Sabitlik, tərəqqi və davamlı
yüksəlişin uğurlu təməli
16 il əvvəl
"Əsrin müqaviləsi"nin imzalanması ilə əsası
qoyulan yeni neft strategiyası Azərbaycanın davamlı
inkişafına ciddi təminat
yaratmışdır
İctimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atan, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən Azərbaycan son illərdə həm də özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın diqqət mərkəzindədir. Qabaqcıl Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın son iki ildə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.
Azərbaycan Prezidenti İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2010-cu ilin müvafiq dövrü Azərbaycan iqtisadiyyatında təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə diqqəti çəkmişdir.
İqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, daha dəqiqi, respublikanın milli inkişaf modeli ilə bağlı müzakirələrə hazırda dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər həssaslıqla yanaşılır. Aparılan təhlillər nəticəsində birmənalı etiraf edilir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.
Milli inkişaf modelinin banisi
Ulu öndər Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən heç də dünya ölkələrinin təcrübəsini Azərbaycana köçürməmiş, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır. Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi, münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasəti həyata keçirmiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının xarici şirkətlərlə birgə mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir.
AXC-Müsavat iqtidarı dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən ulu öndər böyük diplomatik məharətlə bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq olmuşdur. 1993-cü ilin iyun ayının 18-də ABŞ-ın nüfuzlu "Çikaqo tribun" qəzetinə verdiyi müsahibəsində Heydər Əliyev Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha açıq bəyan etmişdir. "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz iqtisadi maraqları var. Bu isə tamamilə təbii məsələdir. Ancaq eyni zamanda biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq" - deyən ümummilli liderin qətiyyətli addımları nəticəsində Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycanın mənafeyinə cavab verən müqavilənin imzalanması istiqamətində danışıqlara başlanılmışdır.
Milli maraqları önə çəkən diplomatik missiya
Qərb şirkətləri
ilə aparılan danışıqların müsbət nəticə
verəcəyinə təkcə xaricdə deyil, həm də
daxildə müəyyən şübhələr var idi. O
zaman ümummilli liderin yeritdiyi siyasətə xəyanət
yolu tutan yüksək vəzifəli bəzi bədxah məmurlar
"Əsrin müqaviləsi"nin gerçəkləşməsi
əleyhinə təbliğat aparmaqdan belə çəkinmirdilər.
Dövlət idarəetmə mexanizmlərinin hələ tam
oturuşmadığı, bəzi qonşu dövlətlərlə
münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin
hökm sürdüyü, atəşkəs rejiminin kövrək
xarakter daşıdığı, Xəzərin hüquqi
statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi
bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanması bir
çoxlarına qeyri-real görünürdü.
Qərb şirkətlərinin
Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində
iştirakı təkcə iqtisadi deyil, həm də
strateji-siyasi məsələ kimi nəzərdən
keçirilirdi. Qərb şirkətləri milyardlarla dollar sərmayəni
mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycana
yatırmağı riskli hesab edirdilər. Bu tərəddüdlərə,
aşkar-gizli maneələrə məhəl qoymayan
ümummilli lider Heydər Əliyev hələ 1994-cü il
fevralın 4-də "Azərbaycanın dəniz və qaz
yataqlarının işlənilməsinin sürətləndirilməsi
haqqında" sərəncam imzalamaqla qətiyyətli lider
olduğunu bir daha nümayiş etdirmiş, eyni zamanda
danışıqlar prosesi üçün hüquqi prinsiplər
müəyyənləşdirmişdir. Mühüm tarixi əhəmiyyət
kəsb edən həmin sərəncamda dənizdəki
karbohidrogen ehtiyatlarının ölkənin ümumi mənafeləri
çərçivəsində istismarını sürətləndirmək
üçün müvafiq tədbirlərin həyata
keçirilməsinin zəruriliyi, xarici neft şirkətləri
və beynəlxalq konsorsiumlarda əlverişli müqavilələrin
bağlanması üçün effektli tədbirlər
görülməsinin vacibliyi vurğulanır, ümumilikdə
sərəncam neft yataqlarının işlənilməsinin əsas
prinsiplərini göstərirdi.
Uzun sürən
danışıqların müvəffəqiyyətlə
yekunlaşmasında o zaman ARDNŞ-in vitse-prezidenti vəzifəsini
daşıyan cənab İlham Əliyevin də misilsiz xidmətlərini
qeyd etmək lazımdır. Bəzi transmilli neft şirkətləri
Azərbaycanın düşdüyü çətin durumdan
istifadə edərək neft kontraktlarını özlərinin
xeyrinə olan qaydada imzalamağa çalışır,
ölkə üçün qəbuledilməz şərtlər
irəli sürürdülər. Cənab İlham Əliyevin
üzərinə bütün bu çətinliklərin
öhdəsindən gəlmək, neft müqavilələrində
Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə
qorunmasına nail olmaq kimi tarixi missiya
düşmüşdü. "Əsrin müqaviləsi"nin
imzalanması ilə bağlı apardığı
danışıqlarda cənab İlham Əliyev
prinsipiallıq, qətiyyət və iradə nümayiş
etdirmişdir. "Bizim məqsədimiz təkcə neft hasil
etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən
ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn
bütün mənfəətləri - həm siyasi, həm
iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan
xalqının gələcək mənafeyinə, rifahına
yönəltməkdən ibarətdir" - deyən cənab
İlham Əliyev Azərbaycanın yeni neft
strategiyasının uğurla həyata keçirilməsi
üçün hər zaman böyük əzmkarlıqla və
səylə çalışmışdır.
Azərbaycana kənar təzyiqlərin
getdikcə artdığı belə bir mərhələdə
Qərb şirkətləri ilə başlanmış
danışıqları sona çatdırmaq ölkə
iqtidarından ciddi siyasi iradə və əzmkarlıq tələb
edirdi. Fəqət kristal və bütöv xarakterə malik
ümummilli lider Heydər Əliyev xalqın dəstəyi ilə
bu maneələri inamla dəf edərək 14 sentyabr
1994-cü ildə "Əsrin müqaviləsi"nin
imzalanmasının hüquqi əsaslarını müəyyənləşdirən
növbəti fərmanı imzaladı. Bu fərmanda
müqavilənin imzalanması üçün
hazırlanmış saziş layihəsi müsbət qiymətləndirilir,
Azərbaycanın belə bir layihəyə imza
atmasının əhəmiyyəti önə çəkilirdi.
Həmin saziş layihəsində isə yataqların işlənilməsi
üçün tələb olunan investisiyaların 80 faizinin
ARDNŞ və müqaviləni imzalayacaq konsorsium şirkətləri
tərəfindən qoyulacağı göstərilmişdi.
Layihə sazişin qüvvəyə minməsindən sonra ilk
neftin 18 ay ərzində çıxarılmasını nəzərdə
tuturdu. İmzalanacaq müqavilədə əsas yataqlarda neft
hasilatına 48 aydan gec olmamaq şərtilə
başlanması da ümdə prinsiplərdən biri kimi əksini
tapmışdı. Sənəddə həmçinin Azərbaycan
neftinin dünya bazarına səmərəli yolla
çıxarılmasını təmin edən neft kəmərinin
tikintisinə 54 ay ərzində start verilməsi nəzərdə
tutulmuşdu. Bundan başqa, neftlə birgə çıxan və
ehtiyatları 55 milyard kubmetr həcmində dəyərləndirilən
səmt qazının da Azərbaycana verilməsi müqavilədə
göstərilmişdi. Sazişin əhatə etdiyi 90 milyard
kubmetr həcmində ehtiyatlara malik qaz yataqlarının
istismar hüququ da məhz Azərbaycana verilmişdi.
Ümumiyyətlə, Azərbaycan
rəhbərliyi həmin illərdə həqiqətən də
heç bir səhvə yol vermədən aparıcı Qərb
şirkətləri ilə aparılan
danışıqların məntiqi sonluqla yekunlaşmasına
nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda
dünyanın 11 transmilli neft şirkətinin iştirakı
ilə çağdaş tariximizə "Əsrin müqaviləsi"
adı ilə düşmüş qlobal neft müqaviləsinin
təntənəli imzalanma mərasimi keçirildi.
Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrdən
biri kimi müasir dünyanın yeni geoiqtisadi xəritəsinin
müəyyənləşməsinə əsaslı təsir
göstərən bu kontrakt Azərbaycanın siyasi və
iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq
iqtisadi münasibətlər sisteminə sürətli
inteqrasiyasına təkan verdi. 16 ildə bir çox dövlətlərin
əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən
respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin
bazisinə çevrilən "Əsrin müqaviləsi"
eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini,
milli maraqlarını sonadək müdafiə etmək, təbii
sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi
kimi tarixiləşdi.
Neft kəmərlərinin uğurlu diversifikasiyası
"Əsrin müqaviləsi"
imzalanandan neft kəmərlərinin
çoxvariantlılığı məsələsi gündəmə
gəlmiş və bu, təkcə iqtisadi deyil, həm də
siyasi amillərlə şərtlənmişdir. İlk
gündən bununla əlaqədar müxtəlif təklif və
ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin
rəsmi Bakıya kənar təzyiq cəhdləri
özünü qabarıq büruzə verirdi. Məsələnin
aktuallığı həm də Bakı-Novorossiysk və
Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın
getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi,
xüsusən də birincinin geosiyasi baxımdan əlverişli
olmaması ilə şərtlənirdi. Həmin vaxt layihənin
əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan
marşrutu üzrə gerçəkləşməsini əfsanə
hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər.
Fəqət "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu,
bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi
baxımdan, həm də ən mühümü müstəqilliyimizi
möhkəmləndirmək üçün ən əsas
amildir" - deyən ulu öndər Heydər Əliyev
böyük diplomatik səylər hesabına sözügedən
layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq
miqyasda tam sübuta yetirdi və müvafiq sazişin
imzalanmasına nail oldu. Bununla da müstəqil
respublikamızın davamlı inkişafı və yüksəlişi
üçün daha bir möhkəm bünövrənin əsası
qoyuldu.
2003-cü il oktyabrın 15-də
ulu öndərin layiqli siyasi varisi cənab İlham Əliyevin
xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi
Heydər Əliyevin yeni neft strategiyasının məntiqi
sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab
İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək
BTC-nin praktik şəkildə gerçəkləşməsinə
nail olmuş, 2005-ci il mayın 25-də kəmərin Azərbaycan,
oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə
doldurulması ilə bağlı təntənəli mərasimlər
keçirilmişdir. 2006-cı il mayın 28-də Azərbaycan
neftinin Türkiyənin Ceyhan terminalına çatması isə
respublikamız üçün rəmzi səciyyə
daşıyan hadisəyə çevrilmişdir. Nəhayət,
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında
hər üç dövlətin prezidentlərinin
iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə
bağlı böyük tədbir təşkil olunmuşdur. Təntənəli
mərasimdə çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev demişdir: "Bu gün Azərbaycan
neftini dünya bazarlarına çıxaran 3 ixrac neft kəməri
var. Onların ən böyüyü Heydər Əliyevin
adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməridir.
Bu illər ərzində Azərbaycanın neft infrastrukturu
yeniləşdi, müasirləşdi. Azərbaycanda yeni,
peşəkar mütəxəssislər yetişdi, fəhlələr
yetişdi. Bizim birgə fəaliyyətimiz nəticəsində,
xarici şirkətlərlə birlikdə
gördüyümüz işlər nəticəsində bu
sahəyə də böyük diqqət verildi. Bu imkandan,
bugünkü fürsətdən istifadə edib, xüsusilə
xarici şirkətlərin fəaliyyətini vurğulamaq istəyirəm.
bp şirkətinin rəhbərliyi ilə Azərbaycanda
1994-cü ildən fəaliyyət göstərən beynəlxalq
konsorsiumun işini yüksək qiymətləndirirəm. bp
şirkəti eyni zamanda, Bakı-Tbilisi-Ceyhan layihəsində
aparıcı rol oynayır və bu şirkətin Azərbaycana
verdiyi töhfələri biz çox yüksək qiymətləndirir
və bunları təqdir edirik. Bu, bizə imkan verdi ki, Azərbaycan
iqtisadi cəhətdən inkişaf etsin, neft amilindən məharətlə
istifadə etsin".
AGRİ - yeni enerji layihəsi nə
vəd edir
Müasir qloballaşma
dövründə enerji təhlükəsizliyi hər bir
dövlətin müstəqil siyasət yeritməsinin vacib
atributuna çevrilmişdir. Dünya miqyasında əsas
enerji mənbələrinə nəzarət uğrunda rəqabətin
gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin
ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə
respublikamızın bu sahədə öncül mövqelərə
çıxması faktı danılmaz reallıq kimi diqqəti
çəkir. Bu günlərdə Bakıda "Azərbaycan-Gürcüstan-Rumıniya
İnterconnector" (AGRİ) layihəsinin
reallaşdırılması ilə bağlı Azərbaycan,
Gürcüstan, Rumıniya prezidentləri və
Macarıstanın Baş nazirinin iştirakı ilə
keçirilən sammit də ölkəmizin bu sahədə fəal
təşəbbüskar və təşkilatçı
olduğunu təsdiqləmişdir.
Bu qəbildən ilk sammit hələ
2007-ci ilin may ayında Polşanın Krakov şəhərində
keçirilmişdir. Tədbir enerji təhlükəsizliyi məsələsinin
Avropa üçün getdikcə daha qlobal səciyyə
daşıdığını, mühüm geosiyasi
reallıqlarla şərtləndiyini növbəti dəfə
təsdiqləmişdir. Polşa, Azərbaycan, Gürcüstan,
Litva və Ukrayna prezidentlərinin, eləcə də
Qazaxıstanın yüksək səviyyəli dövlət rəsmilərinin
iştirak etdiyi sammitin yekunları regionda Rusiyanın enerji
asılılığından çıxmaq istəyən
dövlətlərin yeni subregional inteqrasiya modeli
formalaşdırmaq niyyətini qabarıq şəkildə
üzə çıxarmışdır. Sammit çərçivəsində
müzakirə olunmuş Odessa-Brodı-Qdansk marşrutu Qara dənizə
çıxarılan neftin Baltik dənizi sahilinə
çatdırılmasını, oradan Avropa və dünya
bazarlarına daşınmasını nəzərdə
tuturdu.
2007-ci ilin oktyabrında
Litvada keçirilən "Vilnüs enerji təhlükəsizliyi
konfransı 2007: Məsul tərəfdaşlar
üçün məsul energetika" mövzusunda beynəlxalq
konfrans isə mahiyyətcə Krakov Enerji Sammitində
qarşıya qoyulmuş strateji məqsədlərin daha
geniş müzakirəsi ilə yadda qalmışdır.
Vilnüs konfransının yekunu kimi Azərbaycan,
Gürcüstan, Litva, Polşa, Ukrayna və Qazaxıstanın
dövlət başçıları 10 oktyabr 2007-ci ildə
birgə kommunike imzalamış, Xəzər neftinin
karbohidrogen ehtiyatlarının Avropa bazarlarına
daşınması üçün milli şirkətlərin
iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın
yaradılması barədə razılığa gəlmişlər.
Yeni konsorsiumun əsas məqsədi Azərbaycan,
Gürcüstan, Ukrayna və Polşa ərazilərindən
keçməklə Xəzər dənizindən Avropa
bazarlarına və beynəlxalq bazarlara gedən daşınma
sistemlərinin reallaşdırılmasının
mümkünlüyünü təhlil etmək olmuşdur.
Belə bir konsorsiumun
yaradılması həm də Avropa İttifaqının maraq
dairəsindədir. Azərbaycan və Qazaxıstanın Xəzərin
enerji ehtiyatlarını Gürcüstan, Ukrayna, Moldova və
Polşa ərazilərindən keçməklə şaxələndirmək
niyyəti bütövlükdə Avropanın enerji təhlükəsizliyinə
etibarlı təminat yaradır. Krakov və Vilnüs sammitlərinin
davamı olaraq 2008-ci ilin mayında keçirilmiş Kiyev
Enerji Sammiti isə Ukrayna, Azərbaycan, Gürcüstan,
Polşa, Litva, Latviya və Estoniya dövlət
başçıları arasında bir sıra müzakirələrin
aparılması və mühüm razılaşmaların əldə
olunması ilə əlamətdardır. Həmin tədbirdə
Xəzər, Qara dəniz və Baltik dənizi hövzələri
arasında enerji dəhlizinin yaradılması barədə
razılaşma da deyilənləri bir daha təsdiqləyir.
2008-ci ilin oktyabrında
Bakıda təşkil olunmuş IV Enerji Sammiti isə bir daha təsdiqləmişdir
ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi
düşünülmüş strategiya əsasında
genişmiqyaslı tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Bunun üçün ilk növbədə
qabaqcıl texnologiya əsasında geniş və alternativ
enerji daşıyıcıları şəbəkəsi
yaradılmalı, zəruri infrastruktur
formalaşdırılmalıdır. Respublikamız neft kəmərlərinin
şaxələndirilməsi siyasətini həyata keçirir
ki, bu da ölkənin enerji təhlükəsizliyinin daha səmərəli
təşkilinə xidmət edir. Hazırda Azərbaycan nefti
üç neft kəməri - Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa və Bakı-Novorossiysk xətti vasitəsilə
Avropa bazarlarına çıxarılır. Növbəti
layihə kimi Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun
reallaşdırılması nəzərdə tutulur.
Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin iştirakı ilə bu günlərdə Bakıda keçirilən növbəti enerji sammiti də konkret razılaşmaların əldə olunması ilə əlamətdardır. Razılaşmaya əsasən, Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi çərçivəsində birgə müəssisənin yaradılması nəzərdə tutulur. Azərbaycan qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi layihənin önə çəkdiyi əsas məqsədlərdir. Layihə eyni zamanda Azərbaycan qazının Avropa İttifaqına üzv ölkələrə nəqli məqsədilə Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur.
Anlaşma memorandumunu və nizamnamənin layihəsini Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Neft Qaz Korporasiyası və Rumıniyanın "ROMGAS" şirkətinin rəhbərləri imzalamışlar. Yaradılacaq şirkət layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq, potensial investorları cəlb edəcək və digər məsələləri həll edəcək. Yeni şirkət Rumıniya qanunvericiliyi əsasında yaradılacaq və Buxarestdə qeydiyyatdan keçəcək. Azərbaycan, Gürcüstan və Rumıniya bu şirkətdə eyni paya malik olacaq. Lakin gələcəkdə yeni müəssisədə digər şirkətlər də pay ala bilərlər.
Dövlət başçısı İlham Əliyev yeni layihənin reallaşdırılması ilə bağlı demişdir: "Hazırda biz şaxələndirmənin hamımıza fayda gətirəcəyini nəzərə alaraq yeni marşrutların müəyyənləşdirilməsi istiqamətində çalışırıq. Bu işləri görmək üçün planlarımız və güclü siyasi iradəmiz vardır. Mən əminəm ki, bu gün müzakirə edəcəyimiz məsələlər regionun gələcək enerji xəritəsi üçün çox mühüm rol oynayacaqdır. Əslində, biz enerji xəritəsini dəyişdiririk. Biz hasilat, nəqletmə, ixracat marşrutları və yeni marşrutların yaranması imkanları haqqında ənənəvi anlayışları dəyişdiririk. Biz bu vəziyyəti dəyişdiririk, vəziyyət öz-özünə yaranmır. Bu, liderlərin siyasi iradəsidir və eyni zamanda, praktiki layihələr, səylərin əlaqələndirilməsi üzrə ciddi bir işdir. Mən əminəm ki, ölkələrimiz və ölkələrimizin rəhbərləri arasındakı anlaşma səviyyəsi, səylərimizin potensial əlaqələndirmə səviyyəsi tamamilə yeni bir şərait yaradacaqdır".
Qeyri-neft sektoruna
qayğı siyasəti
Neft sahəsində əldə olunan və proqnozlaşdırılan böyük uğurlara baxmayaraq, Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna, informasiya texnologiyalarının inkişafına əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkədə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Azərbaycanda yeni, müasir dünya standartlarına cavab verən sənaye müəssisələrinin yaradılması, xüsusi iqtisadi zonaların formalaşdırılması bu gün hökumət qarşısında duran əsas prioritetlərdən biridir. Regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarmış, cənab İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə konkret addımlar atılmışdır.
2010-cu ilin müvafiq dövrünün ən ciddi nailiyyətlərindən biri qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasıdır. Bu fakt göstərir ki, "Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir" deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsinin, investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2010-cu ilin yanvar-avqust aylarında ölkədə dinamik inkişaf müşahidə edilmişdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,8, sənaye istehsalı 3,8 faiz, əhalinin nominal gəlirləri 11 faiz artmışdır. Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 1776,8 manat və ya əvvəlki ilin eyni dövründəkindən 9,8 faiz çox gəlir düşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində ölkənin valyuta ehtiyatlarının yüksək templə artımını haqlı olaraq ciddi uğur kimi dəyərləndirmişdir: "Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır".
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq ölkəmiz nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Nəticədə Azərbaycanın dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsini təmin edəcək.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 19 sentyabr.- S. 2.