Əhalinin sosial müdafiəsi daha da gücləndirilir

 

Azərbaycan xalqının mənafeyinə uyğun sosial-iqtisadi siyasətin yürüdülməsi, çevik idarəçilik mexanizminin formalaşdırılması, mövcud imkanlardan ölkə vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son 7 illik dövrünü səciyyələndirən xarakterik xüsusiyyətlərdəndir. Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.

İstənilən, hətta ən yüksək inkişaf səviyyəsinə malik iqtisadiyyatın da ortaya qoyduğu nəticələr cəmiyyətin sosial ehtiyaclarının təmininə yönəlməyibsə, onda o, özünəqaralı bir sistem olaraq qalır. Burada əsas məsələ iqtisadi sahədə əldə olunan gəlirlərin effektiv şəkildə sosial problemlərinin həllinə istiqamətləndirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasət bu məqsədə xidmət edir.

Hər il dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların (aztəminatlı ailələrin, rensiyaçıların, əlillərin) sosial müdafiəinə ayrılan məbləğ ildən-ilə artırılır. Ümumilikdə, 2009-cu ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 6 dəfə çox olmuşdur. 2008-ci ildə bu və digər sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faizya 642 milyon manat çox olmuşdur. Qlobal böhranla müşayiət olunan 2009-cu ilin dövlət büdcəsində bütövlükdə sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz, yaxud 4 milyard 24 milyon manat təşkil etmişdir. 2010-cu ilin ali maliyyə sənədində isə yalnız sosial müdafiə və sosial təminat xərcləri üçün 1 milyard 192,3 milyon manat vəsait nəzərdə tutulmuşdur.

2010-cu ilin dövlət büdcəsi eyni zamanda hökumətin son illərdə həyata keçirdiyi sosial-liberalizm xəttinin dönməzliyinə və sabitliyinə dəlalət edir. Hökumətin əsas siyasəti vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını təmin etməkdən ibarət olduğundan büdcə zərfində sosialyönümlü xərclər 34,4 faiz müəyyənləşdirilmişdir. Bu isə 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Cari ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 219 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq 2010-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında mühüm əhəmiyyəti olan minimum əməkhaqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin artırılması qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini təsdiq etmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır.

Azərbaycan dövlətinin imkanları var ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə də böyük imkanlara malik olmayan insanlar".

Azərbaycanda əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə minimum aylıq əməkhaqqının məbləği sentyabrın 1-dən 85 manat müəyyən edilmişdir. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği isə 85 manata çatdırılmışdır.

Bununla yanaşı, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 50 faiz artırılaraq 150 manat, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği isə 15 manat müəyyən edilmişdir.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə başçısının 8 sentyabr 2010-cu ildə imzaladığı fərmana əsasən yaşa görə 50 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 55 manat, ailə başçısını itirməyə görə 45 manat, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə 30 manat, uşağın anadan olmasına görə 75 manat müavinət müəyyənləşdirilmişdir.

Azərbaycanın son illərdə sürətli inkişaf və tərəqqi yolunda inamla irəliləməsi, makroiqtisadi uğurlara imza atması ilk növbədə vətəndaşların sosial rifah halının yüksəlməsi ilə müşayiət olunur. Ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanması, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsi, əhalinin maddi rifahının təmin olunması, sosial şəraitinin yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası bugünkü uğurlarımızı şərtləndirmişdir. Respublikamızın son 7 ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi islahatların milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqlənir. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu sosial islahatlar deməyə əsas verir ki, növbəti illərdə əhalinin maddi durumu daha da yaxışılaşacaqdır.

 

 

E.BƏYBALAOĞLU

 

Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 1, 3.