalistlər az idi. Ona görə mətbuatda cahil və paxıl insanlar bəzən at oynadırdılar, teatr sənətini mütrüblük və təlxəklik kimi qələmə verir, səhnəyə çıxan ilk aktyor kadrlarını daim təhqir edir, məsxərəyə qoyur, hər yolla gözdən salmağa çalışırdılar.

XX əsrin əvvəllərində Azərbaycan teatrının musiqili qanadı güclü idi. Teatr xadimləri və Üzeyir bəy anlayırdı ki, musiqi qapalı müsəlman mühitində teatr yaratmağa, ona kütləvi maraq oyatmağa güclü bir vasitədir. O zaman hər sıravi tamaşaçı səhnə əsərinin tərbiyəvi tərəfini görə və qiymətləndirə bilmirdi. Ona görə də opera və dram əsərlərinin musiqi və vokal müşayiəti gərəkli məzmunu və zövq verən musiqini bir-birinə bağlayır, bu yolla teatrın kütləviliyini artırırdı. Bu kütləvilik olmadan isə milli səhnə yaşaya bilməzdi: çar hökuməti yaranmaqda olan teatrı maliyyələşdirmirdi. Yeni teatrın əsas dayağı tamaşaçı və onun kassaya ödədiyi pul idi. Üzeyir bəyin operaları və musiqili komediyaları bu baxımdan da uğurlu idi. Lakin cahillər həmin nisbi maddi uğurdan da qəzəblənir, böyük bəstəkara qarşı acı yazılar və eyhamlı, kinayəli uydurmalar ortaya atırdılar.

İstedadsız adamlar Üzeyir bəyin həm ədəbi, həm də musiqi folklorundan məharətli istifadəsini tənqid edir və onun yaradıcı zəhmətini, xidmətlərini gözdən salmağa çalışırdılar. Onlara cavab verən Üzeyir bəy Avropa xalqlarının opera musuqisini misal göstərir və sübut edirdi ki, bütün xalqlarda professional musiqi xalq musiqisi əsasında formalaşıb. Bunsuz heç bir bəstəkar sevilməz. Kosmopolit, zəminsiz musiqinin seviləcəyi böyük şübhə altındadır. Ona görə Üzeyir bəyin yeni professional musiqi məktəbini xalq musiqisi əsasında yaratması qüsur yox, misilsiz tarixi xidmət idi. "Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında", "Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında" (1917) adlı silsilə məqalələri bu problemlərə həsr olunmuşdu və həm də öz bədxahları ilə polemika xarakteri daşıyırdı.

Üzeyir bəy böyük siyasi burulğanların içindən keçmişdir. Lakin həmişə namuslu və xalqın xeyrinə olan mövqe tutmuşdur. 1960-cı illərdə onun seçilmiş əsərlərinin 10 cildliyi buraxılanda ədibin bir çox yazıları siyasi mülahizələrə görə onun kitabına salınmamışdır. Qocaman mətbuat tarixçisi Şirməmməd Hüseynov indi bu yazıları toplayıb çap etdirir. Artıq Üzeyir bəyin publisist irsinin yenidən toplanıb tam şəkildə çap edilməsinin vaxtı çatıb. Onun tam irsi bizə Üzeyir bəy şəxsiyyətinin bütövlüyünü və müdrikliyini, ən çox isə müasirliyini daha yaxşı görməyə kömək edər.

Üzeyir bəy dövrünün ən uzaqgörən, demokratik ruhlu ziyalılarından biri idi. O, qələmi ilə təbliğ etdiyi böyük fikirləri öz əməllərində də təcəssüm etdirirdi. Onun şəxsi həyatı bir xeyriyyəçinin və maarifçinin parlaq nümunəsidir. Ü.Hacıbəyli heçdən müasir bir musiqi mədəniyyəti yaratdı. Bütöv bir nəsil tərbiyə edib bizə yadigar qoydu. Onun yadigar qoyduğu dəyərlər içərisində xalqın tərəqqisi və müasir mədəniyyət yoluna çıxması barədə publisist tövsiyələri də var. Bu tövsiyələr dahi şəxsiyyətin bütün irsi kimi bizə həmişə gərək olacaqdır, cəmiyyətimizi təkmilləşdirməyə kömək edəcəkdir. O, müasir düşüncəmizi yaradan millət atalarından biridir, bu gün də yaşayır.

 

 

Nurlana ƏLİYEVA,

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 5.