Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" kitabının təqdimatı olmuşdur

 

Sentyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat -yenilməz güc" kitabının təqdimatı olmuşdur.

Tanınmış elm və mədəniyyət xadimlərinin, Milli Məclis deputatlarının, ayrı-ayrı dövlətlərin ölkəmizdəki diplomatik korpusu nümayəndələrinin, tələbələrin iştirak etdikləri təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Özbəkistanın əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun müstəsna xidmətlərini vurğulamışdır.

Rektor xalqlarımızın adət-ənənələri, mədəniyyətləri arasında çox uyğunluqlar olduğunu diqqətə çatdırmışdır.

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycan dilində nəşr edilmiş "Yüksək mənəviyyat - yenilməz güc" kitabının əhəmiyyətindən bəhs edən akademik A.Məhərrəmov milli mənəvi dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulamış, təqdim olunan nəşrin məhz bu məsələlərə həsr edildiyini bildirmişdir.

Kitabda insan üçün bütün zamanlarda ən böyük sərvət sayılan mənəviyyatın məna və məzmunu, onun həyatdakı yeri və əhəmiyyəti, bu mürəkkəb, çoxmənalı anlayışın nəzəri, əməli cəhətləri müfəssəl təhlil olunur. Eyni zamanda, müstəqillik dövründə qardaş Özbəkistanda milli mənəviyyatı dirçəltmək, onu zamanın tələbləri əsasında inkişaf etdirmək üçün həyata keçirilən tədbirlər, qarşıda duran mühüm vəzifələr haqqında ətraflı danışılır. Bugünkü mürəkkəb qloballaşma dövründə mənəviyyat sahəsində meydana gələn aktual problemlər, xalqın mənəviyyatını qorumaq, yüksəltmək, xüsusən gənc nəsli müxtəlif zərərli ideoloji təsirlərdən müdafiə etmək kimi ciddi məsələlərə əlahiddə diqqət yönəldilir.

Mərasimdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev öz ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinin əhəmiyyətindən danışmışdır.

Cəmiyyətin tərəqqisində mənəviyyat məsələlərinin önəmli rolunu vurğulayan səfir təqdim olunan kitab barədə fikir və mülahizələrini söyləmiş, onun mənəviyyat məsələlərinə çox dəyərli töhfə olduğunu bildirmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Prezidenti İslam Kərimovun mühüm xidmətlərindən bəhs etmişdir.

"Yüksək mənəviyyat - yenilməz güc" kitabı barədə fikirlərini açıqlayan A.Paşazadə bildirmişdir ki, nəşrdə cəmiyyətin həyatında mənəviyyatın əvəzsiz rolu dərin və hərtərəfli araşdırılır. Bu kitabın özəl cəhətlərindən biri onun mənəvi mühitdəki aktual məsələləri işıqlandırmasıdır. Nəşr təkcə Özbəkistan xalqının yox, bütün bəşər cəmiyyətinin gələcək rifahına xidmət edəcəkdir.

Milli Məclisin deputatı Eldar İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti idarə heyətinin üzvü Eldar Məmmədov və digər natiqlər də təqdim olunan kitabın əhəmiyyətindən danışmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 6.