Yeni teatr mövsümü
Bu, Sumqayıt Dövlət Musiqili Teatrından başladı
Teatr əsrlərdir ki, həyatın bədii ifadəsi olduğunu təsdiqləyir. Baxmayaraq ki, peşəkar səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Əslində isə teatrın bünövrəsi hələ meydan tamaşalarından qoyulub. Bu günümüzə qədər gəlib çıxmış bir sıra folklor nümunələri ("Maraloyunu", "Zopu-zopu", yaxud "Kilimarası", eləcə də Novruz bayramı şənliklərində göstərilən "Kosa-kosa", "Qodu-qodu" və digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri sayılıblar.
Təməli 1873-cü ildən qoyulmuş Azərbaycan milli peşəkar teatrının növbəti, 138-ci mövsümünün açılışı münasibətilə sentyabrın 15-də Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında Azərbaycan Dövlət Teatr Muzeyi və Milli Kitabxana tərəfindən təşkil olunmuş səyyar sərginin tamaşaçıları eyni zamanda paytaxtda fəaliyyət göstərən Azərbaycan Dövlət Akademik Milli Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Opera və Balet Teatrı, Dövlət Kukla Teatrı, Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Dövlət "Yuğ" Teatrı, İrəvan Azərbaycan Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivləri olublar.
Aldığımız
məlumata görə, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı özünün
83-cü mövsümünü sentyabrın
18-də H.Cavidin eyni
adlı pyesi əsasında
hazırlanmış "Şeyx Sənan"
və V.Marvinin "Yatmış gözəl"
tamaşaları ilə açır.
Milli Dram Teatrının
kollektivi isə tamaşaçıları ilə
gələn il
görüşməyi planlaşdırır.
Bu,
teatrda aparılan yenidənqurma işləri
ilə əlaqələndirilir. 2011-ci il may ayının 27-də - Beynəlxalq Teatr Günündə bir
sıra səhnə əsərləri ilə yanaşı,
M.Fərzəlibəyovun quruluşu əsasında
hazırlanmış "Hökmdar və
qızı" tamaşasının məşqlərinə
gələn aydan
başlanılacağı bildirilir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yenidən canlandırılacaq "Koroğlu" operası dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilib.
Musiqili Komediya Teatrı da özünün 101-ci mövsümünə ciddi hazırlaşıb. Adıçəkilən teatrdan verilən məlumata əsasən, burada da ölməz bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş əsər nümayiş etdiriləcək. "Arşın mal alan"la açılış edəcək teatrın kollektivi ilk dəfə 1910-cu ildə səhnələşdirilən "Ər və arvad" tamaşasına da 100 il sonra yenidən səhnə həyatı vermək qərarına gəlib.
Dövlət "Yuğ" Teatrında "Diogenin çəlləyi" ilə Saleh Səbatın "Uşaq və biz" əsəri əsasında hazırlanan tamaşaların artıq məşqlərinə başlanıb.
Naxçıvan MR-də fəaliyyət göstərən teatrlar da mövsümə bir sıra yeni tamaşalarla gəlib. Belə ki, açılış mərasimində müxtəlif tamaşalardan improvizə olunmuş kompozisiya təqdim ediləcək. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 128-ci mövsümünü M.F.Axundovun "Lənkəran xanının vəziri", Ə.Əsgərovun "Qız atası" və S.Rüstəmovun "Beş manatlıq gəlin" tamaşalarından müxtəlif səhnələr göstərməklə açacaq.
Naxçıvandakı digər teatr kollektivləri - M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 21-ci, Naxçıvan Dövlət Uşaq Teatrı isə özünün 4-cü mövsümünün açılışında yaddaqalan tamaşalar təqdim edəcəklər.
Gəncə Dövlət Dram Teatrının bu mövsümdə teatrsevər tamaşaçılarının üzünə pərdələrini Oqtay Altunbəyin "Şeyx Nizami" tamaşası ilə açacağı, Mir Cəlal Paşayevin "Ərik ağacı" və fransız dramaturqu Jül Rumenin "Knork və tibbin təntənəsi" əsərlərini təqdim edəcəyi bildirilir. Bu teatr özünün 115-ci mövsümündə həmçinin görkəmli yazıçı İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" və fransız dramaturqu Jan Anyenin "Antiqona" əsərlərini də repertuarına daxil edib.
Bir sözlə, Azərbaycan teatrları yeni mövsümü yaddaqalan səhnə əsərləri ilə açır. Bu, təbii ki, həm dövlətin mədəniyyət və incəsənətə qayğısının, tamaşaçıların zövqünü əsas götürən kollektivlərin isə sənətə məhəbbətinin təcəssümüdür. Gəlin, baxın, düşünün, teatr həm də həyatdır, yaşanan və göstərilən həyat.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 7.