Azərbaycanla Avropa
ölkələri arasında enerji sahəsində
yeni iş birliyinin təməli qoyuldu
AGRİ təbii qazın nəqlinin
şaxələndirilməsi axımından prioritet
layihələrdən biridir
Qloballaşan çağdaş dünyamızda bütün ölkələrin milli təhlükəsizliyinin ayrılmaz və əsas tərkib hissələrindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Xüsusən son illərdə dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər, xüsusən Avropa İttifaqı enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər.
Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan alternativ nəql mənbələri axtarışında olan Avropanın və digər dövlətlərin diqqətini cəlb edib. Bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız elə buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib.
Təbii ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol birinci növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Məlum olduğu kimi, vaxtilə Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilmiş nəqletmə infrastrukturu yox idi. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu neft strategiyasının təntənəsi olaraq Azərbaycanın enerji daşıyıcılarının nəqli üçün geniş infrastruktur layihələrinin əsası qoyuldu. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra hasilatla yanaşı, nəqletmə infrastrukturuna da sərmayələr yatırılmağa başlandı.
Azərbaycanın təşəbbüsü ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərlərinin çəkilib və istismara verilməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı.
Hazırda böyük neft və qaz ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycanın nefti və qazı bütün istiqamətlərə nəql edən 7 boru kəməri var. Amma bu kəmərləri şaxələndirmək və sayını artırmaq üçün də yaxşı imkanlar mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, xüsusən Aİ-nın enerji təhlükəsizliyinə yeni töhfələr verməyə hazır olduğunu bəyan edib.
Məlum olduğu kimi, Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. Azərbaycanın uğurlu neft-qaz siyasətinin nəticəsi olaraq son bir neçə ildə respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. Hazırda təbii qazın Avropaya nəqli üçün Cənub dəhlizi çərçivəsində bir neçə layihə mövcuddur və Azərbaycan bunların hər birinə çox böyük əhəmiyyət verir. Bu layihələrdən biri "Nabukko"dur. Respublikamız bununla bağlı bəyannaməyə də imza atıb. Digərləri isə Türkiyə-Yunanıstan-İtaliya və Transadriatik layihələridir. Enerjidaşıyıcıların Qərb bazarlarına nəqli marşrutlarının şaxələndirilməsində ardıcıl səylər göstərən respublikamız bunların hamısını dəstəkləyir.
Təbii qazın Avropaya nəqlini nəzərdə tutan layihələrin sırasına artıq biri də qoşulub. Bu, Azərbaycan təbii qazının mayeləşdirilmiş formada Avropaya nəqlini nəzərdə tutan AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsidir. Layihə çərçivəsində Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə bu ölkənin ərazisindəki mövcud qaz infrastrukturu şəbəkəsi ilə Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır.
Göründüyü kimi, AGRİ hazırda marşrutların diversifikasiyası baxımından prioritet layihələrdən biridir. Sentyabrın 14-də Azərbaycanın, Gürcüstanın, Rumıniyanın və Macarıstanın dövlət və hökumət başçılarının AGRİ layihəsinə həsr olunmuş dördtərəfli görüşünün Bakıda keçirilməsi göstərdi ki, marşrutların diversifikasiyasının tərəfdarı olan Azərbaycan bu layihəyə kifayət qədər müsbət yanaşır. Görüşdə AGRİ layihəsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın imzaladıqları Bakı Bəyannaməsi bütün tərəflərin bu layihənin həyata keçirilməsində maraqlı olmalarından və siyasi iradə nümayiş etdirmələrindən xəbər verir. Bəyannamənin imzalanmasından sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: "Bu layihə üzərində biz uzun müddət çalışmışıq. Bu layihənin nisbətən yeni bir layihə olmasına baxmayaraq, onun çox yaxşı gələcəyi vardır. Biz bu gün bunu müzakirə etdik. Ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verib. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır. Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey vardır. İlk növbədə bizim çox güclü siyasi iradəmiz vardır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun yaxşı göstəricisidir".
AGRİ layihəsi ilə bağlı danışıqlar 2008-ci ildən başlayaraq Azərbaycan ilə digər tərəfdaşlar arasında müxtəlif səviyyələrdə aparılmağa başlanılıb. Danışıqlar nəticəsində Azərbaycan qazının Gürcüstan vasitəsilə Rumıniyaya nəqli barədə razılıq əldə olunub. Sentyabrın 14-də ARDNŞ-in baş ofisində hər üç ölkənin şirkətləri arasında iki sənəd imzalanıb. Sənədlərdən biri təbii qazın ixracı ilə bağlı anlaşma memorandumudur, digəri isə bununla əlaqədar birgə müəssisənin yaradılmasını nəzərdə tutur. Sənədlərə əsasən layihə ilə bağlı texniki-iqtisadi araşdırmalar aparılacaq. Bu ilin oktyabrında isə Buxarestdə layihənin icrası üçün ARDNŞ, Rumıniyanın "Romqaz" şirkəti və Gürcüstanın neft və qaz korporasiyasının nümayəndələrindən ibarət idarəçilik şirkəti təsis ediləcək. AGRİ layihəsi ilə əlaqədar yaradılacaq birgə müəssisə texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq və sərmayədarların axtarılması ilə məşğul olacaq. Birgə müəssisədə şirkətlərin hər biri 33,3 faiz paya malik olacaq.
Layihə çərçivəsində Gürcüstan və Rumıniyada terminallar tikiləcək, təbii qazın ötürülməsi üçün müəyyən ərazilərdə əlavə qaz xətləri inşa olunacaq, Gürcüstandakı zavodda qaz sıxılacaq və ixrac ediləcək sıxılmış qaz yenidən Rumıniyadakı zavodda emal edilərək təbii qaza çevriləcək.
Azərbaycanın təbii qaz ehtiyatları bu layihənin uğurla reallaşmasına tam imkan verir. Məlum olduğu kimi, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetrdir, reallıqda isə bu, 5 trilyon kubmetrdir. Bu il isə Azərbaycanda qaz hasilatının həcmi 28 milyard kubmetr olacaq. Daxili tələbatın təxminən 10-11 milyard kubmetr olduğunu nəzərə alsaq, ixrac üçün kifayət qədər imkanların olduğunu görərik. Bu barədə mətbuat konfransında ətraflı danışan Prezident İlham Əliyev bildirib ki, əlavə tələbat olarsa, həcmi artırmaq imkanımız var. Bu mənada hazırda Azərbaycanın qaz hasilatının və ixracatının səviyyəsi ölkəmizin digər layihələrdə iştirakına qətiyyən mane olmur.
Avropa bazarları çox böyük olduğundan onun enerjiyə olan tələbatının ödənməsi üçün yeni nəql sistemlərinin yaradılması labüddür. Bu baxımdan AGRİ layihəsi Azərbaycanla Avropa ölkələri arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq çərçivəsində mühüm hadisə sayıla bilər. Bu layihə Azərbaycan, Gürcüstan və Rumıniya üçün böyük müvəffəqiyyət olmaqla bölgədə enerji sahəsində yeni iş birliyinin əsasını qoyacaq. Digər tərəfdən, Avropanın enerji təhlükəsizliyi Azərbaycanın neft-qaz sektoruna daha çox sərmayə axını deməkdir. Bu mənada yeni nəql sistemləri əməkdaşlıqda yeni üfüqlər olmaqla, həm də siyasi əhəmiyyət daşıyır.
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 1.