Şimşək ömrü

 

Qarabağ uğrunda gedən savaşlarda cəsurluğu ilə seçilən və ölümün gözünə dik baxan, düşmənə qan udduran neçə-neçə qəhrəmanımızın bədii obrazını yaradan tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısadan-qısa, şərəfliliyinə görə uzundan-uzun və örnək ömrünə ayna tutan "Mübariz" povesti məzmununa görə diqqət çəkir. Əsər qəhrəman oğullardan birinin döyüş yoluna və şəhidlik şərəfinə həsr edilib. Doğrudur, yazıçının indiyə kimi qələmə aldığı "Mənim dünyamın adamları", "İtirilmiş səs", "Səs qərib olmur", "Xallı gürzə", "Muğam dünyasının Xanı", "Burdan bir atlı keçdi", "Mən olmayanda dostum ol", "Oxu, gözəl", "Nəğməli xatirələr", "Sənətkar ömrünün izləri" və "Səsin ruhu" bədii və sənədli əsərlərinin hər birinin qəhrəmanları vətənə, torpağa, yurda bağlılıqları ilə seçiliblər. Müəllifin adıçəkilən əsərlərinin ana xəttini vətənpərvərlik, düşmənə nifrət təşkil edir. Bədii obrazlarla təqdim olunan qəhrəmanlar isə torpaq uğrunda şəhidlik zirvəsini müqəddəs sayıb əlçatmazlıqlara yüksələnlərdir. Məhz ona görə də həmin əsərlər "kitab rəfləri üçün" yazılanlar sırasından deyil, stolüstü sayılır.

"Təhsil" nəşriyyatının bu günlərdə təmənnasız olaraq (müəllifin xüsusi qeyd etdiyi kimi) çapdan buraxdığı "Mübariz" povestini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında indiyə kimi qələmə alınanlardan fərqləndirən bir çox cəhətlər var. Əsərdə qəhrəmanlığı barədə eşitdiyimiz, düşmənin bağrını yaran 22 yaşlı Mübarizin bütöv obrazı yaradılır. Müəllif oxucusunun əlindən tutub Mübarizin doğulduğu müqəddəs ocağa - Biləsuvarın Əliabad kəndindəki ailəsinə aparır, atası Ağakərimin vətən üçün necə oğul böyütdüyünü anladır. Düşmənə nifrəti, alınacaq qisasın qiyamətə qalmaması üçün müəllifin gəldiyi qənaət, damarlarda coşan qan oxucunu riqqətə gətirir. Mübarizi qəhrəmanlığa aparan yol yazıçı-publisistin qələmində, ilk cığırından zirvəyə qədər, müşayiət olunur...

Povestdə diqqətçəkən məqamlar yetərincədir. Oxucu ilk növbədə onun doğulduğu, böyüyüb boya-başa çatdığı Əliabad kəndi, bu ailənin müqəddəs dinimizə bağlılığı, atası Ağakərim kişi ilə anası Şamama xanımın Mübarizsiz keçən günlərinin yaşantıları epizodik şəkildə olsa da, özünün bədii boyasını tapa bilmişdir. Bu, ilk növbədə müəllifin mövzunu yaşayaraq qələmə almasından irəli gəlir. Mustafa Çəmənli təkcə bir yazıçı deyil, həm də vətəndaş olaraq Milli Qəhrəmanın böyüdüyü həyət-bacaya qədəm basaraq, orada Vətən üçün döyünən ürək sahibləri - Mübarizin doğmaları ilə oxucusunu tanış etməyi özünə borc bilib.

Əsərdə Mübariz İbrahimovun şəhidlərimizin sıradan biri kimi deyil, düşmən üzərinə qəhrəmancasına yeriməsini təsdiqləyən faktlar bədii formada daha təsirli verilir. Bütün bunlar qəhrəman Azərbaycan oğlunun torpağa, Vətənə məhəbbəti, düşmənə nifrətidirsə, müəllifin də obrazını yaratdığı igidlə birlikdə döyüşdən-döyüşə atılmağı, onunla qisasa doğru addımbaaddım irəliləməsi deməkdir. Belə olmasaydı, o, Mübariz İbrahimovun uşaqlıqdan yeniyetməliyinə qədər, daha sonra isə düşməndən qisas almağa aparan yolun ağına düşüb cəsurluğunu, qorxmazlığını qələmə ala bilməzdi.

Düşmən tapdağında qalan yurdlarımızın azad olunması uğrunda aparılan mübarizə burada bədii boyalarla yanaşı, sənədli formada da öz əksini tapıb. Erməni daşnaklarının törətdiyi vandalizmə cavab olaraq, qisas yolu ilə torpaqlarımızın azad olunması əsərin müəllifinin və qəhrəmanının amalı və birgə mübarizəsidir. Elə ona görə də "Mübariz"də Mübarizin obrazı olduqca dolğun yaradılıb.

Mübariz İbrahimovun ömür yolu qısadır, amma, əsərdə təqdim olunduğu kimi, çox şərəflidir. Bu şərəfə layiq ömür yaşamağın hər doğulan övlada nəsib olmadığını müəllif bədii ifadə vasitələrindən yetərincə istifadə etməklə verir.

Qəhrəmanın doğulduğu "Yel ocağı"nın indi bu ailənin sonbeşik oğlunun adını daşıması isə müqəddəsliyin bir nişanəsidir. Əvvəllər "Yel ocağı"na ziyarətə gələnlər indi Mübarizin mübarizliyi, şəhidliyi, qəhrəmanlığı qarşısında baş əyməyə axışır və həm də təkcə hüznlü, kədərli baxışlarla deyil, qürurla, fəxrlə "Başın sağ olsun, Vətən!" deməyə gəlirlər.

Qəhrəmanlığa aparan yol Biləsuvardan Murova, Vətənimizin zirvələrinin birindən keçib. Murov çox qanlı döyüşlərin şahidi olub. Bu qanlı döyüşlərdə şəhid olanlar da Mübarizin vətənpərvər dostları, həmvətənləri, din və məslək qardaşları idilər. Mübariz təkcə onların deyil, yurd, doğma ev-eşik, müqəddəs məzarlar itirmiş bir milyona yaxın qaçqın-köçkün soydaşlarımızın tapdanan haqlarının qisasını almaq üçün silaha sarıldı. Gecənin səssizliyində düşmənin üzərinə yeriyən, qanlı üfüqlərdən boy verən qəhrəman Mübarizin bədii obrazı təkcə haqqında çəkilən sənədli filmlə deyil, həm də povest olaraq qan yaddaşımıza yazıldı. Yazıçı Mübarizin obrazını təkcə ona görə yaratmadı ki, o, minlər, milyonlar içərisindən sıyrılıb düşməndən bac, yağıdan qisas aldı. Onun şəhidliyə gedən yolun bəri başında ata-anasına yazdığı sonuncu məktub isə alınacaq qisasların siqnalıdır.

Qisasın qiyamətə qalmayacağını Azərbaycan Ordusunun mübariz ruhlu əsgərləri Vətənə əsl oğul kimi qulluqlarında göstərirlər...

Kitabdan alınan sonuncu təəssürat budur: Vətən Mübarizləri ilə basılmazdır!

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 18 sentyabr.- S. 8.